04.08.2025 11:04
Bizi Rusiya ilə ağır mübarizə gözləyir - Mir Şahin
Rusiya Azərbaycanla bütün körpüləri yandırmaqda davam edir. «Московский комсомолец» nəşrində Azərbaycanın nasistlərlə müqayisə edilməsi bu qəbildən növbəti addımdır. Nikita Mixalkovun “Rossiya 24” kanalında efirə gedən müəllif verilişində türk soyuna malik olan xalqların, o cümlədən Azərbaycan və Özbəkistan respublikalarının müstəqilliyini təhdid edən çağırışların ardınca “Московский комсомолец» in Bakını ittiham edən çıxışı Kremlin imperiya hikkəsinin, velikorus şovinizminin nümayişidir.
Moskva hər vəchlə çalışır ki, Bakı ilə münasibətlərdə yaranmış gərginliyin əsl səbəbləri arxa plana keçsin. Əsl səbəb isə Qroznı-Bakı reysi ilə uçan Azərbaycana məxsus təyyarəni Rusiya silahlı qüvvələrinin vurması, faciədən sonra Moskvanın özünü yumşaq desək, məsuliyyətsiz aparması, onlarla insanın ölümünə səbəb olmuş hərbi cinayəti etiraf etməməsi, kompensasiya ödəməməsi, hadisənin səbəbləri barədə detallı məlumatlar verməməsi, bir sözlə özünü həyasızcasına saymazyana aparmasıdır. Bütün bunlar barədə məqsədli şəkildə susulur, amma Rusiyanın azərbaycanlı icması, onun illərdir ki, bu ölkənin büdcəsinə milyonlar, milyardlar verən iş adamları təhdidə, təzyiqə, həbsə məruz qoyulur. Rusiyada OMON-un işgəncələri altında qətlə yetirilən azərbaycanlılar var. Azərbaycan soruşur!
Azərbaycan aydınlaşdırmaq istəyir!
Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri XİN-ə çağrılır, izahat tələb edilir! Rusiya isə özünü eşitməzliyə vurur, təzyiqi, pressinqi artırır, öz ambisiyalarını ən idbar şəkildə nümayiş etdirir. N. Mixalkov məktəblərimizdə tədris etdiyimiz tarixin məzmununu ittiham edir. Məsələn: kitabda 1990-cı ilin Qanlı Yanvarı haqqında yazılan hekayələri təftiş etməklə, Bakının küçələrinin qan gölünə qərq olması fikrini belə təkzib etməyə çalışır. Sanki belə bir qətliam olmayıb! Az qalır desin ki, Bakı Aleksandr Nevskini niyə dərsliklərdən çıxarıb? Ya da Poltava döyüşündən, I Pyotrdan niyə daha danışmırıq? Təyyarəni vurmasına, bu zaman onlarla insanın öldürülməsinə, cinayətə görə cavab vermək əvəzinə hələ bir OMON-un Yekaterinburqda özünü gestapodakılardan da betər aparması, soydaşlarımızı döyərək qətlə yetirməsi tək faktlara susaraq, öz bəd əməllərini bir kənara qoyub Azərbaycanı nasizmdə günahlandırması ondan xəbər verir ki, irəlidə bizi-Azərbaycan mediasını (sosial media da daxil olmaqla!) məkrli, həyasız, amma həm də çox güclü rəqiblə ciddi mübarizə gözləyir. N. Mixalkova da, adında sovetizm qalığını qoruyan “Московский комсомолец» ə də bir sıra adi həqiqətləri başa salmalıyıq.
Məsələn, hər verilişini 50 qram araq və bir cüt duzlu xiyarla başa vuran Nikita Mixalkovu qandırmalıyıq ki, Azərbaycan artıq 35 ilə yaxındır ki, müstəqil dövlətdir və onun vətəndaşı 1990-cı ilin 20 Yanvarını məhz qanlı, qəddar sovet cinayəti kimi qəbul edir. Etməlidir! Rusiya SSRİ himninə sahib çıxmaqla o qanlı qırğına da sahib çıxdığını artıq çoxdan etiraf edib. Altından çıxa bilməz! Kreml ideoloqlarının Bakının kursunda dönüklük axtarması isə sadəcə axmaqlıqdır. Çünki Prezident İ. Əliyev həmişə olduğu kimi yenə də öz mövqeyindədir. Nə soruşduğunu, kimdən soruşduğunu, nə üçün soruşduğunu, nə vaxt soruşduğunu yaxşı bilir. Çaşan məhz Kremldir. Yeni reallıqları “unudan” Kremldir. Axı Qarabağda hansısa abidələrin demontaj edilməsi yeni söhbət deyil. Xankəndidə Ayvazovskinin abidəsindən əvvəl S. Şaumyanın abidəsi sökülüb. Obrazlı desək, bunlar Qarabağın minalardan təmizlənmə prosesinin davamıdır. Ayvazovskinin abidəsi də, “Russkiy dom” kimi qanunsuzluq nişanəsi olub və öz qanuni aqibətinə yetişib. Nasizmin bura nə dəxli? Bəli, tarix kitablarımızda “Böyük Vətən müharibəsi” istilahı artıq “İkinci Dünya müharibəsi” ifadəsi ilə əvəz edilib. Və, Azərbaycan bununla həmin müharibədə iştirakının yerini daha obyektiv göstərmiş olur. Bir vaxtlar, o məkana vətən deyirdilər. Amma indi öz müstəqil vətənimiz var. O zaman canını fəda edənlərin fədakarlığı bu gün, Müstəqil Azərbaycanın üfüqlərində tam başqa cür görünür. Rusiya bu faktla niyə barışmağa can çəkir? İndi Xankəndidə separatizmin bütün qalıqları ləğv edilir. Azərbaycanda S. M. Kirovun, 26 Komissarın, K. Marksın heykəlləri kimi Ayvazovskinin də abidəsi demontaj edilib. Bülbülün, Natəvanın, Üzeyir bəyin heykəlləri güllələnəndə faşistləri xatırlamayan «Moskva Komsomolu»nun bu gün Azərbaycanı “nasizmdə” ittiham etməsi ən azı gülüncdür, riyakarlıqdır. Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını iddia edən Moskva Ayvazovskiyə Xankəndidə heykəl qoymaq istəyini məntiqə görə Bakı ilə müzakirə etməli idi. Bakının başı üstündən Xankəndidə, terrorçu, qiyamçı birləşmələrlə separat şəkildə Ayvazovski söhbəti aparmaq səmimiyyətdən, dürüstlükdən uzaq, Mixalkovun təbirincə desək, Qafqaza yaraşmayan namərd addım idi. Rusiya tez-tez bəyan edir ki, Yekaterinburqda baş verənlər(həbslər, qətllər) Rusiyanın daxili işidir. Bəs Xankəndidə, bizim daxili işlərimizin içində Ayvazovskinin heykəli nə qələt edir? Biz ki, Moskvada Mumuya heykəl ucaltmırıq. Тем более, Kremlin başı üstündən. Baxmayaraq ki, Bakıda A. S. Puşkinə abidə qoymuşuq. Çünki itin də, insanın da yerin bilirik! Elə Nikita Mixalkovun da, “Московский комсомолец» in də!
p. s. Bakı-Qroznı marşrutu ilə uçan təyyarədən qaçmaq mümkün olmayacaq. Rusiya-Azərbaycan münasibətləri o hadisədə qəzaya uğrayıb! Moskva əvvəlcə o təyyarəni xilas etməlidir! Açar ordadır!
Mir Şahin,
Real Tv
Xəbər 242 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|