Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü dünyada elmi inkişafa töhfə verən qadınların uğurlarını qeyd etmək üçün bir fürsətdir.
XəzərNews.az xəbər verir ki, azərbaycanlı qadın alimlər isə bu arenada güclü iz qoyaraq elmin müxtəlif sahələrində yeniliklərə imza atırlar!
Dr. Səbrin Əli Azim, ağız və üz-çənə cərrahiyyəsi üzrə fəlsəfə doktoru və dosent, bu çətin sahədə yüksək səviyyəyə çatmış bir alim kimi qadınların hər sahədə uğur qazana biləcəyini sübut edir.
“Azərbaycan qadını olaraq beynəlxalq səviyyədə ölkəmi təmsil etmək və elmi uğurlarımla Azərbaycanı qürurla tanıtmaq mənim üçün böyük bir şərəfdir,” – deyə o bildirir.
Dr. Günel Səfərova, iqtisadiyyat üzrə fəlsəfə doktoru və ALIM Elmi Assosiasiyasının təsisçisi, Fransada Azərbaycan elmini təbliğ edərək iqtisadi tədqiqatlarda yeni yanaşmalar ortaya qoyur.
Onun fəaliyyətləri qadınların qlobal iqtisadi siyasətdə güclü rol oynadığını bir daha sübut edir.
Dr. Məleykə Abbasova, Bakı Biznes Universitetinin Elmi İşlər üzrə Prorektoru və Hüquq üzrə fəlsəfə doktoru, qadınların akademiyada liderliyinin önəmini vurğulayaraq elmdə qadın iştirakını daha da gücləndirən layihələrə rəhbərlik edir.
Tibbin başqa bir vacib sahəsində Dr. Ahdab Əli Azim, ginekologiya üzrə fəlsəfə doktoru və Yeni Klinika-nın ginekoloqu, gənc qızların və müəllimlərin ginekoloji sağlamlıq mövzusunda maarifləndirilməsinin vacibliyini ön plana çıxarır. Onun işi, qadın sağlamlığına dair cəmiyyətin maarifləndirilməsinin gələcək nəsillər üçün əhəmiyyətini bir daha göstərir.
Uğurun Sirri Ailə Dəstəyindədir!
Elm qadınlar üçün açıqdır, lakin onların uğuru ailədən başlayan dəstəkdən asılıdır! Biz elm adamları olaraq inanırıq ki, qadınların elmə qatqısı üçün ilk və ən güclü stimul ailədən gəlməlidir. Ailə dəstəyi ilə qızlar öz potensiallarını tam şəkildə reallaşdıra və dünya elminə töhfə verə bilərlər.
Azərbaycanlı qadın alimlər, təkcə elm sahəsində deyil, həm də cəmiyyətdə qadın liderliyinin, gücünün və təsirinin artmasına töhfə verirlər. Onların uğurları sübut edir ki, bilik, əzmkarlıq və qətiyyət bütün maneələri aşa bilər!
Xəbər 599 dəfə oxunub.