05.03.2025 16:45
Sonsuzluq yaradan enerji içkiləri ilə bağlı daha bir XƏBƏRDARLIQ
Məlum olduğu kimi, son illər enerji içkiləri gənclər arasında ən çox tələb və marağa səbəb olan içkilər siyahısındadır. Bu içkilərin sağlamlığa təsirini az-çox hər birimiz bilirik, mütəmadi müzakirə edilir, fəsadları barədə xəbərdarlıqlar olunur. Lakin buna baxmayaraq insan orqanizmi üçün zərərli olan həmin içkilərdən istifadə edənlərin sayında ilbəil artım müşahidə edilir. Bəziləri bunu içkilərin satışına hər hansı bir məhdudiyyətin qoyulmaması ilə əlaqələndirir. Bu məqam enerji içkilərini daha əlçatan edir. Eyni zamanda sözügedən içkilərlə bağlı istər sosial şəbəkələrdə, istərsə də televiziyalarda tez-tez reklam kampaniyaları həyata keçirilir. Bu da yeniyetmələr arasında aludəçiliyi gücləndirən amillərdəndir.
“Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na görə, Azərbaycanda energetik içkilərin yaşı 18-dən yuxarı şəxslərə satılması nəzərdə tutulub,amma yenə də azyaşlı şəxslərə enerji içkilərinin satıldığının şahidi oluruq. Mövcud vəziyyət həm cəmiyyət, həm də dövlət qurumları tərəfindən ciddi narahatlıq doğurur.
Millət vəkili Hikmət Babaoğlu enerji içkilərinə nəzarət olunması və məhdudiyyətlərin tətbiq edilməsi yönündə çıxış edib. O, bunu enerji içkilərinin insan saglamlığı üçün törətdiyi ziyanla əlaqələndirib: “Enerji içkilərindən istifadə edən uşaqlarda 20 yaşdan sonra şəkər xəstəliyi və tükənmişlik sindromu başlayır. Nəticə etibarilə demoqrafik artıma təsir edir, çünki onların uşaqları olmur”, -deyə deputat bildirib. O, həmçinin Ombudsman aparatı və Milli Məclisin İnsan hüquqları komitəsini buna qarşı mübarizə aparmağa çağırıb.
Mövzu ilə bağlı sağlam qidalanma mütəxəssisi İlkin Şirinov Bizim.Media-ya enerji içkilərinin zərərlərindən danışıb.
“Enerji içkilərinin törətdiyi fəsadlar dəfələrlə müzakirə edilib. Bunun üçün xüsusi həkimin, qida mütəxəssisin rəyinə gərək yoxdur. İnsanlar öncəliklə öz sağlamlıqlarının və himayələrində olan azyaşlıların qeydinə qalmalıdır. Xüsusilə hamilə qadınların, şəkərli diabet xəstələrinin, sağlamlıq problemləri olan insanların bu içkilərdən istifadəsi məqbul sayılmır. Dəfələrlə bu barədə tövsiyələr edilir. Enerji içkilərindən mütəmadi istifadə insan sağlamlığında müxtəlif xəstəliklərə yol açır. Məlum olduğu kimi, bu içkilərin tərkibində rəngləndiricilər, koffein, şəkər, dadlandırıcı kimi kimyəvi maddələr var. Bunlardan aşırı dərəcə istifadə yuxusuzluğa gətirib çıxarır. Bəzən azyaşlı uşaqların da bu tipli içkilərdən istifadə etdiyini görürük”, – o, deyib.
Ekspertin sözlərinə görə bu sahədə xüsusi nəzarət mexanizminə ehtiyac yoxdur:
“Valideynlər özləri nəzarət etməlidirlər. 18 yaşına çatmamış uşaqlara qadağa qoysunlar. Valideynlər uşaqlarının bu içkiləri içdiyini görüb heç bir reaksiya vermir. Belə məsələlərdə məsuliyyət öncəliklə insanlara düşür. Dəfələrə xəbərdarlıq edilir ki, bu tipli içkilərdən çox istifadə etdikdə asılılıq yaradır, əsəb sisteminin pozğunluğuna gətirib çıxarır, allergik xəstəliklərə yol açır, amma situasiya dəyişmir”, – deyə İ.Şirinov fikrini yekunlaşdırıb.
Xəbər 384 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|