28.04.2025 12:00
Qərb Turan Ordusuna dəstək verir: Rusiya, Çin və İran isə...
Sovet İttifaqının dağılmasından sonrakı onilliklərdə Türkiyənin xarici siyasətində yeni bir tendensiya yarandı. Bu dövrdə Cənubi Qafqazda və Orta Asiyada (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan) yeni müstəqil türk respublikaları ortaya çıxdı. 2000-ci illərdə Türkiyənin bu bölgələrə yönəlik çoxşaxəli xarici siyasəti getdikcə gücləndi. Bunun elementlərindən biri də bu ölkələrlə strateji müdafiə əlaqələrinin inkişafı idi. Gələcəkdə bu əlaqələrin kulminasiya nöqtəsi kimi Turan Ordusu yarana bilər.
2020-ci ilin oktyabrında Türkiyənin müdafiə naziri Hulusi Akarın bir sıra Türkistan dövlətinə rəsmi səfəri yeni hərbi ittifaq ehtimalını ciddi şəkildə gücləndirdi.
Türkiyənin öndərlik etdiyi Turan Ordusunun qurulması nə qədər realdır? Əslində Turan Ordusu çoxdan qurulub. Hər bir türkün şüurunda, ruhunda bu ordu var. Sadəcə olaraq biz ruhi aləmdə olanı real dünyaya daşımalıyıq. Deyim ki, artıq real həyatda da Turan Ordusunun fraqmentləri var. Məsələn, Rusiya–Ukrayna müharibəsində döyüşən Ukrayna Silahlı Qüvvələrində türk xalqlarından formalaşmış könüllü Turan batalyonu var. 20 noyabr 2022-ci ildə yaranmış Turan batalyonun məqsədi Rusiyanın "türk xalqlarına qarşı soyqırımı" siyasətinə qarşı mübarizə aparmaqdır. Turan batalyonunun tərkibində Türkistanla yanaşı Rusiyadan və Şimali Qafqazdan olan etnik qazaxlar, qırğızlar, azərbaycanlılar, uyğurlar, tatarlar, Krım tatarları və digər türk xalqlarının təmsilçiləri var. Batalyona Rusiya–Ukrayna müharibəsinin döyüşçüsü, "Qazaxıstan Rembo"su adlandırılan Jasulan Duysembin də qoşulub.
Dəfələrlə yazmışam ki, Turan Ordusu Qərb üçün xüsusi önəm daşıyan bir məsələdir. Qərbin ağıllı başları gec-tez bu ordunun Türkiyə üzərindən yaranmasına təkan verəcək. Niyə? Çünki Turan Ordusu Rusiya-Qərb, Çin-Qərb qarşıdurmasında sonuncunun xilaskarı ola bilər. Həm də tarixən Çin Səddi Türk Səddi rolunda çıxış edib. Və bu sədd Avropanı Çindən və qismən Rusiyadan qoruyub. Məsələn, Donald Tramp NATO ittifaqı ilə bağlı təhlükəli gedişlə edir. Rusiya işğalı ilə üzləşmə ehtimalı Avropa İttifaqı (Aİ) üçün Türkiyənin dəyərini birə beş artırıb. Rusiya təhlükəsi Aİ üçün son dərəcə realdır.
Amerika bu reallığa əvvəlki diqqəti göstərməyə bilər. Anaq Cin-Qərb qarşıdurmasında Amerika əsas rolda çıxış edir. Ən azı buna görə ABŞ Turan Ordusuna dəstək verməlidir.
Məmnunluqla demək istərdim ki, hazırda bu kimi fikirlər Qərbin beyin mərkəzləri tərəfindən də tez-tez gündəmə gəlir. Qərb analitikləri yazır ki, Rusiyanın dominantlıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan yer alır. Ermənistan bu KTMT-dən çıxmış kimi bir şeydir. Qazaxıstan və Qırğızıstan türk dövlətidir. Bu dövlətlər KTMT-nin rəsmi üzvü olsa da Turan Ordusuna meyllidir. Həm də Ukrayna müharibəsi KTMT-nin mövqelərin ciddi şəkildə zəiflədib. Bu situasiyadan istifadə edən Qərb KTMT-i dağıtmağa, Turan Ordusunu isə daha da güclənməsinə çalışır.
Türk Dövlətləri Təşkilatı daxilində Turan Ordusunu inkişaf etdirməklə NATO üzvü Türkiyə vasitəsilə Qərb Çinin sərhədlərinə yaxınlaşır. Strateji ambisiyalar bu məsələyə xüsusi təsir göstərir.
İrəvandakı erməni siyasətçiləri Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatlarına reaksiyasına görə KTMT-ni açıq şəkildə tənqid edir. Qərb və Türkiyə bu məqamı məmnuniyyətlə izləyirlər.
Ermənistanın narazılığı KTMT-ni Qırğızıstan, Qazaxıstan və Tacikistan kimi digər üzvlər üçün etibarsız elan etmək üçün ciddi əsas yaradır. Pan-türk hərbi ittifaqı – Turan Ordusu düşüncəsi türklər arasında məftunluq doğurur. NATO Rusiyanın Mərkəzi Asiyada təsirini zəiflətmək kimi məqsədinə çatmaq üçün Turan Ordusu düşüncəsinə dəstək verir. Təbii ki, ABŞ Turan Ordusunun NATO-nun çətiri altında yaranmasını istəyir.
Türk dünyasında ambisiyaları artan NATO üzvü olan Türkiyə bu sxemdə əsas oyunçudur. Ankara, xüsusilə Liviya və Somali kimi ölkələrdə əhəmiyyətli bir varlıq yaratdığı Afrikada hərbi izlərini davamlı olaraq sərhədlərindən kənarda genişləndirir. Hesabatlar göstərir ki, Türkiyə potensial olaraq gələcək Turan Ordusunda əməliyyat imkanlarını gücləndirmək üçün bu xalqlardan muzdlu əsgərlər cəlb edir. Bu addım nəinki Türkiyənin təsirini gücləndirir, həm də NATO-nun Mərkəzi Asiyaya güc yönəltmək məqsədi ilə üst-üstə düşür. Türkiyə özünü türk dövlətlərinin təhlükəsizliyinin təminatçısı kimi göstərməklə, NATO-nun Rusiyanı və daha çox Çini strateji baxımdan mühasirəyə almasına yol aça bilər. Əlbəttə, Qərbin Turan Ordusu ilə bağlı öz palanları var. Ancaq türklər ona görə ordu yaratmır ki, bu ordu kimlərinsə maraqlarının ifadəçisi olsun. Turan ordusu hər şeydən öncə türklərin ordusudur və türk xalqlarının maraqlarının müdafiəçisi olacaq. Türkiyə hərbi sənayesinin istehsal etdiyi çağdaş silahlarla təchiz olunmuş Turan Ordusu NATO standartlarını da arxada qoyaraq döyüş qabiliyyəti baxımından daha üstün olacaq.
Turan Ordusunun yaranmasına fərqli ölkələrin fərqli münasibəti var:
Rusiya
Çar dövründən Rusiya Orta Asiya adlndırdığı Türkistanı ələ keçirib. Sovet İttifaqı dağıldıqdan sonra türk dövlətləri Türkiyəyə meylləndi. Ancaq indinin özündə də regiona Rusiyanın güclü təsiri var. Xüsusən siyasi elitanın rusiyapərəst olması fakt olaraq ortadadır. Rusiya Türkiyənin Türkistanda güclənməsinə dözmək zorundadır. Niyə? Çünki Rusiya bir çox məsələlərdə Türkiyə ilə anlaşa bilir. Rusiya görür ki, Türkiyə amili olmasa, regionda islam fundamentalizminə meylli qüvvələr tezliklə iqtidara gələ bilər. Bu isə kifyət qədər müsəlman əhalisi olan Rusiya üçün daha böyük təhlükədir. Ancaq Rusiya hansı həddə qədər Türkiyənin Türkistanda güclənməsinə göz yumacaq? Şübhəsiz ki, dözümün də müəyyən həddi var. Hazırda Ukraynada başı qarışan Rusiya üçün prioritet tamam başqadır. Ancaq Rusiya Türkiyənin Türkistandakı mövcudluğunu narahatlıqla izləməkdə davam edir. Aydındır ki, Rusiya qəti şəkildə Turan Ordusuna qarşıdır.
Qərb-ABŞ və Avropa İttifaqı-Böyük Britaniya
Qərb Türkiyənin regionda güclənməsində maraqlıdır. Onlar da regionun islamçılara təslim ola biləcəyindən ehtiyat edirlər. Yəni türkçülük-turançılıq Qərb üçün islamçılıqdan daha məqbuldur.
Qərb başa düşür ki, yalnız müttəfiqi olan Türkiyə üzərindən daxil olmaqla regionda özünü rahat hiss edə bilər. Regionun enerji resurslarının Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə, Rusiyadan yan keçməklə, Avropaya çıxarılması Qərb üçün xüsusi önəm daşıyır. Qərb regiondakı türk dövlətlərinin özünə düşmən bildiyi İran və Rusiyadan mümkün qədər uzaq olmasını istəyir.
Bu yaxınlarda Avropa İttifaqının region ölkələrinə 12 milyard avroluq sərmayə təklif etməsi də onu göstərir ki, kollektiv Qərb bu bölgəni Rusiya, İran və Çinə vermək fikrində deyil.
Böyük Britaniyanı isə Turan və Turan Ordusunun əsas memarlarından biri hesab edənlər də var.
Çin
Siyasi, hərbi, xüsusən iqtisadi baxımdan getdikcə güclənən Çin təkcə Sakit okean hövzəsində deyil, həm də Avrasiyada dominant mövqedə olmaq istəyir. Çini Aİ ilə birləşdirən əsas kommunikasiya xətləri də Orta Asiyadan keçir. Çin “Bir kəmər, Bir yol” təşəbbüsünün həyata keçməsi üçün regiona ciddi sərmayə qoyur. İqtisadiyyat üzərindən yumşaq güc nümayiş etdirir.
Ancaq Çin ilə türk dövlətləri arasında uyğur problemi var. Şərqi Türkistan 1944-cü ilə qədər rus işğalı altında olub. Çinlilər rusları oradan qovaraq Şərqi Türkistanı ələ keçiriblər. Elə o vaxtdan da uyğurlar azğınlığı ilə seçilən Çin zülmü altındadır. Çin rejimi milyonlarla uyğuru həbsxanalara salaraq onları “islah” etməyə, daha doğrusu assimilyasiya etməyə çalışır. Bu vəhşətə etiraz Türkiyə ilə Çin arasında dəfələrlə gərginlik yaradıb.
Maraqlı situasiyadır. Çin türk dövlətləri ilə anlaşmağa məhkumdur. Elə bugünlərdə Azərbaycan prezidenti İlham Əliyev Çində yüksək səviyyədə qarşılandı. İmzalanmış 20 sənəd qarşılıqlı münasibətləri yeni yüksəkliyə daşıdı. Eyni zamanda Çin türklərin güclənməsini qətiyyən istəmir. Turan Ordusunu da özünə real təhlükə sayır.
İran
Bu ölkə ətrafındakı türk dövlətlərinə vahimə içində baxır. Çünki İranın daxilində 40 milyonluq türk nüfuzu var. Hazırda fars şovinistlərinin kontrolunda olan İrana min il ərzində türklər hökm edib. İran-Turan müharibələri daha öncəki minilliklərin yaddaşına yazılıb. Ona görə də molla rejimi maskasından istifadə edən fars şovinistləri türk faktorunu neytrallaşdırmağa çalışırlar. Coğrafi reallıq isə buna imkan vermir. Türk dilinə qadağa qoyan İranın I və II Qarabağ Müharibəsində ermənilərin yanında olması da bu qorxudan qaynaqlanır. Təbii ki, İran Türkiyənin Azərbaycanda və Türkistanda güclənməsini heç istəmir. Turan Ordusu isə rəsmi Tehran tərəfindən molla rejimini məhv edə biləcək təhlükə kimi dəyərləndirilir.
İsrail
Bapbalaca boyu var, dam dolusu toyu var, misalında olan İsrail də Turan Ordusunu qurulmasında maraqlıdır. Niyə? Çünki İslam Dünyasında İsrail türk dövlətləri ilə (Azərbaycan, Qazaxıstan və Özbəkistan) daha isti münasibətlərə sahibdir. Unutmayaq ki, balaca İsrailin də dünya siyasətinə ciddi təsir imkanları var. Və belə bir ölkə də Turan Ordusuna dəstək verir.
Elbəyi Həsənli
Xəbər 238 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|