Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


01.05.2025  19:23 

Tapşırmışam, ölsəm, mənim üçün ağlamayın - Meyxanaçı Ağamirzə





A+  A-

XəzərNews.az meyxanaçı Ağamirzə Məmmədovla Rəhman Mirzəlizadənin müsahibəsini təqdim edir.

- Ağasəlim Çıldaq dayınız idi. Meyxanaya gəlməyinizdə onun rolu olub?

- Əlbəttə. Elə əsas onun rolu olub. Böyük ustadlar bizim ocağa yığışırdılar. Hacı Kazım, Molla Məhəmməd, İkram var idi. Yığışıb meyxana deyirdilər. Onda mən cavan uşaq idim. Amma meyxana öyrənməklə deyil, gərək bir az da qabında olsun. Qalanı isə öz üzərində işləmək məsələsidir. Bəlkə də, inanmayacaqsınız, mən hələ də öyrənirəm. Dünən dediyim meyxanaya baxıram, deyirəm, kaş o sözü belə deməzdim.

- Tələbələriniz var?

- Tələbə deyəndə ki, meyxana deyənlərin 99 faizi bizi ustad kimi qəbul edir. Məsələn, Balaxanıdan Elşən var, super meyxana deyir. Maştağadan və digər yerlərdən bir neçə nəfər var, yanıma gəlirlər. Söhbət edirik, meyxana deyirik. Bəzən 1-2 saat meyxana deyirik.

- İndiki gənclərə münasibətiniz necədir?

- İndiki gənclərdən razıyam. Söhbət təkcə meyxanadan getmir. Çox adam deyir ki, indiki gənclər korlanıb. Bununla razı deyiləm. İstər meyxanaçılar, istər müğənnilər, istər sadə adamlar. Böyük-kiçik bilirlər. Bir də ki, sən özünü necə aparırsansa, kiçiklər də səninlə elə davranır. Böyük görmüşəm ki, toyda ona pomidor atıblar. Meyxana deyənlərdən, ümumiyyətlə, razıyam. Məsələn, Rəşad Dağlı. Bir dəfə məclisdə idik, dedim ki, mən hələ buradayam, sonra meyxana deyərəm, bayıra çıxdım, hava almağa. Rəşada meyxana deməsi üçün söz verdilər. Rəşad mikrofonu qoyub gəldi arxamca ki, gəl, meyxana de. Dedim, siz deyin, mən sonra deyərəm. Dedi, yox, sən başlamasan, biz də deməyəcəyik.

- Rəşad Dağlı demişkən, bu yaxınlarda "Space TV"də onun doğum günü qeyd edildi. Siz də həmin verilişdə idiz. Bu məsələ xeyli tənqid edildi...

- Mən burada həmkarlarımın da, televiziyanın da yerinə danışa bilərəm. Orada bizim fikrimiz Rəşad Dağlının iki övladının könlünü xoş etmək idi. Yoxsa biz demirdik ki, Rəşad əfv olunsun, onun işini yüngülləşdirin və ya yaxşı edib. Hamımızın fikri-zikri o iki bala idi. Sağ olsun, dostlarımız da gəldilər. O cinayət işinə qaldıqda isə mən ona qarışmıram. Rəşad özü çox gözəl meyxana deyəndir.

- Meyxana, yoxsa bədiə müzakirəsi zaman-zaman ortaya çıxır. Sizin fikriniz nədir?

- Meyxana deyilməlidir. Bədahətən deyildiyinə görə, bədiə deyirlər. Amma aşıqlar da var, bədahətən söz deyirlər, onda aşıqlara da bədiəçi deyək? Deyirlər ki, meyxana sözündəki “mey” araq, içki anlamındadır. Onda “meymun” sözündə də “mey” var. Meymun içki və mun deməkdir? Biri də var bədiəxan. Bu başqa şeydi. Biri digərinin arxasınca pis nələrsə danışıb, o da ona "bəd yaxan" deyib. Bədiəxan sözü də buradan gəlir.

- Meyxanaçı Kərimn vəziyyəti necədir? Yanına gedirsiz?

- Əvvəl tək-tük adam gedirdi, indi onlar da qalmayıb. Heç kimi danlamaq lazım deyil. Sabah mən yıxılsam, birinci gün əlli adam gələcək, sonra 45, sonra 40. Həyat belədir. Bu gün müxbirsən, sənə rəftarım belədir. Sabah müdir olsan, münasibətim 200 dəfə dəyişəcək. Onda səni çayla yola verməyəcəm. Yemək qoyacam qarşına. Əlində bu iş olmasa, ümumiyyətlə, telefonuna cavab verməyəcəm. Telefonu verəcəm uşağa ki, desin, xəstəxanadadır. O qədər demişəm ki. Zəng gəlib, demişəm, lazımsız adamdır, neynirəm bunu. Bu həqiqətdir. O qədər düz danışıram ki, hərdən qorxuram tutub bassınlar içəri.

Kərimin vəziyyəti belə də... Otura bilmir, dura bilmir, danışa bilmir. Ancaq uzanıb. Hərdən gedirəm yanına, 5 dəqiqə qalıb çıxıram. 10-15 dəfə salam verirəm, cavab vermir, özündə deyil. Gələn ayın 1-i ad günüdür.

- Ağamirzə müəllim, özünüzə məzar qazdırmısız. Niyə?

- O mənim üçün məktəbdir, dərsdir, institutdur. Gedib baxıram və fikirləşirəm ki, nə edirsən et, qismət olsa, bura gələcəksən. Tutaq, səhər rəhmətə getdim və bərk dolu yağır. Əl-ayağa düşəcəklər, qəbir qazacaqlar. O qəbir qazan lomu vuranda deyəcək ki, havaya bax e, üst-başım gör nə günə düşdü, bu da vaxt tapdı ölməyə. İndi hər şey hazırdı, məzarın üstün açıb basdıracaqlar.

Evdə də min dəfə tapşırmışam, ölsəm, mənim üçün ağlamayın. Atam-qardaşım, ağlama mənə. Şəhərdən tıxacla saat yarıma bura gəlib, bir saat məclisdə oturub, saat yarım da qayıtmaq 4 saat edir. Vaxtını aparma. Məni çox istəyirsənsə, dəstəmaz al, mənim üçün 2 rükət namaz qıl, bağışlanmağımı istə. Mənə görə, ehsan vermə.

- Ehsan demişkən, yas məclislərində ehtişama çox önəm verirlər. Doğrudur bu?

- Kiminsə yaxını rəhmətə gedir, 10 nəfər yığışıb gəlir, 3-4 saat otururlar. Nə var 4 saat oturursan? Sən o qədər oturanda yas yiyəsi də məcburdur ki, yemək, çay versin, qulluğunda dayansın. 15 dəqiqə başsağlığını verdin, get də, neynəyəcəksən 4 saat? Mən nə qədər tapşırıram, bilmirəm, əməl edəcəklər, ya yox, camaatı yığıb qəbirüstünə aparmayın. Tıxac yaranır. Onsuz da şəhərdə maşın sürmək olmur.

Yaslarda israfçılıq eləmək olmaz. Camaat bankdan borc alır, ondan-bundan borc götürür. O vaxt atam rəhmətə gedəndə yeni dəfn edib gəlmişdik, bir nəfər qışqırdı ki, xörəkləri bol elə! Mən də yaslara gedirəm. Maksimum 10-15 dəqiqə. Nəyə çox oturursan? Onsuz molla danışanda da heç kim qulaq asmır, hamısı “Tik-Tok”dadı.

- Deyəsən, çox ölümdən danışdıq...

- Bilsən ki, ölüm mənim üçün nədir, gedib dua edərsən ki, kaş Ağamirzə öləydi. Xoşbəxtlik istəyirsənsə, birinci addım ölümdür. Burada heç kim xoşbəxt ola bilməyəcək.

- Bəzi meyxanaçılar sonradan müğənniliyə keçirlər. Buna münasibətiniz necədir?

- Onların 15-20 faizini alqışlayıram. Onlarda alınır, yaxşıdır. Məsələn, məndə alınmır. Birinin adını çəkim, Maştağalı Vüqar. Bir az kefi kök olsa, 15-20 dəqiqəyə bir şey ortaya çıxarır.

- Məsələn, Balaəli oxuyur...

- Balaəli yaxşı oxuyur, bəyənirəm. Meyxanaçı kimi də, müğənni kimi də çox yaxşıdır. Özü də Balaəli çox ağıllı oğlandır. Mən qədim meyxana üçün ölürəm...

(Stolda nağara çala-çala meyxana deməyə başlayır)

"Keyf eliyün, keyfü-damaq vaxtıdır
Saat ikidür, indi qonaq vaxtıdur?"

- Meyxana əvvəl də efirə kütləvi şəkildə gəlmişdi. İndi də mavi ekrana çıxırlar, amma əvvəlki kimi olmadı.

- İndi çox çətindir. Hərə özü üçün bir komanda yaradıb. Biri deyir, mən filankəslə bir yerdə getmirəm, o biri bunu bəyənmir. Mən özüm də eləyəm. İndi bir veriliş var, orada meyxana deyirlər, amma əvvəlki dad gedib. Meyxana üçün sərbəstlik olmalıdır. Əvvəllər efirdə Aydın Xırdalanlı, Vüqar Biləcəri, Rəşad Dağlı var idi...

- Bəs Pərviz Bülbülə?

- Pərviz öz yolunu tutub gedir. Lazım olanda da meyxana deyir.

- Demək olar ki, Pərviz Bülbülə meyxanadan çox müğənniliyə, şou-biznesə meyl edib.

- Bəli. Bu bazardır. Alver, pul harada varsa, oraya gedirlər.

- Meyxananı ciddi sənət hesab eləmək məsələsi zaman-zaman müzakirə olunur.

- Hərənin öz zövqü var. Bir onu bilirəm ki, Əliağa Vahidin 100 illik yubileyində Ağasəlim, Kərim, mən meyxana dedik. Dedilər ki, Ulu Öndər Heydər Əliyev sizinlə görüşəcək. Heydər Əliyev bizimlə görüşdü, əlini Ağasəlimin çiyninə qoyub dedi ki, Ağasəlim, meyxana gözəl sənətdir, onu yaşadın. Ondan sonra bütün efirlər bizim üzümüzə açıldı. O boyda hörmətli siyasətçi dedi ki, bu sənət gözəldir, davam etdirin, ondan sonra heç kimin fikri mənim üçün maraqlı deyil.

- Meyxanaçıların bir çoxunun narkotik istifadə etdiyi danışılır. Hətta deyirlər ki, istifadə etməsələr, meyxana deyə bilmirlər...

- Bunun adını belə çıxarıblar. 2-3 nəfər belə edib. Ondan sonra bütün meyxanaçıların adına çıxıb. Elə meyxanaçılar göstərərəm ki, namazlarında, ibadətlərindədir. Nəyinki istifadə etmək, heç üzünə də baxmayıblar. Sadəcə bu sənət bir az öndədir deyə, hər şey deyirlər. Amma elə deyil. Bir nəfər Əliağa Vahidə deyib ki, içki içəndə təbin yaxşı gələr, yəqin. Vahid deyib ki, içməklə yazmaq olsaydı, rusların hamısı şeir, roman yazardı.

- Digər məsələ də var ki, bəzən meyxanalarda narkomaniya təbliğ olunur. Hətta sizin də olduğunuz bəzi məclislərdə belə meyxanalar deyilib.

- Bəli, belə şeylər olub. Amma daha yoxdur. Həm ağsaqqallar, həm də dövlət tapşırıq verib ki, olmasın. 1-2 nəfər var. Amma inşallah ki, daha az olacaq.

- Toylara neçəyə gedirsiz?

- Damara baxıb qan alırıq. Biz kasıblıqla böyüyən adam olmuşuq. İmkanın var, çox ver, imkanın yoxdu, az. Mən çoxları ilə razılaşmıram. Bəzən meyxanaçılar elə qiymət deyirlər ki... Daş daşımıram, lapatka işlətmirəm, gedirəm, toyun ən yaxşı vaxtında ən yaxşı yerlərə oturdurlar, ən yaxşı yeməkləri verirlər. Hörmət edirlər. 1 saat meyxana deyib gəlirik.

- Nə qədər alırsız bunun üçün?

- 300 olur, 500 olur, eləsi də var ki, heç olmur. Sağ olsunlar, tərif qafiyəsində hörmət də edirlər. Min bərəkət. 10 manat da tapanda şükür edirəm. O pulla mənim ailəm bir gün dolanar.

- Xarici ölkələrə toylara getmisiz?

- Rusiyanın çox şəhərlərində, Pekində olmuşuq. İspaniyaya da getmişik.

- İspaniyaya toya getmişdiz?

- Yox, toy deyildi. Mənim azarkeşi olduğum komanda - "Real Madrid"in oyununa baxmağa getmişdik. Oyun Barselonada olacaqdı, amma ləğv edildi. Elə Madriddə qaldıq. Stadionu gəzdik. Ora o qədər axın var idi ki, elə bil, camaat metrodan çıxır.

- Məşhurlardan kimin toyunda olmusuz?

- Məsələn, Əflatun Qubadovun, Baloğlan Əşrəfovun, Yusif Mustafayevin toyunda olmuşuq. Çoxdur. Demək olar, hamısının toyunda olmuşuq.

- Bəzi müğənnilərin mahnılarının sözlərini meyxanaçılar yazır. Sizin yazdığınız mahnı sözü olub?

- Çox istəyiblər, amma vaxt olmur. Mən meyxanadan ötrü ölürəm. Bütün günü oturub meyxana deyim. Desələr ki, daha meyxana deməyəcəksən, yaşaya bilmərəm.

- Belə fikir var ki, meyxanaçıların bəziləri İran molla rejiminin təsiri altındadır, xüsusi bir rəğbəti var. Nə qədər doğrudur bu?

- Xeyr, elə şey yoxdur. Biz imamlardan, peyğəmbərlərdən danışanda elə bilirlər İranla bağlı danışırıq. İranın bu mövzuya aidiyyəti yoxdur. Biz Hüseyni, Əlini, Əhli-beyti sevirik. Bəzən qafiyə xətrinə nəsə deyirik, elə bilirlər, ora bağlıdır. Allah onların da işini avand eləsin, bizim də...

- Şeir, qəzəl yazırsız?

- Yazıram, bəli. Amma çox deyil, 10-15 dənədir.

- Meyxana deyəndə rənginiz dəyişir, səsiniz yüksəlir, elə bil, əsəbiləşirsiz...

- Bəli, başqa cür deyə bilmirəm. Maşında 3-4, köynəyim var, hər dəfə tər-su içində oluram. Sakit meyxana deyə bilmirəm...

Lent.az

Xəbər 179 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +