11.02.2025 19:12
Kremldəki “Ostap Bender“lərin yeni anti-Azərbaycan planları
Bəzi analitiklərimiz deyirlər ki, Rusiya artıq son "kart"ını işə salıb. Hal bu ki, bu, belə deyil. Rusiya təxribatçı-destruktiv "kart"ları belə tez tükənə biləcək ölkələrdən deyil.
Zəhərli ideyalar, məkrli planlar yuvasına çevrilmiş Kreml Azərbaycan kimi ötkəm və suveren ölkələri "cəzalandırmaq" üçün Ostap Bender sayağı min cürə üsullar fikirləşib həyata keçirə bilər. Elə Dmitri Medvedyevin rəhbərliyi ilə Azərbaycana qarşı Xüsusi Tədbirlər Planının hazırlanması da bu acı həqiqəti təsdiqləyir.
Müşahidə edirsinizsə, təyyarəmizin vurulmasına görə beynəlxalq hüququn tələblərinə uyğun öhdəliklərini yerinə yetirməməklə və üstəlik də öz bədheybət deputatlarını, zombi-propaqandistlərini qəsdən üzərimizə qısqırtmaqla Rusiya özü bilərəkdən vəziyyəti daha da gərginləşdirməyə çalışır.
Və həyasızlığın dərəcəsinə baxın ki, Moskva vəziyyətin get-gedə daha da gərginləşməsinə görə özünü yox, məhz Azərbaycanı günahlandırır. Bu da Putin Rusiyasının ənənəvi iyrənc taktikalarından biridir.
Məhz Putinin tapşırığı ilə Medvedyevin işçi komandası Azərbaycana qarşı aşağıdakı addımlara start verməyə hazırlaşır. Biz bunu obrazlı ifadə ilə Rusiyanın Azərbaycana qarşı "Xüsusi Hərbi Əməliyyat"ı da adlandıra bilərik.
Beləliklə, həmin planın əsas məqamları bunlardır:
-Azərbaycanlıların Rusiyadan deport olunması;
-Dağıstan istiqamətində Azərbaycanla sərhəd zonasında radikal dini qruplaşmaların aktivləşdirilməsi (Qusardakı "Meşə qardaşları" kimi);
-Azərbaycanın ləzgi mənşəli vətəndaşları arasında separatçılığın körüklənməsi, keçmiş "Sadval"ın yenidən "dirildilməsi";
-"Beşinci kolon"un vasitəsilə iqtidar-müxalifət qarşıdurmasının yaradılması;
-Terror aktlarının və kiberhücumların həyata keçirilməsi;
-Azərbaycan əsili iş adamlarının bizneslərinə əl qoyulması;
-Rusiyadan Azərbaycana pul köçürmələrinin dayandırılması;
-Azərbaycanın kənd təsərrüfatı məhsullarının idxalına son qoyulması;
-Azərbaycana taxıl və yeyinti məhsullarının ixracının azaldılması;
-Moskvada və Rusiyanın digər şəhərlərində erməni-azərbaycanlı qarşıdurmalarının təşkil olunması;
-Azərbaycanın təklənməsi məqsədilə Rusiya-Ermənistan münasibətlərinin yaxşılaşdırılması;
-Rusiyadakı azərbaycanlıların Ukrayna cəbhəsinə göndərilməsi;
-Rusiya universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sıxışdırılması;
-Azərbaycan üzərindən keçən "Şimal-Cənub" dəhlizinin fəaliyyətinin dondurulması...
Bütün bunlar onu göstərir ki, Ermənistandan fərqli olaraq Azərbaycan Rusiya üçün həqiqətən də olduqca önəmli aktordur. Elə buna görədir ki, rus məktəblərini bağlayan, rusları sıxışdıran, sərhədlərin və hava limanının rus əsgərləri tərəfindən qorunmasına son qoyan, KTMT-dakı fəaliyyətini de-fakto donduran, Avropa İttifaqına üzvlük üçün qanun qəbul edən, Putinin portretlərini aşağılayan Ermənistana qarşı Kreml tərəfindən yuxarıda sadaladığım cəza və məhdudiyyətlərin heç birinin tətbiq olunmadığı halda, sadəcə bir dənə "Rus Evi"nin bağlanılmasına görə Azərbaycana qarşı birdən-birə bir çox istiqamətlər üzrə hücuma keçilməsi planlaşdırılır. Bu isə Azərbaycanın Cənubi Qafqazda həqiqətən də kilid (və ya açar) ölkə olduğunu təsdiqləyir.
P.S. Yuxarıda qeyd etdiyim Azərbaycana qarşı "Xüsusi Hərbi Əməliyyat"ın son məqsədi, əslində, daha uzaq hədəflərə hesablanıb. Az qala bütün müsahibələrində keçmiş SSRİ-nin dağılmasını "geosiyasi fəlakət" kimi qiymətləndirən Vladimir Putin hazırkı qlobal geosiyasi hərcmərclikdən istifadə edib SSRİ-2 layihəsini reallaşdırmağa, yeni ittifaq dövlətini yaratmağa can atır. Bu layihənin icrasına nail olmaq üçün isə Putler ilk növbədə Ukrayna, Azərbaycan və Qazaxıstanı "ram etməyə" çalışır. Ona görə də bu aralar Rusiyadan hər cürə təxribatlar, hibrid hücumlar gözləmək mümkündür. Diqqətli olmalıyıq!
Bəybala Mirzəyev
Xəbər 161 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|