07.04.2025 16:50
111 illik tarix təkrarlandı: İslam dünyasını nələr gözləyir?
Dünya Müsəlman Alimlər Birliyi İsrailə qarşı cihad elan edib. Cihada səbəb kimi Fələstin (Qəzza) və Suriyadakı vəziyyət, İsrailin artan təzyiqləri, apardığı əməliyyatlar göstərilib. İsrailin Yaxın Şərqdəki fəallığı diqqət çəkir. Livanın cənubunda “Hizbullah”a, Qəzzada HƏMAS-a, Yəməndə isə husilərə qarşı həyata keçirilən əməliyyatlar müəyyən müddətə qədər antiterror tədbirləri kimi qiymətləndirilə bilərdi. Çünki adıçəkilən qruplaşmalar vaxtaşırı İsrailə hücum edir, ölkənin təhlükəsizliyinə ciddi təhdid yaradırdı.
İsrailin Bəşər Əsəd dövründə Suriyada keçirdiyi əməliyyatlar da qismən anlaşılan idi, çünki Əsəd İrana sadiq şəxs sayılırdı və dolayı yolla Tehranın regiondakı proksi qüvvələrindən biri hesab olunurdu.
İsrail Suriyada hakimiyyət dəyişikliyindən və mərkəzi hakimiyyətin hələ zəif olmasından istifadə edərək, həm etnik və dini azlıqları dəstəkləyir, həm də bu ölkəyə hücumlarını davam etdirir. Bununla paralel olaraq Təl-Əviv, miqyasca kiçik olsa da, bəzi əraziləri ələ keçirir və bu torpaqları tərk etməyəcəyini açıq şəkildə bəyan edir. Bu baxımdan Dünya Müsəlman Alimlər Birliyinin İsrailə qarşı cihad elan etməsi başadüşüləndir. Lakin bu qərarın effektivliyi və İsraili dayandıra biləcəyi ehtimalı sual altındadır.
Ümumiyyətlə, islam aləmində sonuncu rəsmi cihad çağırışı (bəyannaməsi) 111 il əvvəl – 1914-cü ilin noyabr ayında Osmanlı imperiyasının 35-ci sultanı və 114-cü islam xəlifəsi V Mehmed Rəşad tərəfindən elan edilmişdi. Bu çağırış Birinci Dünya müharibəsi ilə əlaqədar dünya müsəlmanlarına ünvanlanmış və onları xəlifənin rəhbərliyi altında islam bayrağı ətrafında birləşməyə səsləyirdi. Lakin bu təşəbbüs də nəticəsiz qaldı. Əksinə, Şərif Hüseynin rəhbərliyi ilə ərəblər Osmanlıya qarşı müttəfiqlərin tərəfində yer aldılar. Fransa, Böyük Britaniya, hətta Rusiya ordularının tərkibində minlərlə müsəlman Osmanlıya qarşı döyüşdü.
Tarixi baxımdan məsələyə yanaşdıqda, hətta islam xəlifəsinin cihad çağırışının belə nəticəsiz qaldığını görürük. Bu isə göstərir ki, dini çağırışın da ciddi təsir gücü yoxdur. Dünya Müsəlman Alimlər Birliyi isə ümumilikdə siyasi, hərbi resurslara malik olmayan, zəif qurumdur və onun verdiyi bu qərar simvolik xarakter daşıyır. Ümumiyyətlə, bu gün islam aləmində cihad qərarı verəcək nüfuzlu bir siyasi fiqur (xəlifə) və yaxud bu qərar əsasında islam koalisiyası yarada biləcək bir dövlət yoxdur. Təbii ki, Türkiyə, İran və Pakistan kimi güclü müsəlman ölkələri var, lakin bu dövlətlər siyasi və hərbi cəhətdən güclü olsalar da, dini liderlik funksiyasını yerinə yetirə bilmirlər.
Hazırda dünya geosiyasəti din deyil, daha çox milli, regional və imperialist maraqlar əsasında formalaşır. Din amili siyasi alət kimi istifadə olunsa da, təsir dairəsi məhduddur. İsrailə qarşı gerçək mənada formalaşmış yeganə islam koalisiyası 1948-ci ildə Birinci Ərəb–İsrail müharibəsi zamanı meydana gəldi. Lakin həmin müharibə də müsəlmanların, daha dəqiq desək, ərəblərin ağır məğlubiyyəti ilə nəticələndi.
Ən önəmli məqamlardan biri isə ABŞ-ın İsrailin təbii protektoruna çevrilməsidir ki, bu da İsrailə beynəlxalq arenada faktiki toxunulmazlıq statusu qazandırır. Hətta İran belə İsrailə qarşı total müharibə elan etməyə risk etmir.
Əgər İsrailin Yaxın Şərqdə apardığı əməliyyatlar həqiqətən İslam ölkələrini narahat etsəydi, Dünya Müsəlman Alimlər Birliyi cihad çağırışı etməkdənsə, ilk növbədə neft və qaz kimi strateji resurslar üzərindən təzyiq göstərərək, ABŞ başda olmaqla Qərbi çətin vəziyyətə sala bilərdi. Lakin bu istiqamətdə heç bir real addım atılmır.
Turan Rzayev
Politoloq
Xəbər 234 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|