23.04.2025 12:57
Tikinti biznesində “maliyyə piramidası”
“Azərbaycanda tikinti biznesi (çoxmərtəbəli yaşayış binalarının tikintisi) dərəbəyliyin hökm sürdüyü ən böyük sahədir. “Dövlət-özəl tərəfdaşlığı” bizdə varsa, əsasən elə bu sahədədir. Amma bu tərəfdaşlıq mənfi mənadadır. Məmurlar da qazanır, tikinti işbazları da. İtirən isə ölkəmiz və vətəndaşlarımızdır. Çoxları bu sahənin necə işlədiyini bilmir. Odur ki, açıram sandığı – tökürəm pambığı”.
Bu açıqlama ilə hüquqşünas Əkrəm Həsənov çıxış edib.
O, tikinti şirkətlərindəki maxinasiyaların detallarını açıqlayıb, onları ifşa edib.
Ə. Həsənov bildirib ki, Azərbaycanda tikinti işi ilə peşəkarlar, yaxud kifayət qədər vəsaiti olan şəxslər məşğul olmur. Sadəcə əlində bir neçə yüz mini olan işbazlar məşğul olur. Hamı pulunu harasa qoyub qısa müddətdə böyük qazanc götürmək istəyir. Tikinti sahəsi də ən uyğunudur:
“Deməli, proses təxmini belə olur. Bir-iki nəfər fürsətçinin gözü düşür hansısa köhnə yaşayış binasına – orada yeni bina tikmək istəyirlər. Öyrənirlər ki, şəhər icra hakimiyyətindən (ŞİH) ilkin razılığın alınmasına nə qədər vəsait lazımdır. Sonra başlayırlar ətraflarına şəriklər toplamağa. Tutaq ki, 10 nəfər olurlar, hərəsi 500 min pul qoyur. Deməli, əllərində 5 mln manat var: bu pulla bina tikmək olmaz, xüsusilə məmurlara ödənilən böyük rüşvətlər fonunda. Buna görə də “maliyyə piramidası” işə düşür.
ŞİH pərdəarxası anlaşma əsasında qanunsuz olaraq sərəncam verir ki, işbazların gözü düşdükləri köhnə binanın altındakı torpağı bu on nəfərin yaratdığı hansısa “Evyıxan” MTK-nin istifadəsinə verir (sərəncam ona görə qanunsuzdur ki, binanın altındakı torpaq oradakı sakinlərin istifadəsindədir və başqasının istifadəsinə verilə bilməz). Sərəncamda gözdən pərdə asmaq üçün qeyd olunur ki, MTK sakinlərlə razılığa gəlməlidir (yeri gəlmişkən, bu məqamda tikiləcək binanın heç təsdiqli layihəsi də olmur: tam özbaşınalıqdır).
Amma təbii ki, razılığa gəlinmir: sakinlərin böyük hissəsi çıxmaq istəmir. MTK həyasızcasına hüquq mühafizə orqanlarının, icra məmurlarının və məhkəmələrin əli ilə binanı qanunsuz olaraq sökür (guya bina qəzalıdır), sakinləri oradan qovur və söz verir ki, hər ay kirayə haqqı verəcək, yekunda isə onlara yeni binada mənzil verəcək.
Bütün bunları qanuni yolla da etmək olar: belə ki, torpağı dövlətdən alaraq tikiləcək binadakı mənzilləri qabaqcadan qeydiyyata aldıraraq gələcək mülkiyyətçilərinə vermək olar, amma etmirlər. Çünki bu halda pul məmurların cibinə deyil, büdcəyə gələcək, bu isə heç kəsə sərf etmir. Buna görə də keçmiş sakinlərlə dəyəri üzərində yazıldığı kağızdan çox olmayan müqavilələr bağlanır (bir müddətdən sonra heç kirayə haqqı da ödəmirlər). Onlar qovulduqdan sonra isə başlayırlar reklam kampaniyasına ki, kim indi buradan mənzil alsa, ona ucuz başa gələcək. Camaat da başlayır əksər hallarda heç normal təsdiqli layihəsi olmayan tikiləcək binadan mənzil almağa və heç bir hüquqi qüvvəsi olmayan müqavilə müqabilində bu işbazlara pul ödəməyə.
Elə ki, pul axını başlayır, şəriklər ilk növbədə çalışırlar ki, tikinti ilə yanaşı mayalarını çıxarsınlar. Axın güclü olduqda bina nisbətən tez (amma yenə də söz verildiyi müddətdən gec) tikilir. Əks halda, proses uzanır, çünki şəriklər gələn pulun başına daş salırlar. Sonra pul çatmır və başlayırlar bir mənzili bir neçə dəfə satmağa. Bütün bunları fiktiv direktor edir ki, axırda cinayət məsuliyyətinə də o cəlb olunsun. Bu arada ev tikilsə belə (bəzən heç tikilib bitirilmir və ya bəyan edildiyindən az mənzil olur), həm şəriklər arasında dava düşür (kimsə daha çox pul yeyir və s.), həm də bir mənzili bir neçə dəfə almış şəxslərlə MTK arasında. Hələ sökülmüş binanın sakinlərini demirəm. Yekunda direktoru həbs edirlər, pulunu itirmiş vətəndaşlara isə deyirlər ki, günahkar cəzasını aldı, pulunuz isə batdı. Ara yerdə məmurlar da işbazlardan yenə pul qoparır”.
Ə. Həsənov bildirib ki, yekunda mənzil yiyəsi olanlar sevinir ki, bəxtləri gətirdi: “Bəzən həmin şəxslər elə şəriklərin adamı olur: onların adına yekunda arxa tarixlə müqavilə qayırırlar və onlar da vicdanlı mənzil alanların üzünə durur ki, sizdən əvvəl almışam, mənzil mənimdir. Baxmayaraq ki, bina nəinki standartlara cavab vermir və xeyli problemi var, hətta mənzillərin sahəsi də bəyan edildiyi sahədən az olur.
Şəriklər tikilmiş binadan da əllərini çəkmirlər. Baxmayaraq ki, qanuna görə binanı mənzil mülkiyyətçiləri idarə etməlidir, MTK idarəetməni əldən vermir ki, əlavə gəlir götürsün. Bina üçün heç bir iş görmədən sakinlərdən pul yığırlar. Hətta ölkənin ən nüfuzlu tikinti şirkətləri (ən tanınmış holdinqlər) həyasızcasına mənzil alqı-satqısı müqaviləsinə bənd daxil edirlər ki, binanı tikəndən sonra da idarəetməni biz həyata keçirəcəyəik. Göz doymur axı! Yəni bu tanınmış holdinqlər əlbəttə yuxarıda qeyd etdiyim bütün bu özbaşınalıqları etmirlər, amma inhisarçı mövqelərindən sui-istifadə edərək mənzilləri çox baha satırlar və hər bir halda sonrakı idarəetməni də sakinlərə sırıyırlar.
Beləliklə, yekunda qazanan korrupsioner məmurlar və tikinti işbazları (şəriklər) olur. Fiktiv direktor da bir neçə il kurort şəraitində həbsxanada cəzasını çəkib çıxır. Ən böyük zərəçəkənlər isə əvvəlki binada mənzilini itirənlər və yeni binada mənzil üçün pul verib mənzil ala bilməyənlərdir.
Mənzil əldə edənləri də udmuş tərəf saymaq olmaz. Çünki bina keyfiyyətsizdir (şəhərin özünün infrastruktunun bərbad olması başqa söhbətdir – yağış zamanı görürük), mənzilin sahəsi azdır, idarəetmə elə bu işbazların əlindədir və s.
Üstəlik mənzili yaşamaq üçün deyil, guya sərmayə üçün alanlar ən acınacaqlı vəziyyətdədir. Çünki Azərbaycanda tikinti maliyyə piramidasıdır. Məmurlar və işbazlar əhalidən pul çıxarmaq üçün dayanmadan tikir və mənzilləri baha satır. Əhalinin pulu isə azala-azala gedir. Bizi yaxın 10 ildə gözləyən kəskin iqtisadi tənəzzül (neftimiz qurtarır, normal hüquqi və iqtisadi sistem yoxdur, başqa nə olmalıdır ki?!) nəticəsində daşınmaz əmlakın qiyməti guppultu ilə düşəcək. Və onda bu bərbad infrastrukturlu şəhərdə keyfiyyətsiz binalarda real dəyərindən qat-qat çox pul ödəmiş mənzil sahibləri dizinə döyəcək...”
Xəbər 135 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|