Məncə, Əkrəm İmamoğlunun həbs edilməsi yalnız 2028-ci il prezident seçkilərində potensial rəqibin aradan götürülməsi kimi şəxsi məsələ ilə bağlı deyil. Axı seçkilərə azı 2,5 il (2027-ci ildə növbədənkənar keçirilərsə) qalıb. Siyasi oyunlarda böyük təcrübəsi olan Ərdoğan bilməmiş deyildi ki, İmamoğlunun bu şəkildə siyasi səhnədən götürülməsi böyük etirazlara səbəb olacaq. Bəs niyə bu addımı atdı?
Gəlin, məsələyə Türkiyənin yalnız içindən baxmayaq.
Bilirsiniz ki, hazırda dünyada trampçılarla (suverenistlərlə) qlobalistlər arasında böyük qarşıdurma var. Trampçılar dünyada azlıqda olsalar da (ABŞ-ın özündə belə onlara qarşı dayanan böyük qlobalist güclər var) ABŞ-ın böyük dövləti gücündən (pul, ordu, xüsusi xidmətlər və s.) istifadə etmək imkanları var. Qlobalistlər isə Aİ-də və Britaniyada hakimiyyətdədirlər. Qlobalistlər daha çoxsaylı olsalar da ABŞ-a qarşı zəif mövqedədirlər (o qədər pulları və güclü orduları yoxdur). Trampçılar və qlobalistlər arasında mübarizənin nəticəsi həm bir çox transmilli korporasiyalar, həm də Avropa ölkələri (Britaniya, Fransa, Almaniya, Polşa) üçün həyati məsələdir.
Belə bir vəziyyətdə Avropa birdən-birə Türkiyəni
"əzizləməyə" başladı. Avropa liderlərinin (qlobalistlərin) 2 mart London sammitinə Ərdoğnın dəvət edilməsi (https://www.facebook.com/share/p/1ELec7aepF/) artıq bir siqnal idi:
"Bizə qoşul". Ərdoğan sammitə Hakan Fidanı göndərdi. Bununla o bildirdi ki, tərəf seçmək istəmir, çünki bu mübarizədə kimin qalib gələcəyinə əmin deyil. Ağıllı addım idi.
Qlobalistlərə isə Türkiyənin onların tərəfinə keçməsi çox vacibdir: Türkiyə NATO-da 2-ci ən güclü orduya malikdir. Türkiyəsiz qlobalistlərin trampistlərə məğlub olması labüddür. Buna görə də onlar
"kökə" metoduna əl atdılar.
12 martda Polşanın (Britaniyanın nəzarətində olan ölkə) baş naziri Donald Tusk zədəli ayaqla Ankaraya gəldi və bəyan etdi ki, biz Türkiyənin Aİ-yə üzv olmasını dəstəkləyirik. Əlbəttə, o yalnız Polşanın adından danışmırdı. Xatırladıram ki, Türkiyə 1999-cu ildən Aİ üzvlüyünə namizəddir və onun nə vaxtsa üzv seçiləcəyinə heç kim inanmırdı. İqtisadi vəziyyətinin gündən-günə pisləşdiyi və geosiyasi məsələlərdə Aİ ilə fikir ayrılığının daha da artdığı bir vaxtda Aİ Türkiyəyə qarşı niyə belə
"yumşalmalı" idi?!
Bu oyunda
"kökə" nədir? 500 milyon nəfərlik premium Aİ bazarı.
Bəs bu
"kökə"yə görə Türkiyə nə verməlidir? Öz ordusunu Aİ-nin sərəncamına verməlidir. Aİ isə ondan Ukraynada və Qara dənizdə Rusiyaya qarşı, Qrenlandiyada ABŞ-a qarşı və s. istifadə edə bilməlidir.
"Dəvəni toya niyə çağırarlar? Ya odun daşmağa, ya su daşımağa".
Türkiyə ordusu onillər boyu ABŞ-ın Orta Şərqdə
"dəyənəyi" olmuşdu. Ərdoğan uzun mübarizədən sonra bu
"dəyənəyi" ABŞ-ın əlindən ala bildi. İndi onu Aİ-nin əlinə verə bilərdimi?!
Ərdoğan əvvəllər Türkiyənin Aİ-yə üzv olması üçün çox çalışıb, lakin indi də bunu istəyirmi? Aİ-nin taleyi sual altındadır. Tramp bütün Aİ məhsullarına qarşı aprel ayından azı 25% tarif sanksiyaları tətbiq edəcəyini bəyan edib. Aİ-nin daxili bazarı isə daralmaqda davam edir. Yəni hazırda Aİ üzvlüyü müsbət iqtisadi perspektivlər vəd etmir. Bundan başqa, Aİ-yə üzv olarsa, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmalıdır, Kipr və adalar məsələsində Yunanıstana güzəştə getməlidir, Cənubi Qafqaz iddialarından (Fransanın xeyrinə), həmçinin Azərbaycana hərbi-siyasi dəstəkdən əl çəkməlidir, İrana qarşı sanksiyaları dəstəkləməlidir və s.
Aydındır ki, Aİ-nin təklifi Ərdoğanı sevindirmədi. Çüman ki, o, Tuska Aİ-nin istədiyi cavabı verməyib. Bəs bu halda Aİ nə etməlidir? Aİ-nin A planı Ərdoğanın təklifə razılığını almaq idisə, bunun baş vermədiyi hal üçün B planı da olmalı idi. Rumıniya hadisələri göstərdi ki, qlobalistlər suverenistlərə qarşı hər qanunsuzluğa hazırdırlar: https://www.facebook.com/share/p/1AE36fj2a4/
Yuxarıda qeyd etmişdim ki, bu onlar üçün həyati məsələdir. Lazım gəlsə, siyasi sui-qəsdlərə də gedəcəklər. Bunları da görəcəyik.
Ərdoğan başa düşür ki, Aİ-nin
"kökəsinə" etiraz etsə,
"kötəyini" dadmalı olacaq. Bəs Aİ-nin
"kötəyi" nədir? Türkiyənin qərbpərəst, daha doğusu, qlobalist müxalifəti. Ərdoğan suverenistlər cərayanına aiddir. Elə bu baxışlarına görə o, qlobalistlər üçün arzuolunan fiqur deyil. Aydındır ki, Ərdoğanın Aİ-nin təklifinə qəti etiraz etməsi Ankara, İstanbul və İzmirdə (qlobalistlərin güclü olduğu şəhərlərdə)
"Maydan"ların yaranmasına səbəb olacaqdı. Ukraynadakı kimi zor yolu ilə hakimiyyəti devirib, İmamoğlunu hakimiyyətə gətirə bilərdilər – onsuz da onun əhali arasında reytinqi yüksəkdir. Onun keçid hökumətinə müvəqqəti rəhbərliyini Aİ tanıyacaqdı. İmamoğlu 3-4 ay sonra növbədənkənar prezident seçkiləri keçirəcək və təbii ki, əhalinin böyük sevinci ilə qalib gələcək və legitim prezident olacaqdı. Buna görə o həm də Aİ-yə minnətdar olacaqdı. Aİ-yə də bu lazım deyildimi?! Türkiyə əsgərləri isə qlobalistlər üçün qurban gedəcəkdi – amma bunu əhali gec anlayacaqdı.
Ərdoğan hadisələri qabaqladı – zərbəni birinci endirdi. Potensial
"Maydan"ın şəksiz liderini (İmamoğlunu) həm fiziki (həbs), həm də hüquqi (diplomun ləğv edilməsi) zərərsizləşdirdi.
"Maydan"a rəhbərlik edə biləcək 2-ci, 3-cü dərəcəli yüzə yaxın liderləri də həbs etdi. Əlbəttə, bunlar qeyri-demokratik, avtoritar addımlar idi. Amma indi harada demokratiya var ki?! Məsələ dövlətin taleyinə gələndə demokratiya yada düşən ən axırıncı məsələ olur.
Soruşa bilərsiniz ki, bəs Ərdoğan İmamoğlunun tutulacağı halda baş verə biləcək xalq etirazlarından qorxmurdumu? Məncə, o bunu da planında nəzərə alıb. Xalq etirazları da bütün proseslər kimi entropiya qanuna tabedir: https://www.facebook.com/share/p/15txWno6Px/
Yəni təbii halda o yavaş-yavaş sönməlidir. Getdikcə vüsət alması üçün ona kənardan əlavə enerji verilməlidir (süni müdaxilə olmalıdır).
"Maydan"larda həmin enerji puldur. İndiyədək
"Maydan"ların enerji mənbəyi, əsasən, USAID olmuşdu. USAID artıq ləğv edilib. Tramp da Türkiyədə qlobalistlərin hakimiyyətə gəlməsində maraqlı deyil. Düzdür, Aİ də
"Maydan" üçün büdcə ayıra bilər və yəqin ki, ayıracaq, lakin Aİ-nin
"Maydan"a USAID qədər büdcə ayırmaq imkanı yoxdur. Yəni Ərdoğan ümid edir ki, küçə etirazları uzun çəkməyəcək, əhalinin qəzəbi soyuduqca küçələr boşalacaq.
P.S. Məsələyə daha da dərindən (ABŞ-ın, Rusiyanın, İsrailin, İranın hadisələrdə rolları və mövqeləri və s.) baxmaq olardı, amma onlar bu məsələdə həm 2-ci planda oynayırlar, həm də o halda yazımız həddən çox uzanardı.
P.P.S. Bu yazıda məqsədim Ərdoğana haqq qazandırmaq deyil (mənim də onunla razılaşmadığım çox məqamlar var), Türkiyədə baş verən hadisələrə alternativ baxış təqdim etməkdir.
P.P.P.S. Bu yazımda sadəlik üçün qlobalistlər yazmış, lakin əslində ultraqlobalistləri nəzərdə tutmuşam.
Asif Şəfəqqətov
Xəbər 478 dəfə oxunub.