19.03.2025 13:14
Reytinqə qurban gedən ABRIMIZ...
Keçən dəfə sosial verilişlərin birinə baxıram. Gənc ər-arvad bir-birinə “itin sözü”nü deyir. Təbii ki, bizim şoumenliyi yaxşı bacaran aparıcının dirijorluğu ilə… Baxıram, ikisi də kənddən gəlmiş cütlükdür, boşanma ərəfəsindədirlər. Qadın ərinə deyir ki, “uşaq səndəndir”, gənc kişi də israr edir ki, “yox, sevgilindəndir”. Qadın deyir ki, “DNT analizi verəcəyəm”, kişi deyir ki, “ver, əgər uşaq məndən olmasa, sənə aliment ödəməyəcəyəm”. Ekspertlər də marığa dayanıb, bunları “ağ yuyub, qara sərmək” üçün.
Əslində, hər gün sosial verilişlərdə müzakirə olunan məişət mövzusudur, sözüm bunda yox. Mənə bir şey maraqlıdır, bu şoumen aparıcıların reytinq azarı sayəsində əsrlərdən bəri qorunan ailə adət-ənənələrimiz niyə bu səviyyəyə düşürülüb? Budurmu hər zaman nümunə saydığımız Azərbaycan ailəsi? Aparıcılaradır sözüm, niyə avam kənd adamlarını şirnikləndirib, Bakıya gətirib, efirlərə çıxarıb insanları biabır edirsiniz?! Niyə ailələrin yataq otağına soxulub, ailə dəyərlərinə xələl gətirirsiniz?!
3-5 adamı efirə çıxarıb hansısa məişət problemini az qala bütün Azərbaycan ailələrinin ayağına yazmaqla nə demək istəyirsiniz? Bəyəm, elə Azərbaycan ailəsi bir-birinə “itin abrını” verən, ərini aşağılayıb milyonlarla izləyici qarşısında rüsvay edən iki-üç cütlükdən ibarətdir? İnsanların ailə məsələlərini, özəlini efirlərə daşıyıb, “saçyoldu şou”su yaratmaqla həm də milli dəyərlərimizi laxladırsınız axı…
O qədər gözəl ailələr var, Vətən, xalq üçün layiqli övladları yetişdirib cəmiyyətə təhvil verirlər, onları niyə nümunə saymırsınız? Onları da verilişinizə çağırıb niyə örnək kimi göstərmirsiniz? Yaxud da ailə dəyərləri, milli adət-ənənələrimizi özündə birləşdirən verilişlər hazırlayın. Bir dəfə ona baxan tamaşaçı bir dəfə də həmin verilişlərə baxsın. Baxırsan, türk seriallarına hər seriyasında milli adət-ənənələri, musiqini, mətbəxi təbliğ edir. Biz isə ancaq pis, neqativ nə varsa, hamısını efirə daşıyıb, mənfiliklərin təbliğatı ilə məşğul oluruq. Kənardan baxanların gözünə Azərbaycan qadını ancaq saçyolan, qayınanasını döyən, qayınatasını “diri yeyən”, ərini evdən qovan, uşaqlarını atıb sevgilisinə qoşulub qaçan qadın kimi canlanır. Axı belə deyil. Bir qurunun oduna yaşı niyə yandırırsınız axı? Dəyərlərimizin qəsdinə durmusunuz?!
Cəvahir Nehru
www.yenicag.az
Xəbər 132 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|