18.11.2025 11:15
HANSI QAZAXISTAN, AY İRAN?
Sepahın Teleqram kanalı yaxın günlərdə Rusiya–Qazaxıstan–Türkmənistan–İran dəmir yolu marşrutu ilə bağlı məlumat yaydı. Rusiyadan qatar bu yolla İrana gəlib. İran üçün əsas dəyər ondan ibarətdir ki, qatar Azərbaycanın ərazisindən kənar keçib. Sepahın Teleqram kanalı bunu İranın “əməli” kimi təqdim edir. Guya Sepah Qazaxıstana “xəbərdarlıq edib” və nəticədə Qazaxıstan mövqeyini dəyişərək bu marşrutu dövriyyəyə buraxıb.
Bu marşrut mövzusu isə çoxdan mövcuddur. Beynəlxalq dəmir yolu xəttinin Qərb və Şərq qanadları var. Şərq qanadı həm Rusiya–Qazaxıstan–Türkmənistan–İran xəttini, həm də Xəzər dənizi üzərindən multimodal daşımaları əhatə edir. Hər üç variant qüvvədədir. Hətta imkan olsa, Rusiya Qərb marşrutunu Azərbaycan ərazisində də iki yerə bölmək istəyir. Zəngəzur koridoru açılsa, Rusiyanın qatarları yenidən İran istiqamətinə hərəkət edə bilər.
Qərb Rusiyanın ticarət yollarını bağlayır və Moskva yeni bazarları Yaxın Şərq, Qərbi Asiya və Afrika ölkələrində axtarır. Bu təşəbbüs Qazaxıstana yox, birbaşa Rusiyaya aiddir. Rusiyanın Rəşt–Astara dəmir yolunun tamamlanmasını gözləmədən Qazaxıstan üzərindən Yaxın Şərqə çıxan marşrutu işə salması isə İrandan çox Rusiyanın maraqlarına uyğundur. Rusiya beynəlxalq ictimaiyyətə mesaj verdi ki, “mənim yolumu kəsə bilməyəcəksiniz; Asiyanın qərbinə, Yaxın Şərqə və oradan da Afrikaya çıxa biləcəyəm”. Ona görə də qatar tələsik göndərildi.
RF-dən çıxan bütün marşrutların istiqaməti indi İrana çevrilir. İranın bundan imtina etmək imkanı da yoxdur, olmayacaq da.
İranın iki əsas məqsədi var:
I. Marşrut Azərbaycan ərazisindən keçməməli, Azərbaycanın geosiyasi və geoiqtisadi qazanc əldə etməsinə imkan verməməlidir.
II. İran Xəzər dənizi vasitəsilə Mahaçqala və müəyyən qədər Həştərxan istiqamətinə çıxışı olan kommunikasiya variantlarına üstünlük verir. Məqsədi bu xətlər vasitəsilə kəşfiyyat şəbəkəsi qurmaqdır. İranın iqtisadiyyatı gerilədikcə casusluq fəaliyyəti də artır. Böyük ehtimalla Rusiya artıq İranın bu siyasətinin fərqindədir. Nəticə isə bəllidir: Rəşt–Astara dəmir yolu həm zaman, həm də məsafə baxımından daha üstün variantdır. Bizim indiki məqsədimiz isə tamam başqa məsələlərlə bağlıdır.
Sepahın Qazaxıstana “xəbərdarlıq etdiyi” gündən 3 gün əvvəl onların Teleqram kanalında Qazaxıstanın NATO-nu Xəzərə gətirdiyi, “İbrahim müqaviləsi”nə qoşulduğu və Azərbaycanla birlikdə İsrailin neft tədarükünün 70%-ni təmin etdiyi kimi iddialar paylaşılırdı. “İbrahim müqaviləsi” mövzusu da son dövrlərdə Sepahın kanalında bir neçə dəfə hallanıb. Qazaxıstanın NATO-nu Xəzərə çıxarmasına qarşı isə ənənəvi olaraq bildirirlər ki, Rusiya və İran buna qarşı tədbir görəcək. İran təkbaşına Qazaxıstana və Xəzəryanı ölkələrə təsir göstərə bilmədiyindən hər dəfə Rusiyanın adından istifadə edir.
Azərbaycanda və Qazaxıstanda baş verənləri İranın “qoyun-quzu” siyasətçiləri tamam başqa cür qiymətləndirə bilər. Bu qiymətləndirmə ilə Rusiyaya yanaşmaq İran üçün baha başa gələ bilər. Çünki Rusiya İrandan soruşa bilər: “Xəzərin hüquqi statusunu tanımısanmı?!”
İran bu suala hansı cavabı verəcək?
Xəzər dənizində Gilan RLS mövcuddur. Azərşəhrdəki RLS-dən qısa müddət sonra istifadəyə verilən Gilan RLS sırf anti-Rusiya təyinatlıdır. İran bu barədə öz niyyətlərini İsrail və ABŞ-a çatdırmış ola bilər. 12 günlük müharibə zamanı İsrail Rəştə bir neçə zərbə endirsə də, Gilan RLS-ə toxunmadı. Bu stansiyanı, ay İran, sənin İsrailə və ya ABŞ-a xidmət üçün vermək ehtimalın nə qədərdir?!
İranda ali rəhbər Osmanlıya və RF-ə qarşı aparılan təbliğatda şəxsən iştirak edib. Belə şəraitdə İranın “qoyun-quzu” siyasətçiləri Rusiyanı İranın üstünə qaldırırlar. Sepahın Teleqram kanalı təkcə fars və rus dillərində deyil, bir neçə dildə məlumat yayımlayır. Hətta fars və rus dillərində paylaşılan məlumatlar belə ABŞ-ın diqqət mərkəzindədir. D.Trampın son dövrlərdə Rusiyaya tətbiq edilən sanksiyalara “İranı da əlavə edin” göstərişi verməsi həmin “qoyun-quzu” siyasətçilərinin fəaliyyətinin nəticəsidir. Ola bilər ki, İranın bəzi ekspertləri və mətbu orqanları birbaşa İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 648 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|