Xəbər verdiyimiz kimi, ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova özünün və uşaqlarının həyatına ciddi təhlükə yarandığını bildirib. Jurnalistin sözlərinə görə, o, diplomu olmayan, lakin özünü həkim kimi təqdim edən "VMR Estetik" klinikasının kosmetoloqu Gülsüm Əliyevanın qanunsuz fəaliyyəti, Gəncədə Gülbəniz adlı gənc bir qıza cərrahi əməliyyat apararaq onun ölümünə səbəb olması məsələsini gündəmə gətirib. Q.Ataşova bildirib ki, bundan sonra Gülsüm Əliyevanın həyat yoldaşı Vüsal Həsənov onu təhqir edib, atası Eldəniz həm özünü, həm də övladlarını ölümlə hədələyib.
Qeyd edək ki, jurnalist məsələ ilə bağlı tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edib.
Bu müraciətlə bağlı araşdırmalar davam edərkən, Gülsüm Əliyevanın fəaliyyəti ilə bağlı yeni detallar ortaya çıxıb. Daha dəqiqi, Bakı şəhər sakini Zarina Minkovskaya onun həyata keçirdiyi prosedurdan sonra sağlamlığında ciddi problemlər yarandığına dair Bakupost.az -a şikayət edib.
Z.Minkovskayanın sözlərinə görə, 5-6 il əvvəl o, İnstagramda Gülsüm Əliyevanın və onun çalışdığı klinikanın reklamını görüb:
"Mən ona müraciət etdim və o zaman 1000 manat məbləğində prosedur olundu. 2024-cü ildə yenidən Gülsüm Əliyevaya ayaqlarıma prosedur etdirdim. Bu dəfə 1300 manat xərcim çıxdı. İkinci prosedur zamanı dedi ki, biz artıq gellə işləmirik, piylə işləyirik, qarın nayihəsindən götürüb köçürürük. Mən soruşdum ki, bu, reaksiya verməz, axı siz əvvəl geldən istifadə etmisiz? O dedi ki, heç bir problem olmayacaq, çünki artıq ayaqlarında gel qalmayıb. Mən də ona inandım. Gəldim və o, proseduru icra etdi. Onu da deyim ki, onlar pulu kassa vasitəsilə deyil, kartdan-karta aldılar. Bu təqribən 2024-cü il martın sonlarında, təkrar korreksiya isə səhv etmirəmsə, mayın 17-də oldu".
Şikayətçi deyir ki, təkrar korreksiyadan sonra ağrıları başlayıb:
"Mən bu barədə Gülsüm Əliyevaya dedim. O bildirdi ki, bu normal haldır, sən görünür, ayaq üstə çox dayanırsan, ona görədir, keçib gedəcək. Ancaq mənim vəziyyətim pisləşdi, ağrılarım daha da artdı. Prosedur olunan və iltihab prosesi başlayan nayihədə temperatur artdı. Yenə onunla görüşdük. Dedi ki, mən Türkiyəyə gedirəm. O, vaxtaşırı oraya işləməyə gedirdi. Mənə 5 günlük sistem və antibiotiklər təyin etdi. Müalicənin birinci günü antibiotiki qəbul edəndən sonra ayağım şişdi. Hətta ayağa qalxa bilmirdim. Gülsüm Əliyeva artıq Türkiyədə idi, mən ona zəng etdim ki, yerimdən qalxa bilmirəm, ayağım tamam şişib. O dedi ki, qorxma, antibiotikləri qəbul et, sistemi köçür, keçəcək. Yenə antibiotik qəbul etdim və səhəri bir az yüngülləşdim. Gəzirdim, amma axsayırdım. 5 gün həmin müalicəni etdim. Ondan sonra o gəldi və iyunun 27-də mən onun yanına getdim, skalpellə ayağımı deşdi. Yaradan xeyli irin axdı. O, yaranı yudu və dedi ki, söz verirəm, 10 günə keçəcək. Amma üstündən 3-4 ay keçdi, xeyri olmadı. Hər dəfə söz verirdi ki, keçəcək, olmurdu".
Z.Minkovskaya deyir ki, beləcə 5 ay davam edib və o, nəyinsə qaydasında olmadığını başa düşüb:
"Ona görə də başqa klinikaya gedib UZİ etdirdim. Orda həkimlər öz aralarında danışanda eşitdim ki, maye böyük venaya keçib və ayağımla yuxarı qalxıb. Dedilər ki, hər iki ayağımdan geli təcili təmizləmək lazımdır. Çünki artıq sağ ayağımda da sol ayağımda olduğu kimi, iltihab başlayacaqdı. Elə də oldu, 8 aydan sonra - yanvarda sağ ayağımda da iltihab başladı. Mən zəng edib Gülsüm Əliyevaya ikinci ayağımda da iltihab yarandığını dedim. Bildirdim ki, həkimlər deyir, oradan geli çıxarmaq lazımdır. Dedi ki, yox, lazım deyil, keçəcək. Ona ayağımda yaranan qırmızı ləkənin fotosunu göndərdim. Dedi ki, bu, yəqin allergiyadır, 3-4 günlük antibiotik yazıram, tezliklə keçəcək. Mən yenə antibiotik qəbul etdim və onun dediyi həkimin yanına getdim. Çünki o dedi ki, mən cərrah deyiləm, sadəcə estetik prosedurlar edirəm, müalicə ilə məşğul olmuram. Mən aylarla həkimə getdim və buna görə bütün xərcləri özüm ödədim. Halbuki bütün bunlara qədər başqa həkimlər mənə UZİ etdirmək və drenaj qoydurmaq məsləhət görmüşdü. Demişdilər ki, bu yolla yara təmizlənəcək. O yenə demişdi ki, bunlara ehtiyac yoxdur, prosedurdan xeyli vaxt keçib, artıq orada demək olar ki, gel qalmayıb, sadəcə, vaxt lazımdır, sağalacaq".
Şikayətçinin sözlərinə görə, onun ayağındakı yara nəinki sağalmayıb, əksinə əvvəlki yara da açılmağa başlayıb:
"Ona görə də digər klinikada mənə 9 dəfə drenaj qoydular və oradan gel axdı. Peşəkər həkimin yanında 1 aylıq müalicədən sonra sağ ayağım bərpa olundu. Əgər mən ona inanmasaydım, sol ayağımı 10 ay müalicə etdirməzdim, daha tez sağalardım. Peşəkər həkimlər onu 1 aya sağaldardılar. İndi artıq gəzirəm, ağrı və axsama yoxdur. Müəyyən diskomfort qalıb. Bundan sonra necə olacaq, bilmirəm. Hələ də həkimlərə gedirəm. Sabah yenə həkimə gedəcəyəm. Çünki yara açıqdır və oradan maye axır.
Bütün bunlara görə mən iki ay yataq rejimində oldum, işimi itirdim, mənə xeyli maddi və mənəvi ziyan dəydi. Aylarla davam edən müalicə xərclərini özüm ödəmişəm və ödəməyə davam edirəm. Bütün bunlar azmış kimi, bu barədə sosial şəbəkədə yazandan sonra Gülsüm Əliyevanın direktoru olduğu "VMR Estetik" klinikası məndən polisə şikayət edib. Vəkilimlə birlikdə bu gün polisə gedəcəyəm. O, bir dəfə mənim yaramı yuyanda dəhşətli dərəcədə ağrıdırdı, ağlayır, qışqırırdım. Dedi ki, sən mənim pasiyentlərimi qorxudursan, belə etsən, daha sənə baxmayacam. Pasiyentlərlə düzgün davranmır. Onun prosedurlarından zərər çəkən digər pasiyentlər də var. Mən dəyən maddi və mənəvi ziyanın qarşılanmasını tələb edirəm".
Z.Minkovskaya onu da bildirib ki, məsələ ilə bağlı yanvar ayında Nərimanov rayon prokurorluğuna şikayət edib:
"Ancaq onlar günahlarını etiraf etmirlər. Ona görə də iş davam edir, hələlik yekun cavab yoxdur".
Məsələ ilə bağlı "VMR Estetik" klinikası ilə əlaqə saxlasaq da, suallarımıza Gülsüm Əliyevanın əvəzinə özünü klinikanın hüquqşünası kimi təqdim edən Seyid Həsənov cavab verdi. O bildirdi ki, Zarina Minkovskayanın açıqlamalarının çoxu həqiqətə uyğun deyil:
“Gülsüm Əliyeva kosmetoloqdur, o, pasiyent üzərində heç bir cərrahi əməliyyat aparmayıb, prosedur edib. Biz bütün açıqlama, videogörüntülərlə bağlı aidiyyatı orqanlara müraciət etmişik. O xanımı öyrədiblər, məsələləri təhrif edir.
Səhiyyədə istənilən xidmətdə əks təsirlər ola bilər. Bu məsələdən ajiotaj yaratmaq lazım deyil. Xanıma yetərincə tibbi yardım göstərilib. O, həkimdən 15-25 min tələb etmişdi. Canlı yayımda isə 1500-ə düşdü. Pasiyentin ödəniş xərcləri Gülsüm Əliyeva tərəfindən qarşılanıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Yekun qərar çıxanda, təqdim edəcəyik”.
Xəbər 63 dəfə oxunub.