Hikmət Hacıyev Londonda görüşlər keçirib
Azərbaycan Fransadan nə tələb edir?
Tusk Maska cavab verdi: Təkəbbürlük etmə
Natiq Həsənov aparat rəhbəri təyin edildi
“Vedi Construction”un külli miqdarda vergi borcu var
Müəllimlərə “hinduşkabaş” deyən direktordan xəbər var
Milli Məclis İsveç parlamentinin bəyanatını rədd etdi
III Çarlz Kanadanı müdafiə edəckmi?
USAID proqramlarının 83%-i rəsmən bağlandı – Rubio
İş adamı gecə qəzasında öldü


10.03.2025  17:03 

Ramin Hacılı Prezidentə müraciət etdi - Məni əfv edin





A+  A-

Azərbaycan Avropa Hərəkatının həbsdə olan sədri, müstəqil bloger, ictimai fəal, yazıçı Ramin Hacılı Prezident İlham Əliyevə əfv müraciəti ünvanlayaraq ona qarşı hər hansı bir şəxsin şikayət və tələbinin olmamasını, ittiham olunduğu əsas maddələr üzrə bəraət verilməsini, dövlət qarşısındakı xidmətlərini və sədaqətini nəzərə alaraq imzalanacaq növbəti əfv sərəncamı ilə cəzadan azad edilməsini xahiş edir.

O, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvlərinə də ayrı-ayrılıqda müraciət edərək əfv ərizəsinə baxılmasını və adının Dövlət Başçısına təqdim edilməsini rica edib.

Ramin Hacılının əfv müraciətini olduğu kimi təqdim edirik:

Möhtərəm cənab Prezident!

İcazənizlə əvvəlcə işim barəsində qısa məlumat vermək istərdim.

Mən müstəntiqin təqdimatı əsasında nöqsanlarına görə məhkəmə sistemindən xaric edilmiş Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmirəliyevin qərarı ilə 9 iyul 2021-ci il tarixində həbs olunmuşam və həmin dövrdən etibarən həbsdə saxlanılıram.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdim.

Şikayətim əsasında aparılmış araşdırmalarla kimlərdənsə pul alıb hansısa vəzifəli şəxslərə rüşvət kimi verməyimlə bağlı hal təsdiqini tapmadığı üçün Bakı Apellyasiya Məhkəməsi mənə CM-nin 32.4,312.2-ci maddəsi üzrə bəraət verdi. Prokuror həmin bəraət qərarından protest versə də, Ali Məhkəmə həmin protesti rədd etdi və mənə bəraətin düzgün verildiyini təsdiqlədi.

Bununla yanaşı, CM-nin 29,178.3.1-ci maddəsi (dələduzluğa cəhd) ilə mənə təyin edilmiş cəza Ali Məhkəmənin bəhs etdiyim 28 iyun 2024-cü il tarixli yekun qərarına əsasən üzərimdən götürüldü və barəmdə təyin olunmuş ağır cəza qismən azaldılaraq 7 il müddətinə azadlıqdan məhrumetmə edildi. Həmçinin istintaq dövründə həbsdə saxlanıldığım 9 ay 10 gün müddət təyin olunmuş ümumi cəzadan çıxılaraq üzərimdə 6 il 2 ay 20 gün saxlanıldı.

Bütün bunlarla yanaşı, Ali Məhkəmənin qeyd etdiyim qərarından aydın olur ki, mən kimlərəsə qarşı dələduzluq etməmişəm. Belə ki, məhkəmə qərarlarında mənə münasibətdə zərərçəkmiş qismində heç kim tanınmayıb. Ümumiyyətlə, cinayət işi üzrə dindirilmiş hər kəs mənə qarşı şikayət və tələbinin olmadığını bildirib.

O cümlədən cinayət işi materiallarından və məhkəmə qərarlarından görünür ki, mən nə hansısa cinayətkar qrupla əməkdaşlıq etməmişəm, nə də saxta sənəd hazırlamamışam.
Onu da qeyd edim ki, mənə qarşı irəli sürülmüş bütün ittihamlar 2018-ci ilə qədərki dövrə aiddir. Bu isə o anlama gəlir ki, Sizin tövsiyə məktubunuz əsasında azadlığa çıxdıqdan sonra heç bir qanunsuz əməlim olmayıb. Köhnə işimi qaldıraraq və həmin dövrə aid bir neçə yeni epizod əlavə edərək mənə ağır cəza təyin edilib.

Çox hörmətli möhtərəm Prezident!

Mənim 10 yaşım olanda atam, anam və kiçik qardaşımla birlikdə məcburi köçkün kimi Füzuli rayonundan Bakıya gələrək vaqonda məskunlaşdıq. Orta və ali məktəbi vaqonda yaşadığım müddətdə bitirdim.

23 yaşım olanda atamı itirmişəm. Atamın dəfnində iştirak edən müəllimim mənə demişdi ki, "sən özünü yetim sayma, dövlətini sev, ona xidmət et, dünyanın harasında dara düşsən sənə sahib çıxacaq güclü dövlətin olsun!”. O vaxtdan etibarən hər zaman dövlətimizin inkişafına töhfə verməyə çalışmışam, imkanım olan bütün arenalarda ölkəmizin haqlı mövqeyini müdafiə etmişəm.

Ali təhsil aldıqdan sonra ölkəmizə fayda verə bilmək üçün ictimai-siyasi fəaliyyətlə məşğul olmuşam və hər zaman dövlətə və vətəndaşlara fayda verə biləcək işlərdə çalışmışam.

Xüsusən Qarabağın azad edilməsi istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətə dəstək olmuşam. Aparılan mövcud siyasətin strateji olaraq uğur qazanacağına inanmışam. Bu güvənim öz təsdiqini tapdı və həyata keçirdiyiniz uğurlu siyasət nəticəsində dövlətimiz ərazi bütövlüyünü tam bərpa etdi.

2013-cü ildə beynəlxalq təşkilatların iştirakı ilə Ermənistanda "Dağlıq Qarabağ münaqişəsinin həllində Vətəndaş Cəmiyyətinin rolu” mövzusunda keçirilən müzakirələrdə Azərbaycanın təmsilçisi kimi iştirak edərək İrəvan şəhərində dövlətimizin haqlı mövqeyini müdafiə etdim.

2019-cu ilin iyun ayında Bakıdan Horadizə ayaqla (piyada) təkbaşına sivil yürüş edərək dünya birliyinin diqqətini erməni işğalına çəkməyə nail oldum. Paşinyan rejiminin militarist fəaliyyətinə etiraz olaraq etdiyim bu dinc aksiya erməni cəmiyyətində rezonansa səbəb oldu.

Dövlət tərbiyəsi alanlar bilir ki, dövlətçilik şəxsi həyatdan üstündür! Mən də bütün fəaliyyətlərimdə bu prinsipi əsas götürmüşəm. 27 sentyabr 2020-ci ildə Ermənistanın təxribatına cavab olaraq Azərbaycan ordusu Sizin rəhbərliyinizlə haqq yürüşünə başlayanda bütün vətənsevərlər kimi tam gücümlə bu müqəddəs amala dəstək oldum.
Əvvəllər olduğu kimi erməni təcavüzünə qarşı savaşda əlimdən gələni etdim və yenə də etməyə hazıram. Bu fəaliyyətlərimin bir qismi vikipediyada var.

Sizə tam səmimiyyətimlə və qürurla deyirəm ki, dövlətimizə və vətənimizə hər zaman xidmət etmişəm, sadiq olmuşam.

Baxmayaraq ki, mənə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib və min bir əzab içində həmin cəzanın 4 il 6 aydan çox hissəsini çəkmişəm, hazırda da çəkməkdəyəm, yenə də dövlətimizə olan inamımı, sədaqətimi qorumuşam. Nə hansısa başqa dövlətə, nə də hansısa xarici quruma müraciət etməmişəm, yalnız Azərbaycan dövlətinin ədalətinə sığınmışam.

Həyatımın bu ağır dönəmində bütün provakasiyalara, məhrumiyyətlərə sinə gələrək bütün şirnikləndirici təklifləri rədd etdim və vətənimə sədaqətimi qorudum. Hazırkı çətin şəraitdə belə qoruyuram. Bəli, həyatı dağılmış, üfüqlərdə zülmət görünən ağır şərtlər altında və sönməkdə olan ümidlərlə dövlətimizin məni xilas edəcəyi günü gözləməkdəyəm.

Bilmənizi istərdim ki, hazırda ciddi psixoloji, mənəvi və maddi gərginliklər içindəyəm.
İnanıram ki, uğrunda canımı verməyə hazır olduğum Azərbaycan dövləti mənə ehtiyacı olan 63 yaşlı bronxial astma xəstəsi anamı bu zillətdən qurtarmaq üçün nəsə edəcək.

Düzdür, gün keçdikcə gələcəyə olan ümidlərim ölür, hər şeyə inamımı itirirəm... Ancaq bu səmimi müraciətimi və bütün çətinliklər qarşısında mərd – sadiq duruş sərgiləməyimi qiymətləndirəcəyinizə içimdə saf bir inam hissi var.

Çox hörmətli cənab Prezident!

Sizin Azərbaycanın yeni mərhələyə qədəm qoyması ilə bağlı verdiyiniz açıqlama məndə gələcəyə böyük inam yaratdı və 2024-cü ildə baş tutmuş Növbədənkənar Prezident Seçkilərində saxlanıldığım cəzaçəkmə müəssisəsində Sizə ilk səs verənlərdən oldum.

Əlavə olaraq mətbuat vasitəsilə ünvanladığım TƏBRİK məktubunda uğurlu siyasi kursun bundan sonra da davam edəcəyinə görə şad olduğumu qeyd edərək Azərbaycanın dünyada qüdrətli dövlətə çevirilməsi, ərazi bütövlüyü və suverenliyini öz gücünə bərpa etməsi, vətəndaşların sabitlik və məmnunluq içində yaşamasının Sizin rəhbərliyiniz altında həyata keçirilən intibaha söykənən siyasətin nəticəsi olduğunu bildirdim.

Bir vətəndaş kimi mən də bizləri hazırkı inkişafa gətirmiş siyasi kursu dəstəklədiyimi bəyan edirəm və çox istərdim ki, yurddaşlarım kimi mən də işğaldan azad olunmuş doğulduğum Füzuli rayonuna gedim və atamın məzarını ziyarət edə bilim.

Hörmətli Zati-Aliləri!

İndiki durumda əsas hüquqi mərhələlər başa çatdığı üçün yalnız Sizin köməkliyinizlə həbsdən azad edilə bilərəm.

Hazırda ƏN PX-in 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılıram. Ali Məhkəmənin yekun qərarı ilə mənə təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının artıq 4 il 6 ay müddətini çəkmişəm və hazırda 2 il 6 aydan da az hissəsi qalıb. Bu isə o anlama gəlir ki, mən nəinki təyin edilmiş cəzanın yarıdan çoxunu, hətta böyük hissəsini çəkmişəm və may ayında təyin olunmuş cəzanın 4 il 8 ayını çəkmiş olacağam.

Həbsdə olduğum bu müddət ərzində hər hansı bir qayda pozuntusuna yol verməmişəm, barəmdə heç vaxt cəza tədbiri görülməyib. Həm saxlanıldığım müəssisələrin əməkdaşları ilə, həm də digər məhkumlarla çox yaxşı münasibət qurmuşam. Həmçinin bu müddətdə baş tutmuş Prezident, Parlament və Bələdiyyə seçkilərində aktiv iştirak etmişəm.

Sizdən yuxarıda etdiyim qeydləri, həmçinin mənə qarşı hər hansı bir şəxsin şikayət və tələbinin olmamasını, səhhətimdə olan problemləri, ittiham olunduğum əsas maddələr üzrə mənə bəraət verilməsini, beynəlxalq arenada ölkəmizin tanıdılması istiqamətində işlər görmüş və rəsmi dövlət qeydiyyatı olan nüfuzlu ictimai təşkilatın rəhbəri olmağımı, ictimai-siyasi fəaliyyətim dövründə ölkəmizə fayda verməyimi, yaşayış yerim üzrə müsbət xarakterizə olunmağımı, ailə vəziyyətimi, atamın vəfat etməsi səbəbindən II qrup əlil anamın tək qalmasını, ümumilikdə 4 il 6 aydan çox müddətdir həbsdə olduğumu, həbsdə olduğum dövrdə nümunəvi davranışımı, yalnız Sizə və dövlətimizə güvənərək müraciət etməyimi nəzərə alaraq imzalayacağınız növbəti əfv sərəncamı ilə məni cəzadan azad etməyinizi xahiş edirəm.

Güvən və sayqı ilə əvvəlcədən Sizə öz dərin minnətdarlığımı bildirirəm!

Dərin hörmətlə,
Ramin Hacılı
Azərbaycan Avropa Hərəkatının sədri
Tarix: 10 mart 2025-ci il.

Ünvan: Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsi.
Qoşma: Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə anam Hürü Hacıyeva tərəfindən ünvanlanmış 3 fevral 2025-ci il tarixli əfv müraciəti (2 səhifə).
Qoşma: Özüm barədə qısa bioqrafik məlumat (3 səhifə).

QEYD: Bu ƏFV MÜRACİƏTİni mənim əlyazmam əsasında müdafiəçim komputerdə hazırlayıb. Əlyazmamı isə 5 fevral 2025-ci il tarixində saxlanıldığım müəssisədən aidiyyəti üzrə göndərmişəm.



Xəbər 154 dəfə oxunub.




10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu

10.03.2025  11:59 

İş adamı gecə qəzasında öldü

10.03.2025  10:42 

Samarada Neft Emalı Zavodu vuruldu

09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu


BÜTÜN XƏBƏRLƏR +