30.04.2025 11:23
Netanyahunun Bakı səfəri... - Proqram açıqlandı
İsrail Baş naziri Benyamin Netanyahu 2023-cü il oktyabrın 7-də Qəzza zolağında HƏMAS-la müharibə başlayandan bəri ilk dəfə olaraq bir müsəlman ölkəsinə (Azərbaycan) rəsmi səfər edəcək.
XəzərNews.az teleqraf.az-a istinadən xəbər verir ki, səfər mayın 7-də başlayacaq, ayın 11-dək davam edəcək.
Müharibə başlayandan bəri Netanyahu yalnız ABŞ və Macarıstanda olub. İsrailli analitiklərin fikrincə, müharibə dövründə bir liderin ölkədən kənara çıxması yalnız vacib hallarda baş verir, bu baxımdan Azərbaycanın ziyarəti zəruri hesab olunur.
“The Times of Israel”in məlumatına görə, Baş nazirin Bakıya səfəri zamanı iki əsas məsələ diqqət mərkəzində olacaq: Azərbaycanın Türkiyə və İsrail arasında vasitəçiliyi və İbrahimi sazişlərinin Azərbaycanın qoşulması ilə genişləndirilməsi.
Qeyd olunur ki, İsrail Türkiyə ilə Suriyada mümkün qarşıdurmadan yayınmağa çalışır. Həmçinin Tel-Əviv istəyir ki, Azərbaycan da İbrahim sazişlərinə qoşulsun. Mənbə vurğulayır ki, bu ideya İsrail, ABŞ və Azərbaycan rəsmiləri arasında ciddi müzakirə mövzusuna çevrilib.
İsrailin baş nazirinin səfəri mayın 7-də başlayacaq. Netanyahu İsrailin rəsmi hökumət təyyarəsi “Kanaf Zion” ilə Bakıya yola düşəcək. Təyyarənin Türkiyə hava məkanından keçidi Azərbaycan vasitəçiliyi ilə mümkün olub. Bu addım, İsrail-Türkiyə münasibətlərində gərginliyin azaldılmasına yönəlmiş simvolik jest kimi dəyərləndirilir.
Mayın 8-də Baş nazir Prezident İlham Əliyev ilə rəsmi görüş keçirəcək. Görüşdə müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, enerji və ticarət əlaqələri, regional təhlükəsizlik məsələləri, eləcə də Azərbaycanın “İbrahim Sazişlərinə” mümkün qoşulması müzakirə olunacaq.
Həmin gün Netanyahu Azərbaycanın milli qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edəcək. Bu ziyarət Aqarunovun Şuşa döyüşlərində şəhid olmasının ildönümünə təsadüf edir və iki ölkə arasında tarixi və mədəni bağların gücləndirilməsi məqsədi daşıyır.
Mayın 9-da Baş nazir Azərbaycandakı yəhudi icmasının nümayəndələri ilə görüşəcək. Bu görüş mədəni və dini əlaqələrin inkişafına töhfə verəcək.
Mayın 10-da Baş nazir səfəri zamanı Yəhudi Şənbə Gününü Bakıda qeyd edəcək. Bu, onun dini ənənələrinə sədaqətini göstərən addımlardandır.
Mayın 11-də Netanyahu səfərini yekunlaşdıraraq İsrailə geri dönəcək.
Xəbər 274 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|