AFFA-nın prezidenti Rövşən Nəcəfin "ekosistem" kəlamı nə qədər dillərdə əzbər olsa da, onun özəl sektora dönə-dönə çağırışı da az diqqət çəkmədi. Əlbəttə, təqdirəlayiqdir. Çünki nə qədər dövlətin və SOCAR-ın dəstəyinə bel bağlamaq olar? Lakin hansı özəl sektorun? Necə deyərlər, "nəynən, Alış?"
Son iki ilin hesabatına nəzər salanda da görürük ki, SOCAR AFFA-ya qrant müqaviləsi üzrə maliyyə yardımını 1 milyon 175 min manat azaldıb. 2023-cü ildə bu rəqəm 6 milyon 475 min 873 manat idisə, 2024-cü ildə 5 milyon 300 min manat olub.
Lakin bu, AFFA-ya daxilolmalarda ciddi artıma mane olmayıb. Təsəvvür edin ki, AFFA bir il ərzində gəlirini 35 milyon 617 min 445 manatdan 44 milyon 347 min 238 manatadək, yəni 9 milyon manatadək artırıb.
Amma bu artım özəl sektor hesabına təmin olunmayıb. Əksinə, indi nə Liv Bona Dea Hospital-ın 1 milyon 180 min manatı var, nə Məlhəm Beynəlxalq Hospital-ın 1 milyon 180 min manatı, nə də
"Rabitəbank"ın 236 min manatı.
Əvəzində AFFA-nın yeni rəhbərliyi özəl sektor dediyi qurumlardan bilirsinizmi kimləri və nə qədər pulla cəlb edib?
Azərmaş - 5 milyon 723 min manat
Bank Respublika - 2 milyon manat
Azərlotereya - 118 min manat
AZAL - 88 min 500 manat
Xırdalan - 59 min manat
Digər mənbələrdən daxil olan vəsait isə 628 min 430 manatdan 949 min 413 manata yüksəlib.
Sözsüz ki, Azərmaş və Bank Respublika-nın sponsorlar sırasına daxil olması müsbət məqamdır. Lakin xüsusən, "Azərlotereya" kimi futbolun hər sahəsində Misli brendi ilə təbliğ olunan qurumun cəmi 118 min manatla kifayətlənməsi olduqca gülüncdür.
Belə çıxır ki, "Azərlotereya" Azərbaycanın futbol mühitini istismar etməklə məşğuldur. 118 min manat ayda heç 10 min manat eləmir. Bütün günü orda-burda adından söz etdirəsən, televiziya ekranlarında, küçələrdə
"Poz-qazan" deyə, bar-bar bağırasan, axırda ortaya çıxan nə olsa yaxşıdır?
Dütdülü!
Dütdülü 118 min manat!
Özəl sektor deyəndə bunamı ümid edirsiniz, Rövşən bəy?
Bundansa "Azərlotereya"
"Dütdülü" kampaniyası keçirsin, kim şeşqoşa yox, dütdülü atsa, ona 118 min manat versin.
Belə daha abırlı olar, nəinki AFFA-ya ildə 118 min manat ödəmək!
AFFA "Azərlotereya"nın Misli brendi ilə 2024-cü il mayın 30-da 1 illik müqavilə bağlayıb. Sözləməyə əsasən, Misli bir il ərzində Azərbaycanın əsas millisinin sponsoru olacaq. Görün ha, millinin sponsoru, cəmi 118 min manata.
Olan işdir, belə milli komandanın belə də sponsoru olar!
Vaxtilə Topaz-la müqavilə bağlanılarkən, razılaşma belə olmuşdu ki, yığılan vəsaitin müəyyən faizi Azərbaycan idmanının inkişafına yönələcək.
Amma "Azərlotereya" - Misli cütlüyü nəinki pul ayırır, hətta bu cür hay-küylü müqavilələr bağlayıb ayına heç 10 min manat ödəmir. İndi siz təsəvvür edin ki, milli komanda üçün bu cür
"dilənçi payı" ödəyən özəl sektor təmsilçisi Premyer Liqanın baş sponsorluğundan ötrü nə qədər vəsaitindən keçir.
Hələ mən Misli-nin digər federasiyalarla bağladığı müqavilələrə görə ödənişləri demirəm.
Bir də ki, öz saytında
"lotereya"nı "lotOreya" yazan qurumdan bundan artıq nə gözləyəsən?
P.S. Deyəsən, "Azərlotereya" pulu ayılanda "Xırdalan"la razılaşıb ki, sən nə qədər versən, onun iki qatı mənlikdir. Ona görə də "Həci pivəsi" 59 min, Azərlotereya isə 118 min manat ödəyəsi olub. Bu da sizə daha bir "dütdülü"!
Elşən Məmmədov
Xəbər 767 dəfə oxunub.