“İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ən gərgin şəraitdə baş tutdu. İranın daxilində Azərbaycanla münasibətlərin normallaşmasının əleyhinə olan qüvvələr İsrail faktorundan geniş istifadə etdilər. Səfər proqramına hazır olmayan məsələləri saldılar: Ərdəbil dəmir yolunun açılışı, sonda Bəndər-Abbasda partlayış törədildi”.
Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.
M.Əhmədoğlu bildirib ki, M.Pezeşkian COP29-a gələ bilmədi, bu qaydada onun səfərini pozdular:
“İ.Rəisi məhz Azərbaycana iki dəfə səfər etmək istədi, səfərini təxirə saldı. Üçüncü dəfə Araz qırağında Azərbaycan Prezidenti ilə görüşdən qayıtdıqda onu İran tərəfi öldürdü. Beləliklə, M.Pezeşkianın Azərbaycana səfəri xüsusi dəyərləndirilməlidir və bu dəyərləndirmədə ən vacib ali rəhbərin razılığının olmasıdır.

M.Pezeşkian Azərbaycan Prezidentinə İranın ali rəhbərindən salam çatdırdı. Bu, İran-Azərbaycan münasibətlərinin müasir mərhələsində dönüş nöqtəsi deməkdir. İranın daxilində iqtisadi problemlər xeyli güclüdür. Azərbaycanla sərhəd regionlarında yaşayan əhalinin narazılığı artır. Bunları aradan qaldırmaqdan ötrü ali rəhbər mövqeyini dəyişdi və Azərbaycanla münasibətlərə xeyir-dua verdi”.
Politoloq hesab edir ki, Ali rəhbərin, İranın mövqeyində ən vacib məqam M.Pezeşkianın Bakıda olarkən “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir” bəyanatını verməsidir:
“İran Qarabağ Azərbaycanın suverenliyinə qayıtdıqdan sonra onu Azərbaycanın tərkib hissəsi kimi saymamışdı. 2020-ci ilin noyabrın 4-də Ali rəhbərin bəyanatına görə ətraf rayonlar Azərbaycanın ərazisi hesab edildiyi halda Qarabağ ermənilərinin müdafiəsi haqda ayrıca fətvasını vermişdi. Qarabağ erməniləri artıq Azərbaycan ərazisində yoxdur, özləri həmin ərazini tərk ediblər. Bütün dünya dövlətləri, xüsusilə ABŞ və Avropa bunu qəbul etdiyi halda İran qəbul etmədi.
İran hesab edir ki, ermənilər Azərbaycan Respublikası, dövlətçiliyinə qarşı vacib silahdır. Son günlərdə də Qarabağ ermənilərini qızışdırıb, yenidən Azərbaycana qaytarılmasını aktuallaşdırmaq da bu məqsədə xidmət edirdi. İran XİN-də işləyən rəsmiləri və ekspertləri bir neçə dəfə Qarabağın Qarabağ ermənilərinə məxsusluğunu bildirmişdilər. Qarabağ erməniləri əvvəlki yaşayış məskənlərinə qayıtmalıdır, Ermənistan bu işə dəstək verməlidir. Lazım olarsa Ermənistan hərbi variantdan istifadə etməlidir. Ermənistanın hərbi varianta gücü çatmazsa, o zaman İran Ermənistana bu məsələdə hərbi dəstək verməlidir. İran rəsmilərinin mövqeyi belədir və sadaladığımız fikirləri də rəsmi dairələr, ekspertləri tərəfindən təkzib edilməmişdi. İran XİN-nin “Qarabağ Azərbaycanın tərkib hissəsidir” bəyanatı 2023-cü ilin sentyabrından bu vaxta qədər heç vaxt səslənməmişdi”.
M.Əhmədoğlunun fikrincə, İran daxili və xarici siyasətinə görə çox anlaşılmaz dövlətdir:
“Azərbaycanla münasibətlərdə üçüncü qüvvə faktorundan geniş istifadə olunur. “İrana düşmənçilik edən üçüncü qüvvə niyə Azərbaycan Respublikasını İrana yaxınlaşdırmamalıdır, uzaqlaşdırmalıdır” fikrini də izah edə bilmirlər. Üçüncü, dördüncü qüvvə yalnız İranın daxilindədir. Ümid edək ki, bu aradan qaldırılacaq.
Bu proseslərdən sonra İran yeni səfir təyin edəcək.
Pezeşkiyanın yaxında növbəti səfərində, yeni və hətta ağlagəlməz məsələlər müzakirə edilə, görüşlər ola bilər”.
Zəhra
XəzərNews.az
Xəbər 688 dəfə oxunub.