21.04.2025 14:26
“Abi” hotelinin fəaliyyəti dayandırılıb
Şəmkir rayonunda yerləşən “Abi” hotelinin fəaliyyəti dayandırılıb.
XəzərNews.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hoteldə yoxlama keçirilib.
Keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
- obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya texniki qulluq göstərilməyib;
- obyektdə kustar üsulla hazırlanmış odun sobasından istifadə olunur;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud odsöndürən balonların tərkibi isə yenisi ilə əvəz olunmayıb;
- elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;
- obyekt yanğın su hovuzu ilə təmin olunmayıb;
- köçürmə çıxışı üçün nəzərdə tutulan qapılar çıxış istiqamətinə doğru açılmır;
- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;
- köməkçi otaqlar təmiz vəziyyətdə saxlanılmayıb;
- təxliyə planı mövcud deyil;
- obyektin bəzi divar və tavan hissələri yanar material olan taxta ilə üzlənilib, o cümlədən taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb;
- obyektdə əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;
- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Qanununa uyğun olaraq sığorta olunmayıb.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şəmkir rayonunda yerləşən “Abi” hotelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Xəbər 142 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|