“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


24.11.2025  10:25 

İRANIN OYUNU: “SƏHƏR AZƏRİ” AZƏRBAYCANDA ETNİK SABİTLİYİ HƏDƏFƏ ALIB





A+  A-

Ötən həftə ofisləri Bakıda olmayan, lakin fəaliyyət istiqamətləri birbaşa Azərbaycan auditoriyasına hesablanan media resurslarının ölkəmizdə yaşayan xaqlarla bağlı yanaşmasından yazmışdım (Azərbaycançılıq, yoxsa etnikçilik?”). Təəssüf ki, bu media resurslarının fəaliyyəti İrandan yayımlanan və SEPAH-a bağlı olan Azərbaycan dilli “Səhər Azəri” kanalı ilə üst-üstə düşür. Hər iki “cəbhədə” Azərbaycandakı etnik azlıqlarla bağlı yanaşma eynidir. Bu dəfə “Səhər Azəri” kanalının sosial şəbəkə hesablarında “Talış fəallarının oğurlanması” və “Talışların hüquqlarının pozulması” iddiası gündəmi zəbt etdi. Təsəvvür edin ki, gün ərzində “Səhər Azəri”nin sosial şəbəkə hesablarında və müxtəlif saatlarda 4 ayrı-ayrı informasiya yerləşdirilib.

Heç kimə sirr deyil ki, “Səhər Azəri” kanalı uzun illərdir Azərbaycanla bağlı dezinformasiya istehsalında xüsusi fəallıq göstərir. Ölkədə etnik münasibətləri siyasiləşdirmək və müxtəlif xalqlar arasında qarşıdurma yaratmaq məqsədi ilə az qala hər gün ya kanalın TV variantında, ya saytında, ya da sosial şəbəkə hesablarında paylaşımlar edir. “Səhər Azəri” sonuncu paylaşımlarından birində iddia edir ki, guya Azərbaycan xüsusi xidmət orqanları talış fəallarını “oğurlayır”. Halbuki reallıq ondan ibarətdir ki, bu kimi hallarda dövlətlər yalnız barələrində cinayət işi olan şəxslərlə bağlı Interpol, ikitərəfli hüquqi yardım və ektradisiya mexanizmlərindən istifadə edir. Burada “etnik motivli təqib” axtarmaq doğru deyil. Yəni cinayətkar və ya dövlət əleyhinə fəaliyyətlə məşğul olan şəxslərin talış, ləzgi, avar, rus və ya türk olması hüquqi mahiyyəti dəyişmir.

Azərbaycan çoxmillətli dövlətdir və ölkədə yaşayan bütün etnik qruplar Konstitusiya ilə bərabər hüquqlara malikdirlər. Söhbət konkret olaraq talışlardan gedirsə, bəli, problemlər var, amma bunlar ölkədə mövcud olan problemlərin tərkib hissəsi kimi öyrənilməli və ictimailəşməlidir.



İddialardan biri talış dilinin tədrisi və dərsliklərlə bağlıdır. Talış dili məktəblərdə tədris olunur, amma talışlar bunun yetərli olmadığını düşünə bilərlər. Nəzərə alınmalıdır ki, Lənkəran, Astara, Lerikdə dövlət məktəblərində talış dili həftəlik seçmə fənn kimi tədris edilir. Bu da daha çox dilin yaşadılmasına xidmət edir. 1990-cı illərdən başlayaraq Talış dili dərslikləri və dərsdənkənar vəsaitlər dövlət hesabına çap olunur. Talış dilində ilk əlifba dərsliyi Novruzəli Məmmədov və Şahrza Ağayevin həmmüəllifliyi ilə 1996-cı ildə nəşr olunub. Həmin il talış dilinin IV sinifdə tədrisi üçün Ə.Rəcəbov və Ə.Əliyevin birgə hazırladıqları “Tolışə zıvon” dərsliyi də çap edildi. 25 avqust 2003-cü ildə Təhsil Nazirliyi “Azsaylı xalqların cəm halda yaşadıqları regionlarda fəaliyyət göstərən məktəblərin I-IV sinifləri üçün ana dili (doğma dil) proqramları”nı təsdiq edərək çap etdirib. 2005-ci ildə talış ziyalıları Prezident İlham Əliyevə müraciət edərək talış dili dərsliklərinin təkrar nəşrini və indiyə qədər çap olunmamış dərs vəsaitlərinin hazırlanmasını xahiş etdilər. Talış dilinin tədrisi ilə bağlı mövcud problemlərin əks olunduğu bu açıq məktub nəticəsiz qalmadı. Prezidentin göstərişi əsasında Təhsil Nazirliyi bir il ərzində I-IV siniflər üçün dərslikləri yenidən işləyib, bəzi siniflər üçün isə tamamilə yeni dərsliklər hazırlayaraq nəşr etdi. 2006-cı ildə Yəhya Kərimovun müəllifliyi ilə bütün xalqlar üçün ümumi olan “Dilimizi öyrənək”, Novruzəli Məmmədov və Şahrza Ağayevin həmmüəllifliyi ilə II sinif üçün “Tolışə zıvon”, Kərim Kərimov və Yədulla Ağazadənin həmmüəllifliyi ilə III sinif üçün “Tolışə zıvon”, Əbülfəz Rəcəbov və Əlirza Əliyevin həmmüəllifliyi ilə IV sinif üçün “Tolışə zıvon” dərslikləri nəfis şəkildə çap edilərək tam komplekt halda məktəblərə çatdırıldı. 2023-cü ildə Elm və Təhsil Nazirliyi tərəfindən l-lV siniflər üçün "Talış dili" (Tolışə zıvon) dərslik komplektləri çap olunaraq talış dilinin ölkəmizdə tədris olunduğu məktəblərə paylanılıb. Kitabın müəllifləri AMEA Dilçilik İnstitutunun lənkəranlı əməkdaşları filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərov və filologiya üzrə fəlsəfə doktoru, dosent Aqil Cəfərov və Elvin Səmədovdur.



Talış mədəniyyətinə dövlət dəstəyi var, bu da yetrəli olmaya bilər. Lakin bütün dövlətlərdə azsaylı xalqlara yanaşma bu formada tətbiq olunur. Lənkəran Dövlət Dram Teatrı talış folkloruna əsaslanan tamaşalar göstərir, talış folklor kollektivləri dövlət tədbirlərində çıxış edir. Azərbaycanda “Nənələri” tanımayan yoxdur.



Televiziya və radio kanallarında talış dilində verilişlər yayımlanıb və yenə də yayımlanır. Talışca “Dodo” qəzeti və eyni adlı saytın rəhbəri İradə Məlikova bütün sərgilərdə talış dilində həm özünün müəllifi olduğu, həm də digər talış əsilli ziyalıların əsərlərini nümayiş etdirir. Milli azlıqlarla bağlı topladığı materialları - şeir, nağıl, folklor nümunələrini Folklor İnstitutuna təqdim edib. Hətta özünün yazdığına görə, Muxtar İmanovun sayəsində AMEA-nın Folklor İnstitutu Elmi Şurasının qərarı ilə 3 kitabı çap olunub, dövlətin icra və elmi təşkilatları bu kimi məsələlərdə heç bir problem yaratmır.

Şəxsən mənim 2019-cu ildə üç dildə təsis etdiyim “Multikultural Azərbaycan” - multikultural.az internet portalında talışlar və digər etnik qruplarla bağlı rubrikalar var. İstənilən etnik azlıq bu rubrikalarda öz xalqının mədəniyyəti, ədət-ənəsini, folkloru, tarixi haqqında məlumatlar yayır və yaya bilər. Heç nədən çəkinmədən Azərbaycan Talışları İctimai Şurasının (ATİŞ), Avropda yaşayan hüquqşünas Ataxan Əbilovun açıqlamalarına, "Talış Milli Akademiyasının Xəbərləri" jurnalının həbsdə olan Baş redaktoru, etnoqraf İqbal Əbilova da yer vermişik. Bu barədə saytda “Talışlar” rubrikasına baxmaq elə də çətin deyil.

2022-ci ildə sədri olduğum “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində Lənkəran Astara və Lerik rayonunda ümumilikdə 25 ailədə olmuş, şəhid talış gəncləri ilə bağlı silsilə məqalələr hazırlamışam. Bu barədə də Multikultural Azərbaycan saytında "Talışlar" rübrikasında ətraflı tanış olmaq mümkündür.



Talışlar dövlət strukturlarında yüksək vəzifələr tutublar. Onlarla talış mənşəli general, rektor, deputat, nazir müavini, dövlət qurumlarının rəhbərləri var. Bu gün Milli Məclisdə ölkənin cənub bölgəsini təmsil edən kifayət qədər millət vəkili var. Talışlar və ümumiyyətlə, ölkənin cənub rayonlarından çıxan insanlar ticarət sahəsində üstünlük təşkil edirlər. Hüquq-mühafizə orqanlarında və Azərbaycan Silahlı Qüvvələrinin ali zabit korpusunda talışların sayı kifayət qədərdir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə (Lənkəran r-nu. Cil kəndi) və ölkənin bir çox tanınmış din xadimləri mənşəcə talışdırlar. Bir sözlə etnik mənsubiyyət dövlət və qeyri-dövlət qurumlarında karyera üçün heç vaxt maneə olmayıb.



Bu və ya digər faktlar göstərir ki, Azərbaycanda yaşayan etnik azlıqların tam əksəriyyəti, o cümlədən talışlar dövlətlə münasibətlərdə özlərini rahat hiss edirlər. “Talış olmağın tabu olması” iddiası siyasi manipulasiya üçün uydurulmuş şüardan başqa bir şey deyil.

Təəssüf ki, “Səhər Azəri” və digərləri konkret şəxslərin adlarını çəkərək onları “talış fəalı” kimi etiketləyir və hüquqi məsələni etnik çərçivəyə salmağa çalışır. Məhkəmə prosesini işıqlandıran media açıqlamalarını izlədikdə həmin şəxslər barədə cinayət işlərinin motivləri etnik deyil, konkret olaraq separatşı çağırışlar, xarici dövlətlərin kəşfiyyat strukturlarının tapşırıqlarının icrası, konstitusiya quruluşuna qəsd, casusluq və digər bu kimi ağır ittihamları görürük. Yəni söhbət mədəni fəaliyyət deyil, dövlət təhlükəsizliyinə qarşı qeyri-qanuni fəaliyyətlərdən gedir. Bu gün sosial şəbəkələrdə yüzlərlə qrup və səhifələr var ki, talış mədəniyyətini, musiqisini təbliğ edir. El şənliklərindən çəkilən reels videolarda elə məclislərə rast gəlirik ki, demək olar ki, bütün mərasim talış musiqləri ilə müşaiyət olunur. Kim iddia edə bilər ki, Azərbaycan dövləti talış musiqinin təbliğinin qarşısını alır?



“Səhər Azəri” iddia edir ki, cənub bölgəsində “Talış adının silinməsi” prosesi sürətlə davam edir. Azərbaycanın xəritəsində Talış dağları, Talış bölgəsi, Talış kəndi kimi rəsmi toponimlər mövcuddur. Coğrafi adların silinməsi barədə heç bir dövlət qərarı olmayıb. Bu məsələ talışlarla bağlı deyil, ara-sıra Azərbaycanın digər kənd və şəhərlərində də Sovetdən qalma yer-yurd adları ilə bağlı məhz yerlərdən daxil olan müraciətlər əsasında Milli Məclisdə müzakirələr aparılır.

İran mediasının motivi aydındır, “Səhər Azəri” illərdir eyni narrativi təkrarlayır: “Azərbaycan daxilində etnik parçalanma yaratmaq” və “Talışları “təzyiq altında xalq” kimi təqdim edib onları İranın təsir dairəsinə çəkmək” istəyir. Bunun üçün də siyasi alət kimi etnik kartdan sui-istifadənin klassik formasını dövriyyəyə buraxır.

“Səhər Azəri”nin Azərbaycana yönəltdiyi ittihamların böyük əksəriyyəti elə məhz İranda yaşanır. Mən şəxsən İranda yaşayan talış bölgələrində araşdırma aparmış və bu barədə 2015-ci ildə nəşr olunan “Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabımda ətraflı bəhs etmişəm.

İranın talışlar yaşayan bölgələrində talış dilində təhsil və media yoxdur. Talış adı İran dövlət sistemində rəsmən tanınmır. Tədqiqat, dərslik, folklor toplusu yaratmaq da münkün deyil. Talış fəalları ən yüngül formada “etnik separatçı” damğası ilə həbs olunurlar.

Eyni zamanda 30 milyondan çox Azərbaycan türkü bir saat da ana dilində təhsili ala bilmir. Azərbaycan dilində kitab çapı, teatr, radio böyük ölçüdə qadağan olunub. Milli kimlik ifadəsi belə “pantürkizm” kimi kriminal göstərici sayılır.



Bu ölkədə sayları yüz minlərlə olan kürdlərin dilində təhsil qadağası illərdir müzakirə mövzudur. Siyasi fəallıq ölüm və ya uzunmüddətli həbs cəzası ilə nəticələnir. Kürd bölgələri iqtisadi baxımdan ən geridə qalan ərazilərdir.

Yəni İranın Azərbaycana yönəltdiyi iddiaların çoxu elə məhz bu ölkənin özündə baş verənlərin əksidir.

Amma nə baş verir? “Sahar” TV talış dilində, anti-Azərbaycan mövzusunda həftədə 2–3 veriliş yayımlayır. Bu da artıq mütəmadi auditioriya formalaşdırmaq deməkdir. Verilişlərdə Azərbaycanda yaşayan talışların hüquq və problemləri qabardılır, “Bakı hökuməti”nə qarşı tənqidi süjetlər yayımlanır. Kanal təkcə talışca yox, türk, rus, ingilis dillərində də müxtəlif ideoloji kontent yayır, Qərbi, ABŞ-ı, İsraili demonizə edir, “Qərb əxlaqı pozur, siz bizə qoşulun” tipli mesajlar verir.

Təəssüf ki, “Sahar Azəri”nin Azərbaycan türkcəsində verilişləri cənub bölgəsində “çox populyar” və “çox effektiv”dir. İllərdir İran tezliklərininin bloklanması ilə bağlı məsələlər müzakirə olunsa da heç bir nəticə yoxdur. Azərbaycanın rəsmi qurumları acizlik nümayiş etdirir.



Göründüyü kimi, İranın “Səhər Azəri” kanalının iddiaları nə obyektiv məlumat, nə də real vəziyyəti əks etdirir. Azərbaycanda talışlar yüzillərdir öz doğma torpaqlarında yaşayır, dövlətin tam hüquqlu vətəndaşlarıdır, dil və mədəniyyətlərini qorumaq üçün hüquqi imkanlara malikdirlər. Dövlətin talış icması ilə heç bir problemi yoxdur. Problem yalnız dövlət əleyhinə fəaliyyət göstərən fərdlərlə bağlıdır və onların da etnik mənsubiyyəti hüquqi müstəvidə heç bir rol oynamır.

Nə etməliyik?

İlk növbədə dövlət və qurumları “mürgü modu”ndan çıxmalı, informasiya təhlükəsizliyi gücləndirilməlidir. İran mənşəli təbliğatın qarşısını almaq üçün xarici media təsirlərinin monitorinqi genişləndirilməli, dezinformasiya ilə mübarizə üzrə xüsusi layihələr hazırlanmalıdır. Söhbət əlbəttə ki, təsiredici gücə malik real layihələrdən gedir, pul silmək üçün kağız üzərində görülən işlərdən deyil...

Növbəti “Azərbaycan yatıb, İran isə oyaqdır...” yazımda bu barədə geniş bəhs edəcəyəm.

Niyaz NİFTİYEV


Xəbər 964 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +