18.11.2025 10:03
Əməkdar artist: Niyə mənə bir iş tapılmır?
"Heç kimin nə telefon zəngini cavablayıram, nə də müsahibə verirəm. Sənətdən tamamilə uzaqlaşmışam. Özünüz də görürsünüz ki, efirlər nə gündədir. Bir dəfə çağırırlar, bir müddətdən sonra yenə də özləri çağırmalıdırlar da. Əvvəl sənətkarları özləri itirib-axtarırdılar. İndi zəmanə də, insanlar da dəyişib. Hətta zəng edəndə belə artıq getmirəm. Min bir bəhanə ilə uzaqlaşıram. İncimişəm də".
XəzərNews.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında uzun müddətdir efirlərdən uzaq gəzən əməkdar artist Elza Qaybalıyeva deyib.
"Mən 25 il Muğam teatrında işləmişəm. Teatr bağlandı. Ondan sonra Şuşa Teatrının direktoru Yadigar Muradov bildi ki, işsizəm, məni teatra dəvət etdi. Bir az işlədim, sonra teatr təmirə bağlandı. Təmirdən sonra məni çağırmadılar. Sonra bir neçə il müraciətlər etdim, xeyri olmadı.
Mənim tələbələrim fəxri adlar daşıyırlar, incəsənət aləminə böyük sənətkarlar bəxş etmişəm. "Əməkdar artist" adına görə 200 manat məvacib alıram. Başqa dolanışıq yerim yoxdur. Düzdür, Allah bəndəsini ac qoymur, amma yenə də iş istəyirəm. Sizin vasitənizlə də Mədəniyyət Nazirliyinə müraciət edirəm. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşam, incəsənətə, mədəniyyətə böyük töhfələr vermişəm. Niyə mənə bir iş tapılmır? Heç olmasa mədəniyyət evlərində, məktəblərdə bir müəllim kimi çalışmaq istəyirəm. Yəqin ki, cənab nazir bu yazını oxuyar və mənə bir iş tapılar", - deyə xanəndə əlavə edib.
Elza Qaybalıyeva bildirib ki, bu gün sənət yoldaşları da onu yada salmırlar:
"Əməkdar artistlər Sevinc Sarıyeva, Firuz Səxavət hər zaman zəng edirlər. Onlar mənim həm də tələbələrim olublar. Digər sənətkar dostlarım yada salmırlar. Heç onların zənginə ehtiyacım da yoxdur. Məni Allah yada salsın. Toylara da getmirəm. Çünki artıq səsdən də istifadə etmirəm. Nə vaxt səsim düzəlsə, onda gedərəm.
O gün bir xalq artisti var, mənə zəng edib soruşur ki, nə edirsən, evdə darıxmırsan?
Ona deyirəm ki, vallah gedib daş karxanasında daş da qaldıraram, bu mənim üçün ayıb deyil. Mən bu cür şeyləri düşünmürəm. Heç kimin kölgəsində olmamışam, öz hesabıma ucalmışam. Bütün dünyanı gəzmişəm, sənətimi təbliğ etmişəm. Əvvəllər sənətə gəldiyimə görə peşmanlıq çəkirdim, indi peşman deyiləm. Allah nə qismət yazıbsa, o da olur.
Amma sənətkara sağlığında qiymət, dəyər verilməlidir. Heç mənə iş verməsinlər, amma dolanışıq üçün bir az məvacib versələr, şükür edərəm. Çünki tez-tez komaya düşürəm, şəkərim var, müalicəyə ehtiyacım var. Nazirlik işçilərindən bunu nəzərə almalarını xahiş edirəm".
Xəbər 62 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|