14.03.2025 13:44
Problem həqiqətənmi yalnız həmin verilişlərdir?
İllərdir Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı, Lalə Azərtaş, Elgiz Əkbər və digərlərinin aparıcılığı ilə evimizə girən proqramlar, sosial şəbəkələrdə yayımlanan bayağı verilişlər, şişirdilmiş informasiyalar və reytinq xatirinə yaradılan qalmaqalların cəmiyyətimizə təsiri müzakirə olunur.
Televiziyalar qınanır, jurnalistlər tənqid obyektinə çevrilir. Bəli, hər şey göz önündədir. Bu verilişlərdə atılan uşaqlar, evdən qaçan analar, zorakılıq edən atalar, məişət fırıldaqları, övladının başqasından olduğunu öyrənən həyat yoldaşları və başqaları bütün cəmiyyətə nümayiş etdirilir.
Bu tip proqramları izlədikdə bütün o çığır-bağırın, göz yaşının, özündəngetmələrin içində insanın beynini bir sual da döyəcləyir: Problem həqiqətənmi yalnız həmin verilişlərdir? Doğrudanmı, milli dəyərlərimizin aşınmasının, ailə institutunun zədələnməsinin, əsrlər ərzində formalaşmış ənənələr, ağsaqqal-ağbirçək institutunun tar-mar olmasının, cəmiyyətin mənəvi-əxlaqi tarazlığınin alt-üst edilməsinin səbəbi bəyənmədiyimiz televiziyalar, ağız büzdüyümüz saytlar, ciddiyə almadığımız sosial şəbəkələrdir? Belədirsə, problemi həll etməyə nə var ki... Tük bəlli, şeytan bəlli. Bu verilişləri bağla, səbəbkarları necəsə cəzalandır, “bayağı təsirdən” millətin canı qurtarsın...
Amma belə deyil axı... Həmin aparıcı və proqramlara haqq qazandırmadan deməliyik ki, məsələnin çox dərin alt qatı da var. Bu qatda nələr yatır? Bu cür informasiyaların öldürücü gücə çevrilməsinin əsas səbəbi nədir?
Ölkədə aidiyyəti dövlət qurumları düzgün işləsə, təhsil sistemi güclü olsa, cəmiyyətin psixoloji durumu sağlamlaşsa, bayağı verilişlər bu qədər təhlükəli olarmı?
Məsələn, normal təhsil alan şəxs Zaurun verilişindəki cinçıxarma səhnəsindən təsirlənə bilərmi? Yaxud, normal tibbi xidmətlə təmin edilən insanlar Xoşqədəmin verilişində həkim axtararmı? Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən dəstək alan gəlin öz problemlərini həll etmək üçün Elgizə müraciət edərmi?
Bilməz!
Axtarmaz!
Etməz!
Televiziya və sosial media kommersiya əsaslı platformalardır. Yəni, yayımlanan məzmunun əsas məqsədi auditoriya toplamaq və bununla da gəlir əldə etməkdir.
Onlara “niyə bayağı veriliş çəkirsən” sualını ünvanlayanda əllərində bu arqumenti bayraq edirlər. Sən də kapitalizmin, pul qazanma məcburiyyətinin əl-qolunu bağladığı bir vətəndaş kimi susursan, heç nə deyə bimirsən.
Bəs bu susqunluq təslimiyyətə çevrilməlidirmi? Əsla!
Bu ürəkbulandıran proqramların sonunun gəlməsi üçün tələbat minumum səviyyəyə düşməlidir.
Cəmiyyətin böyük hissəsi səviyyəli və maarifləndirici proqramlara üstünlük verməlidir. İnsan sağlam düşüncəyə, geniş dünyagörüşünə və düzgün tərbiyəyə malikdirsə, nə televiziya, nə də sosial media onun həyat tərzini dəyişə bilməyəcək. Bütün bunlar isə dövlətin təhsil, mədəniyyət və psixoloji sağlamlıq sahəsində gördüyü işlərdən asılıdır. Təhsilə və mədəniyyətə diqqət təkcə uşaqların ali məktəbə daxil olması, elmi uğur qazanması və ya mədəniyyət sahəsində tanınmış insanların yetişməsi üçün deyil, həm də cəmiyyətin ümumi səviyyəsinin qaldırılması, adət-ənənələrə və milli dəyərlərə təhdidlərin qarşısının alınması üçün vacibdir.
Bəs buna necə nail ola bilərik?
1.Təhsil sistemi tənqidi düşüncəni inkişaf etdirməlidir.
İnsanlara informasiyanı analiz etməyi, doğruluğunu yoxlamağı öyrətmək lazımdır. Tənqidi düşüncəsi formalaşan cəmiyyətə kənar amillər təsir göstərə bilməz.
2.Cəmiyyətdə psixoloji dayanıqlılıq artırılmalıdır.
Psixoloji cəhətdən güclü və sabit insanlar manipulyasiyaya daha az məruz qalır. Bunun üçün psixoloji maarifləndirməyə, dəstək proqramlarına və fərdi inkişaf layihələrinə dövlət səviyyəsində dəstək artırılmalıdır.
3.Dövlət media siyasətinə “əl gəzdirməlidir”.
Tamaşaçıya alternativlər təqdim olunmalıdır. Səviyyəli, intellektual və maarifləndirici məzmunun yayılması üçün yerli sənədli-bədii filmlər, intellektual verilişlər və təhsil proqramlar stimullaşdırılmalı və inkişaf etdirilməli, bu kimi sahələrin təsir dairəsi genişləndirilməlidir.
ABŞ-da 2000-ci illərdən etibarən reytinq uğrunda çəkişən televiziya kanalları müxtəlif şou proqramlar hazırlamağa başladılar. Bu verilişlərdə ailədaxili konfliktlər, xəyanət və sosial problemlər tamaşaçılara “əyləncə” kimi təqdim edilirdi. Çox keçmədi ki, bu tip verilişləri ərsəyə gətirənlər Amerika cəmiyyətində mənəvi dəyərlərin aşınmasına səbəb olmaqda günahlandırıldı.
2010-cu illərdən ABŞ-da maarifləndirici və tənqidi düşüncəni təşviq edən proqramlara daha çox yer verilməyə başlandı. Bununla da televiziyadakı bayağılığı balanslaşdırmağa çalışdılar.
Qardaş Türkiyədə televiziya uzun illərdir ailədaxili problemləri, məişət zorakılığını, xəyanət və kriminal hadisələri reytinq mənbəyi kimi istifadə edir. Bu verilişlər cəmiyyətdə bəzi problemləri üzə çıxarsa da, eyni zamanda onları daha da dramatikləşdirib reytinq məqsədilə istifadə edir. Türkiyə çıxış yolu kimi verilişlərə alternativ olaraq maarifləndirici və psixoloji proqramların sayını artırır. Və bu işi aidiyyəti qurumlar öz üzərinə götürüb.
4.Bayağı verilişlərə qadağa qoymaq problemi həll etməz.
Bu verilişlərə lakmus kağızı kimi baxmaq lazımdır. Kənar təsirlərə, aşınmaya həssas olan tərəflərimizi görüb, hərəkətə keçməliyik. Yəni qadağalar qoymaq, məhdudiyyətlər tətbiq etmək çıxış yolu deyil. Yeganə çıxış yolu insanların düşüncə səviyyəsini yüksəltməkdir. Bunun üçün isə aidiyyəti dövlət qurumları məsuliyyət hiss etməlidir...
Elçin
Baku Post
Xəbər 162 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|