07.04.2025 17:42
“Akula Akif”in adı İnterpolun axtardığı şəxslər siyahısından necə çıxarılıb?
"MTN işi" üzrə əsas fiqurantlardan olan Akif Mustafayevin adı artıq İnterpolun məlumat bazasında yoxdur. 2021-ci ildə, İnterpol xətti ilə ildə, axtarışda olduğu bir vaxtda Akif Mustafayev Bakıda məhkəmə prosesində iddiaçı tərəf olmuşdu və məhkəməni udmuşdu. Budur, üstündən 4 il keçib və o, adını İnterpolun axtardığı şəxslər siyahısından çıxartdıra bilib.
XəzərNews.az haqqin.az-a istinadla xəbər verir ki, Akif Mustafayevin beynəlxalq axtarışdan çıxarılmasının dəqiq tarixi məlum deyil; lakin belə görünür ki, İnterpol təqdim olunan materialların onun axtarışı üçün kifayət qədər əsas vermədiyi qənaətinə gəlib.
Akif Mustafayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun iş adamlarından pul qoparmaq üçün əməliyyatlarda istifadə etdiyi əsas agentlərindən olub. Daha çox “Akula Akif” təxəllüsü ilə tanınan Akif Mustafayevin hazırda harada olduğu da məlum deyil.
Qeyd edək ki, Akif Mustafayev sonradan MTN-in ləğvi ilə nəticələnən xüsusi əməliyyat başlayandan dərhal sonra Azərbaycanı tərk edib. Bəzi məlumatlara görə, qarşıdakı əməliyyatla bağlı məlumat ona əvvəlcədən sızdırılıb. Onun Avropaya Belarus vasitəsilə qaçdığı məlumdur. “Akula Akif”ə qarşı rüşvət almaq maddəsi ilə cinayət işi başlanıb və o, beynəlxalq axtarışa verilib.
2016-cı ilin oktyabrında Akif Mustafayev İnterpolun tələbi ilə İspaniyada saxlanılıb: lakin bir neçə gündən sonra o, sərbəst buraxılaraq ölkəni tərk edib. Məlumatlara görə, Akif Mustafayev hazırda Fransada gizlənir.
Akif Mustafayev “Mahmudov dəstəsi”nin Avropada gizlənən yeganə üzvü deyil. Əldə olan məlumata görə, bir sıra keçmiş MTN əməkdaşları Avropa ölkələrindən siyasi sığınacaq alıb və orada bizneslə məşğul olurlar. Eldar Mahmudov nazir olduğu günlərdə məhz onun əli ilə imkanlı iş adamlarının dosyelərini toplayıb əməliyyatçılara ötürür, bundan sonra qara maskalılar həmin iş adamlarına qarşı reyd keçirib. Bu zaman “Akula Akif” peyda olaraq qurbanları “xilas edən” vasitəçi rolunu oynayıb, bunun müqabilində onların biznesindən paylar alıb.
2021-ci ilin sentyabrında, axtarışda olduğu bir vaxtda Səbail Rayon Məhkəməsi Akif Mustafayevin "Mars-M"ə qarşı iddiasına baxaraq onun xeyrinə qərar çıxarıb. Akif Mustafayev bu şirkətin səhmlərinin 25 faizinin sahibi olduğunu iddia edib.
Məhkəmə Akif Mustafayevin iddiasını təmin edib. Qərara əsasən, “Mars-M” şirkəti Bakıda “Jasmin” ticarət mərkəzinin tikintisində iştiraka görə Akif Mustafayevə 7 milyon dollar ödəməyə borcludur.
İddia ərizəsində bildirilirdi ki, Akif Mustafayev şirkətin 25 faiz payını 7 milyon 500 min dollara alıb. Lakin təqsirləndirilən şəxslər belə bir əməliyyatın olmadığını bildiriblər və Akif Mustafayev göstərilən məbləği şirkətin bank hesabına köçürməyib. Şirkətin sahibləri Mərkəmət Bəşirov və Arif Bəşirovdur. Arif Bəşirov dünyasını dəyişib, Mərkəmət isə hazırda həbsdədir.
“Mars-M” şirkəti Bakının Nəsimi rayonu Səməd Vurğun küçəsində “Jasmin” ticarət mərkəzini tikib. Mərkəzin daxilindəki obyektlər bir qrup sahibkara satılsa da, sonradan şirkət külli miqdarda kredit müqabilində mərkəzi banklardan birinə girov qoyub və onu qaytara bilməyib. Nəticədə bank ticarət mərkəzinin mülkiyyət hüququnu qeydə alıb. Bu obyekt ətrafında mübahisə yaxın vaxtlara qədər davam etdi.
Xəbər 367 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|