15.04.2025 11:37
Ramzan Kadırov yola salınır...- Aadam Kadırov variantı masada yoxdur
Çeçen Respublikasında hakimiyyətin ötürülməsi layihəsi aktiv mərhələyə daxil olub. Məlumata görə, hazırda Kreml rəhbərlik üçün iki-üç mümkün namizədin üzərində düşünür, lakin bu siyahıda Ramzan Kadırovun 17 yaşlı oğlu Aadam Kadırovun adı yoxdur. Bu isə onu göstərir ki, Kadırovun hakimiyyəti faktiki olaraq irsi yolla ailədə saxlamaq planları mərkəzi hakimiyyətin müqaviməti ilə üzləşib.
Ramzan Kadırov hələ ötən həftə şəxsən ictimaiyyət arasında görünmüşdü, lakin onun səhhəti ciddi narahatlıq doğurur. Əgər vəziyyət bu templə davam etsə, yaxın aylarda Kadırov öz vəzifələrini hətta qismən belə yerinə yetirə bilməyəcək.
Səhhətindəki pisləşmə fonunda Kadırovun hakimiyyəti oğlu Adam Kadırova ötürmək niyyəti güclənib. O, bu prosesi hüquqi müstəvidə münaqişələr yaratmadan həyata keçirmək üçün yollar axtarıb. Rusiya prezidenti Vladimir Putinlə keçirilən qeyri-rəsmi görüş zamanı Kadırov bu istəyi prezidentə çatdırıb, lakin rədd cavabı alıb.
Moskvanın dəstəyini ala bilməyən Kadırov alternativ siyasi dəstəyi xaricdən axtarmağa başlayıb. Putinlə görüşdən bir ay əvvəl o, Qətər səfirini qəbul edib, daha sonra isə Qətər rəhbərliyi ilə gizli danışıqlara start verib. Hazırda Kadırova ən yaxın olan iki şəxsin Qətərdə olduğu bildirilir.
Bu cəhdlər mərkəzi hakimiyyətin reaksiyası ilə qarşılanıb: Çeçen xüsusi xidmət orqanlarının və güc strukturlarının Moskvadakı fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb. Bundan əlavə, Ramzan Kadırovun sağ əli sayılan və Dövlət Dumasının deputatı olan Aadam Delimxanova xəbərdarlıq edilib ki, əgər onun adı yenidən paytaxtda “hesablaşmalar” kontekstində hallanarsa, bütün köhnə işlər yenidən gündəmə gətiriləcək.
Delimxanova və onun komandasına “biznes mübahisələrinin həlli” ilə bağlı fəaliyyətlərini minimuma endirmək tövsiyə olunub.
Mərkəzi hakimiyyətin yeni rəhbərlik üçün irəli sürdüyü əsas şərtlər bunlardır: federal mərkəzə tam və total itaətlə sədaqət, büdcə xərclərinin şəffaflığı, qonşu regionlarla (İnquşetiya, Dağıstan) ərazi və qan davasından tam imtina, ictimai aktivliyin minimuma endirilməsi və yalnız regional gündəmlə məhdudlaşması.
Hakimiyyətin ötürülməsindən əvvəl hazırkı rəhbərliyin sərvətləri üzərində ciddi audit aparılacaq. Əsas diqqət onların xarici daşınmaz əmlaklarına və BƏƏ və Qətər banklarında saxlanılan vəsaitlərə yönələcək. Bu tədbir keçid dövründə mərkəzin nəzarətini möhkəmləndirmək məqsədi daşıyır.
Əldə edilən məlumata əsasən, Ramzan Kadırova simvolik federal vəzifə təklif olunacaq – bu, Təhlükəsizlik Şurası və ya hansısa "fəxri" post ola bilər. Bu, onun siyasi simasını qorumağa imkan verəcək, amma real idarəçilik imkanlarını əhəmiyyətli dərəcədə azaldacaq.
Yaşananlar Rusiyanın regionlarda çoxdan istifadə etdiyi “idarəolunan keçid” modelini xatırladır: rəhbər vəzifədən uzaqlaşdırılsa da, onun ətrafında rəmzi status saxlanılır, hakimiyyət isə yeni komandaya verilir.
Beləliklə, Çeçenistan yeni siyasi mərhələyə daxil olur. Ramzan Kadırovun şəxsi hakimiyyət dövrü sona yaxınlaşır, lakin bu sistemin sökülməsi Kreml üçün son dərəcə həssas məsələdir. Regionun sabitliyi, Şimali Qafqazdakı balans və Moskvanın idarəetmə arxitekturası bu keçiddən ciddi şəkildə asılıdır.
Əsas sual budur: bu keçid mümkün olacaqmı? Və Kadırovlar ailəsi bu yeni reallıqda hansı rolu oynayacaq – simvolik fiqurmu, qalıq nüfuz sahibi, yoxsa gələcəkdə mərkəzin siyasətinə müqavimət göstərə biləcək güc mərkəzimi?
Zaman yaxın perspektivdə bu suallara cavab verəcək. Amma bir məsələ artıq indi bəllidir: Çeçenistanın gələcəyi əvvəlkindən fərqli olacaq.
Elçin Alıoğlu
Xəbər 429 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|