30.04.2025 11:55
Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb
Respublika Psixatriya Xəstəxanası keçirdiyi tenderin nəticələrini açıqlayıb. Qurum çirkab suların daşınması prosesini həvalə edəcəyi şirkəti müəyyənləşdirib. Belə ki, bu məqsədlə “AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES” MMC ilə satınalma müqaviləsi bağlayıb. Müqavilənin dəyəri isə 72.109 manat təşkil edib.
Qeyd edək ki, sözügedən şirkət son bir ildə daha üç tenderin də qalibi olub.
Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araçdırma zamanı məlum olub ki, bu ilin yanvarında “AzTeleKom”la anlaşan şirkət yüklərin daşınması, evakuasiya, yükqaldırma, sərnişin daşıma və digər əlaqəli xidmətlərin satınalınmasını reallaşdırıb. Bunun müqabilində isə 445 min 450 manat əldə edib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu da (AQTİ) ötən il yük daşıma xidmətlərinin satın alınması məsələsində “AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES” MMC ilə anlaşıb. 9.870 manatlıq müqavilə bağlayıb.
Keçən il sonuncu belə razılaşma isə Dövlət İmtahan Mərkəzi ilə olub. Belə ki, təmizlik (cleaning) xidmətinin satın alınması məqsədi ilə keçirilən tenderin qalibi olan MMC 79 min 296 manat dəyərində iş görəcəyi öhdəliyi götürüb.
Maraqlıdır ki, Dövlət İmtahan Mərkəzi bu ilin aprelində də sözügedən şirkətlə anlaşma əldə edib. Lakin bu tenderin nəticəsi etender.gov.az saytında yerləşdirilməyib. Belə ki, “AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES” MMC DİM-lə yüklərin daşınması məsələsində 25 min 960 manatlıq müqavilə imzalayıb.
Araşdırma zamanı o da məlum olub ki, bu şirkət daha çox “188” yükdaşıma şirkəti olaraq tanınır. Üstəlik, götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə ən çox məhkəməyə verilənlər sırasındadır. Məsələn, internet mənbələrində ötən il ərazində şirkətin ən az 5-6 dəfə məhkəməyə verildiyinə dair məlumatlar var. Məhkəməyə verənlər arasında “İlk Media” şirkətinin rəhbəri, “Bozbaş Picture” layihəsinə başçılıq edən İlkin Həsənli də var.
Maraqlıdır ki, bunca məhkəməyə verilən, reputasiyası elə də aydın olmayan bu şirkətə dövlətin önəmli qurumlarının maraq göstərmələrinin səbəbi nədir?
Xatırladaq ki, “Azcargo Logistics and Management Services” MMC 27 dekabr 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Mustafayev İsmixan Məmməd oğludur. O, həm də şirkətin icraçı direktorudur.
Xəbər 269 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|