1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasının dördüncü enerji blokunda baş vermiş partlayış nəticəsində bəşəriyyət tarixində ən böyük texnogen fəlakət yaşandı. Lakin bu hadisə ilə bağlı məlumatı SSRİ partiya-dövlət rəhbərliyi və xüsusi xidmət orqanları dərhal məxfi sənədlər kateqoriyasına daxil etdilər.
Ölkə daxilində məlumat yayımına qadağa
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) 26 aprel tarixində Kiyev şəhəri və vilayəti üzrə DTK idarəsinin göndərdiyi ilkin məlumatlardan birində qeyd olunurdu:
“Məlumat sızmasının, yalan və təşviş doğuran şayiələrin yayılmasının qarşısını almaq məqsədilə gedən yazışmalara nəzarət təşkil olunmuş, beynəlxalq əlaqə xətlərinə çıxış məhdudlaşdırılmışdır.”
Baxmayaraq ki, artıq aprelin 27-si günorta saatlarından etibarən Pripyat və ətraf kəndlərdən insanların təxliyəsinə başlanmışdı, Sovet hökuməti və “dünyanın ən dürüst” KİV-ləri baş verən faciə ilə bağlı susqunluq nümayiş etdirirdi.
Aprelin 28-də saat 21:00-da “Vremya” teleproqramında aparıcı, sanki təsadüfi şəkildə, Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdiyini, nəticədə reaktorlardan birinin zədələndiyini, zərərçəkənlərə yardım göstərildiyini və hökumət komissiyasının yaradıldığını bildirdi. Bu qısa məlumat cəmiyyətə qəzanın əhəmiyyətli olmadığını, vəziyyətin nəzarət altında saxlanıldığını göstərmək və təşvişin qarşısını almaq üçün verilmişdi.
1986-cı il aprelin 29-da Ukrayna SSR-in Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) Kiyev şəhəri və vilayəti üzrə idarəsinin rəisi Leonid Bıxov tərəfindən “şayiə və təşviş doğuran məlumatların yayılmasının qarşısını almaq üçün müəssisə və təşkilatlarda şəhər və rayon orqanlarının fəaliyyətinin gücləndirilməsi, onların müəlliflərinə qarşı qəti tədbirlərin görülməsi” barədə göstəriş verilmişdi. Rayon DTK idarələrinə tapşırılmışdı ki, hər gün saat 11:00 və 17:00-a qədər “söz-söhbət yayanların” sayı, aparılan profilaktik söhbətlər və edilmiş rəsmi xəbərdarlıqlar barədə məlumat versinlsin.
Aprelin 30-da “Pravda” qəzeti nəhayət ki, sükutu pozaraq qısa bir yazı dərc etdi. Yazıda “Vremya” proqramında səsləndirilmiş məlumatlar təkrarlanmış, əlavə olaraq Pripyatdan təxliyyənin həyata keçirildiyi və radiasiya səviyyəsinin ciddi şəkildə nəzarət olunduğu bildirildi.
Ukrayna SSR DTK-sının sədri Stepan Muxa isə Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vladimir Şçerbitskiyə təqdim etdiyi məxfi arayışda xüsusi xidmət orqanlarının 1 May bayramı ərəfəsində operativ vəziyyətin Kiyev, Çerniqov və Jitomir vilayətlərində nəzarət altında saxlanılması istiqamətində gördüyü tədbirlər barədə məlumat vermişdi. Bu tədbirlər 26 aprel tarixində Çernobıl AES-də baş vermiş fövqəladə hadisələr fonunda həyata keçirilirdi”.
Əməkçilərlə həmrəylik günü Sovet İttifaqında ən mühüm ideoloji bayramlardan biri hesab olunurdu. Buna görə də hakimiyyət bu günü qeyd etməmək və ya ləğv etmək kimi bir addım ata bilməzdi.
Radioaktiv buludun küləklə birlikdə Kiyev istiqamətində hərəkət etməsinə baxmayaraq, Kreml rəhbərliyi şəhərdə izdihamlı parad keçirilməsi barədə göstəriş verdi.
“Bu parad dünya ictimaiyyətinə göstərməli idi ki, vəziyyət nəzarət altındadır, insanlar üçün təhlükə yoxdur və onlar özlərini müdafiə olunmuş hiss edirlər, – deyə Serhiy Ploxiy «Çernobıl. Nüvə fəlakətinin tarixi» kitabında yazır. – Qərb KİV-ləri isə qəzanın nəticəsində minlərlə insanın həlak olması və dağıntıların miqyası barədə yalan məlumatlar yaymaqla, sovet təbliğat müharibəsinin bir hissəsinə çevrilmişdi. Şəhər mərkəzində gülümsəyərək addımlayan kiyevlilərin görüntüləri bütün dünyaya belə bir mesaj göndərməliydi – partiya hər şeyi nəzarətdə saxlayır”.
Eyni zamanda, həmin paradın fotoşəkilləri və qəzet materialları sovet hakimiyyətinin insanlara qarşı cinayətinin bariz sübutuna çevrildi. “Minlərlə kiyevli 1 mayda qəhrəman şəhərin əsas prospekti – Xreşatikdə yürüş etdi, – deyə 2 may tarixli “Veçerniy Kiyev” qəzeti yazırdı, – Xreşatikdəki təntənəli yürüşdə 120 mindən çox kiyevli və paytaxt qonaqları iştirak etdi.” Bu rəqəmlərin dəqiqliyinə şübhələr var, çünki Kiyevin hər bir on inzibati rayonundan yürüşə qatılmalı olan iştirakçı sayı üçün kvota təyin olunmuşdu – hər rayondan 2 000 nəfər (adətən bu göstərici 5 000 nəfər ətrafında dəyişirdi.
Mayın 3-nə olan məlumata görə, Ukraynada artıq 911 nəfər radiasiya zədələnməsi simptomları ilə xəstəxanaya yerləşdirilmişdi. Ertəsi gün bu rəqəm 1345 nəfərə çatdı, onlardan 330-u uşaq idi.
Sonradan Kiyev xəstəxanalarının radiologiya şöbələri dolduğundan, bu diaqnozla xəstələri artıq şəhərdən kənarda qəbul edilməyə başladı.
Çernobıl AES-də baş vermiş hadisə ilə bağlı informasiya blokadası bütün səviyyələrdə ciddi nəzarətdə saxlanılırdı. Hətta hadisənin episentrinə yaxın olan bölgədə də – Çernobılın “Qələbə Bayrağı” adlı yerli qəzeti faciə ilə bağlı bir kəlmə belə yazmamışdı. Həmin qəzetin son nömrəsi isə təntənəli və təbliğat dolu şüarlarla çıxmışdı:
“Sovet insanı arxayın yaşaya bilər: partiya dövlətin gələcəyinə görə daşıdığı məsuliyyətin tam fərqindədir”.
1986-cı ilin may ayında SSRİ DTK-nın 6-cı İdarəsinin 5-ci şöbəsi Çernobıl AES-də baş vermiş hadisələrlə bağlı 26 bənddən ibarət məlumat siyahısı tərtib etdi. Bu məlumatların hamısı məxfi elan olunmuşdu. Fəlakətin miqyasını kiçiltmək məqsədilə dövlət təhlükəsizlik orqanları həm mətbuatda, həm də şəxsi söhbətlərdə aşağıdakı məsələlərin açıqlanmasına ciddi qadağa qoymuşdu: Çernobıl AES-in 4-cü enerji blokunda baş vermiş qəzanın səbəbləri, dağıntıların xarakteri və miqyası, partlayış zamanı reaktordan çıxan maddələrin tərkibi və həcmi, atom elektrik stansiyasının içərisində və 30 kilometrlik zonada radiasiya çirklənməsi səviyyəsi, qəzanın nəticələrinin aradan qaldırılması zamanı aparılan deaktivasiya işlərinin miqyası, stansiya əməkdaşları, ləğvedicilər və təxliyə olunmuş əhali arasında şüa xəstəliyinə yoluxma statistikasının dərc olunması, habelə hadisə ilə əlaqəli olaraq qeydə alınmış zəhərlənmə halları və epidemioloji xəstəliklər haqqında məlumatlar var idi. Məxfi siyahıya həmçinin bu bəndlər daxil idi: 4-cü enerji blokunun konservasiyası üçün ayrılmış dövlət investisiyalarının həcmi, qəzanın nəticələrinin ləğvi ilə məşğul olan təşkilatların adları və bu işlərə cəlb edilmiş əməkdaşların sayı.
Fəlakətin əsl miqyasını gizlətmək üçün hakimiyyət misli görünməmiş tədbirlərə əl atdı. O cümlədən, radiasiya zədəsi almış şəxslərə qoyulan diaqnozlar saxtalaşdırılırdı. Ukrayna SSR DTK-nın Kiyev şəhəri üzrə 6-cı şöbəsinin 1986-cı il 13 may tarixli arayışında qeyd olunurdu: “Şevçenko rayon DTK-nın məlumatına görə, Kiyev vilayət rəhbərliyi və 25 xəstəxana, Ukrayna SSR Səhiyyə Nazirliyinin göstərişinə əsasən, şüa xəstəliyinin simptomları olan pasiyentlərin xəstəlik tarixində diaqnoz kimi ‘vegetativ-damar distoniyası’ yazırlar”.
Hadisə haqqında məlumatın ölkə xaricinə yayılmasının qarşısının alınması
Sovet İttifaqında vaxtaşırı baş verən texnogen fəlakətlərin ört-basdır edilməsi təcrübəsinə sahib olan hakimiyyət bu dəfə də məlumatı gizlətməyi planlaşdırırdı. Lakin problemin miqyası əvvəlkilərlə müqayisədə qat-qat böyük idi: atmosferə 50 milyon küri həcmində radioaktiv maddələr buraxılmışdı. Üstəlik, Çernobıl AES İttifaqın Avropa hissəsində yerləşirdi və külək radiasiya buludunu Belarus, Litva üzərindən İsveç və Finlandiyaya, daha sonra isə digər Avropa ölkələrinə doğru aparırdı. Nəticədə, ilk reaksiya İsveçdən gəldi: bu ölkə havada radiasiya səviyyəsinin artdığını qeydə aldı və SSRİ hökumətindən rəsmi izahat tələb etdi. Beləliklə, beynəlxalq qalmaqalın qaçılmaz olduğu şəraitdə qəzanı gizlətmək mümkün olmadı. Kiyevdəki DTK Moskvanın göstərişlərini alırdı – Çernobıl qəzası ilə bağlı daxili və xarici auditoriyaya nə deyilməli və necə təqdim olunmalı idi. Məlumatlarda qəzanın əsas səbəbi kimi yalnız insan faktoru vurğulanırdı; texnoloji və konstruktor çatışmazlıqları isə tamamilə gizlədilirdi.
Çernobıldakı hadisə Qərb və ABŞ mediasında aparıcı xəbər mövzusuna çevrildi.
1986-cı il aprelin 29-da Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) mütəxəssisləri Çernobıl hadisəsi ilə bağlı hesabat hazırladılar və onu tarixdəki ən dəhşətli nüvə fəlakəti adlandırdılar. Onlar həmçinin minlərlə insanın həyatını itirməsi və ya müxtəlif formalarda zərər görməsi ilə bağlı yayılan məlumatların əsassız olmadığını qeyd etdilər. Həmin gün ABŞ prezidenti Ronald Reyqanın administrasiyası Sovet İttifaqının dövlət katibliyinə silahlanma ilə bağlı danışıqlarda iştirak edən sovet diplomatına yardım təklif etdi. Aprelin 30-da Reyqan SSRİ rəhbəri Mixail Qorbaçovdan rəsmi məktub aldı. Serhiy Ploxiy öz “Çernobıl. Nüvə fəlakətinin tarixi” adlı kitabında bu məktubdan sitat gətirir:
“SSRİ bildirir ki, radioaktiv maddələrin sızması nəticəsində əhalinin qismən təxliyəsi həyata keçirilmişdir… radiasiya vəziyyəti sabitləşmişdir… çirklənmə səviyyələri, bəzi hallarda normanı keçməsinə baxmayaraq, əhalinin müdafiəsi üçün xüsusi tədbirlər tələb etmir”.
Sovet təbliğatı yardım təkliflərinə cavab olaraq xarici ölkələrdə baş vermiş nüvə qəzaları haqqında mətbuatda bir sıra yazılar dərc etdi.
Aprelin 30-da Moskvada xarici səfirlər üçün SSRİ xarici işlər nazirinin birinci müavini Anatoli Kovalov tərəfindən Çernobıl AES-də baş verən hadisələrlə bağlı brifinq keçirildi. Ümumi ritorika ondan ibarət idi ki, vəziyyət Qərb mediasının təqdim etməyə çalışdığı qədər dəhşətli deyil. Bundan sonra, respublikaların xarici işlər nazirləri yerli hakimiyyət nümayəndələrinin xaricilərə qəza ilə bağlı məlumat verərkən nə deyə biləcəkləri barədə təlimat və izahatlar aldılar. Əsas tezislər belə idi: sağlamlığa heç bir təhlükə yoxdur, və “vəzifə ondan ibarət idi ki, xəstə insanların ölkədən çıxmasının qarşısı alınsın ki, bu, düşmənlərimizin təsadüfi hallardan antisovet məqsədlərlə istifadə etməsinə imkan verməsin”.
Mayın 5-də “Böyük Yeddilik” ölkələrinin liderləri Tokioda keçirilən görüş zamanı Çernobıl qəzası ilə bağlı birgə bəyanat hazırladılar:
“Biz Sovet İttifaqı Hökumətini dərhal bizim və digər ölkələrin sorğuladığı bütün məlumatları təqdim etməyə çağırırıq.”
Dünya ictimaiyyəti baş verən hadisə ilə bağlı düzgün və dürüst məlumat almağa çalışırdı. Aprelin 27-dən mayın 22-dək Kiyevə 22 xarici diplomatın səfəri baş tutdu. Bütün məlumatlar məxfi saxlanılırdı, və məlumat sızmasının qarşısını almaq üçün DTK xarici jurnalistlərin və diplomatların hərəkətlərini ciddi nəzarətdə saxlayır, telefon danışıqlarını dinləyir, televiziya süjetlərinin yayımını bloklayırdı.
Mayın 8-də sovet hakimiyyətinin dəvəti ilə MAQATE-nin baş direktoru Hans Bliks Kiyevə gəldi.
Bu səfərin məqsədi bir tərəfdən hakimiyyətin açıq olduğunu nümayiş etdirmək, digər tərəfdən – əgər hər şey plan üzrə getsə – qəzanın Qərb mediasında təqdim edildiyi qədər dəhşətli olmadığını göstərmək idi. Bliksin Çernobıl AES-ə necə aparılacağı məsələsi uzun müddət müzakirə olundu. Avtomobil yolları ilə hərəkət etmək təhlükəli idi, çünki radioaktiv toz torpağa hopmuşdu. Belə yerlərdə dozimetr cihazları sadəcə maksimum həddə çatırdı. Helikopterlə uçuş zamanı isə “Duqa” adlı məxfi radiolokasiya stansiyasının görünməsi riski vardı. Uzun müzakirələrdən sonra Mixail Qorbaçov helikopterlə uçuşa icazə verdi.
Serhiy Ploxiy yazır ki, Bliks “Duqa” stansiyasını görüb-görmədiyi məlum deyil, amma o, helikopterin içində – reaktordan 800 metr məsafədə və 400 metr yüksəklikdə – saatda 350 millirentgen radiasiya səviyyəsini qeydə aldı. Helikopterin kabinəsi xaricində ölçmə aparılmadı və AES-in ərazisinə daxil olunmadı. Onlar yalnız Çernobıl qəsəbəsində eniş etdilər və oradan birbaşa Kiyevə qayıtdılar. Moskvada keçirdiyi mətbuat konfransında Bliks bildirdi: “Biz tarlalarda çalışan insanları, otlaqlarda heyvanları, küçələrdə hərəkət edən avtomobilləri gördük. Ruslar əmindirlər ki, ərazini zərərsizləşdirə biləcəklər. Bu torpaqlar yenidən kənd təsərrüfatı üçün yararlı olacaq”.
DTK-nin informasiya məruzələri xaricilərin həqiqəti axtarması ilə bağlı hekayələrlə dolu idi. 1986-cı il mayın 23-dən 25-dək Kiyevdə Amerikanın “CBS” televiziya kanalının çəkiliş qrupu fəaliyyət göstərirdi. Onlara qarşı sutkalıq müşahidə təşkil olunmuşdu. Qrupun hərəkət marşrutu boyunca əməliyyatçı və agentlər cəlb olunmuşdu – lazım gəldikdə onlar adi keçmiş vətəndaşlar və ya stansiya əməkdaşları kimi çıxış edir, sovet hakimiyyəti üçün lazım olan informasiyanı yayırdılar.
“DTK amerikalıların niyyətləri barədə məlumat əldə etmək, onların fəaliyyətini nəzarətdə saxlamaq, istifadə etdikləri avadanlıqları öyrənmək və xaricilərə sovet tərəfi üçün sərfəli məlumatlar çatdırmaq məqsədilə kompleks əməliyyat tədbirləri həyata keçirmişdir,” – deyə Ukrayna SSR DTK-nın sədri Stepan Muxa Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vladimir Şçerbitskiyə təqdim etdiyi məruzədə bildirirdi.
Etibarlı və dolğun məlumatların olmaması səbəbindən bir sıra xarici hökumətlər Kiyev və Minskdə yerləşən vətəndaşlarını geri çağırdılar.
Əsasən bu, həmin şəhərlərdə təhsil alan tələbələr idi. “İnkişaf etməkdə olan ölkələr”dən olan tələbələr – digər tələbələrin evakuasiya olunmasını müşahidə etdikdən sonra – öz səfirliklərinə müraciət edərək evakuasiya olunmaq istədiklərini bildirdilər. Onların arasında Misir, Nigeriya, Hindistan və İraq vətəndaşları var idi. KQB bu barədə hesabatında qeyd edirdi: “Onlar sadəcə olaraq pulsuz təyyarə biletləri və daha uzun tətil əldə etməyə çalışırdılar…”
Serhiy Ploxiyin “Çernobıl. Nüvə fəlakətinin tarixi” kitabı və “KQB-nin Çernobıl dosyesi” iki cildlik nəşri əsasında Nataliya Slobojanina tərəfindən hazırlanmışdır
Məqalə Ukrayna Milli Yaddaş İnstitutu tərəfindən hazırlanmış, Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur.
Xəbər 196 dəfə oxunub.