Professor Mahirə Hüseynova: ”Keçmişinə hörmət etməyən xalqın gələcəyi olmaz”.
İctimaiyyət nümayəndələri, ziyalılar, ictimai xadimlər görkəmli dövlət xadimi İlyas Vəkilovun məzarını ziyarət ediblər. Bu barədə ADPU-nin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, Leyla Calalova məlumat verib. O, bildirib ki, ADPU-nin prorektoru, professor Mahirə Hüseynovanın təşəbbüsü ilə dövlət xadimi İlyas Vəkilovun 120 illik yubileyi çərçivəsində Azərbaycan Dövlət Televiziyasının Mədəniyyət Kanalında “ Şərəfli ziyalı ömrü yaşayan İlyas Vəkilov” adlı verliş hazırlanmışdır. Eyni zamanda bu tədbirlər çərçivəsində ictimaiyyət nümayəndələrinin iştirakı ilə İlyas Vəkilovun məzarı ziyarət edilib.
Anım tədbirində çıxış edən ADPU-nun prorektoru, Qərbi Azərbaycan Dərələyəz (Keşkənd) icmasının rəhbəri, professor Mahirə Hüseynova deyib: “Bütöv Azərbaycanın dəyərli bir parçası olan, Qərbi Azərbaycana qayıdış hərəkatı, müxtəlif platformalarda gerçəkləşir. Bu mənada yurd yerlərimizdən Azərbaycana bəxş edilmiş ziyalıların, dövlət xadimlərinin təbliği, tədqiq olunması ehtiramla yad edilməsi çox önəmlidir. Bu gün işığına toplaşdığımız, dövlət xadimi, parlaq ziyalı, vətən təəssübkeşi İlyas Vəkilovda belə şəxsiyyətlərdəndir. Bizi yurd yerlərimizə bağlayan həm də bu cür ziyalılardır. İlyas Vəkilovun 120 illik yubileyi çərçivəsində reallaşan anım tədbiri gənc nəsil üçün bir örnəkdir. Keçmişinə hörmət etməyən xalqın gələcəyi olmaz deyiblər. Bu tarixi yaddaş, bizi Qərbi Azərbaycana qaytaracaq”.
Professor Mahirə Hüseynova babası el ağsaqqalı İbrahim Mirzəli oğlu ilə İlyas Vəkilovun yaxın münasibətlərindən də danışmışdır.
Sonra İlyas Vəkilovun tədqiqatçısı ehtiyatda olan polkovnik Kamil Dərələyəzli (Məmmədov) çıxış edərək dövlət xadiminin həyat və yaradıcılığından, Azərbaycan xalqının mariflənməsindəki tövhələrindən danışdı.
Sonda vəkilovlar ailəsi adından hüquqşünas Səməd Vəkilov mərasim iştirakçılarına təşəkkür etdi.
Qeyd edək ki, 120 illik yubileyi qeyd edilən İlyas Sultan bəy oğlu Vəkilov 20 mart 1905-ci ildə Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. 1923-cü ildə Bakı hərbi məktəbini bitirərək bölük komandiri rütbəsi almışdır (1927). Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığında xüsusi şöbə rəisinin müavini və rəisi işləmişdir (1927–1929). Moskva Kommunist Tərbiyəsi Akademiyasında təhsilini (1929–1931) başa vurduqdan sonra Azərbaycan SSR Dövlət Plan Komitəsi sistemində işləmiş (1931–1935), ixtisasını artırmaq üçün Moskvada Ümumittifaq Plan Akademiyasında təhsilini davam etdirmişdir (1935–1938). Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri olmuş (1938–1949). İlyas Vəkilov bu idarəyə rəhbərlik edərkən onun şəxsi zəmanəti ilə Azərbaycan xalqının böyük oğlu, dahi siyasətçi, ümummilli lider Heydər Əliyev bu quruma işə qəbul edilmişdir. Ümummilli Lider Heydər Əliyev ona daimi ehtiramla yanaşmışdır.
İlyas Vəkilov otuz il Bakı Şəhər Soveti plan komissiyasının sədri vəzifəsində işləmişdir (1949–1978).
İlyas Vəkilov "Oktyabr inqilabı", "Şərəf nişanı" ordenləri, "Qafqazın müdafiəsi uğrunda" medalı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilmişdir. Dəfələrlə Bakı Şəhər Sovetinin deputatı və İcraiyyə Komitəsinin üzvü, Azərbaycan KP Bakı Komitəsinin üzvü seçilmişdir.
Xəbər 561 dəfə oxunub.