08.03.2025 10:40
“Aztelekom” bizi necə aldadır: İnternetin sürəti nə qədərdir?
Ötən il avqustun 15-də “Azrelekom” MMC ölkədə internet tariflərinin bahalaşmasının əsas səbəbi kimi istehlakçılara təqdim olunan minimal sürətin 100 Mbit/s təşkil edəcəyini açıqlamışdı.
“Şirkət GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq”– deyə, açıqlamada bildirilirdi.
Bundan sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bəyan etmişdi ki, internet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlayıb.
“...Nəticə etibarilə, müştərilər, o cümlədən istehlakçı üçün formalaşan minimum fiber optik internet xidməti tarifinin dəyəri kəskin yüksəlmiş olacaq. Bundan əlavə, daha aşağı internet sürəti (100 mbit/s-dən aşağı) seçmək istəyən müştərilərin seçim imkanlarının məhdudlaşdırılacağı və onların alıcılıq qabiliyyəti nəzərə alınmadan yüksək sürətli internet paketlərinin yüksək qiymətə təqdim ediləcəyi müəyyən edilib. Hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir. Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də Məcəllə ilə qadağan olunur”, - Dövlət Xidmətinin açıqlamasında qeyd olunurdu.
Bu araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə hər hansı açıqlama verilməyib.
İqtisadçı ekspert Toğrul Vəliyev bildirir ki, araşdırmalara kömək edə bilər: “Misal üçün, nazir Rəşad Nəbiyev öz sosial şəbəkə hesablarında qeyd edib ki, 2024-cü ildə ölkəmizdə sabit genişzolaqlı internetin orta sürəti 65.6 Mbit/stəşkil edib. Deyə bilərsiniz ki, bu illik ortadır və heç nə demir. Amma bununla bərabər "Ookla" analitik şirkəti də yanvar ayının nəticələrinə dair hesabatda qeyd edir ki, Azərbaycanda orta sürət 66-69 Mbit/s təşkil edir. Hələ qeyd etmək lazımdır ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyin İdarə Heyətinin sədri qeyd edib ki, "Ookla"-nın nəticələrində problem var, "internetin sürətinin ölçmə nəticələrinin 10-20%-dək təhrif olunmasına səbəb olur". Təxmin edirəm ki, təhrif olunma azalma yox, artım istiqamətində olur. Provayderlər sürəti göstərərkən, onu aşağı salsaydılar təəccüblü görsənərdi”.
İqtisadçı vurğulayır ki, heç ciddi araşdırma aparmadan xidmətlərin keyfiyyətinin ödənilən tarifə uyğun olmadığı aydın görünür: “Bəlli olmayan səbəbə görə statusu artmış qurum müvafiq sübutları hələ də toplaya bilmir. Yeri gəlmişkən, elə internet ilə bağlı elandan iki həftə sonra Xidməti Agentliyə çevirdilər və İqtisadiyyat Nazirliyindən çıxartdılar. Başqa tərəfdən, müvafiq bazarda faəliyyət göstərən şirkətlərin hesabatlarına baxarkən, təəccüblənməmək mümkün deyil. Düzdür, “Aztelekom” və “Baktelekom” heç 2023-cü ilə dair hesabatlarını belə paylaşmayıblar. Misal üçün, 2022-ci ilin hesabatına görə “Aztelekom”-un "ümumi, inzibati və digər xərcləri" birdən birə 33% artmışdı. Bunun müqabilində gəlirləri cəmi 8% artıb. Ona görə rəsmi olaraq zərəri də 2,5 dəfə artmışdı. Səbəb olaraq investisiyalar göstərilib, amma detallı məlumat verilməyib. “Baktelekom”-un isə sonuncu hesabatı ümumiyyətlə 2021-ci ilə aiddir”.
T.Vəliyevin sözlərinə görə, özəl şirkətlərə baxsaq görə bilərik ki, telekommunikasiya sahəsi mənfəət cəhətindən sərfəli bir sahədir: “Misal üçün, Delta Telekom 2022-ci ildə 82,3 milyon manatlıq dövriyyə (ƏDV-siz) ilə 35,6 milyon manat vergidən əvvəlki mənfəət əldə etmişdi. Nəticə etibarilə xalis mənfəəti satış dövriyyəsinin 35%-ni (!) təşkil etmişdi. 2024-cü ilin nəticələrinə görə ödədiyi vergi məbləği 2022-ci ilin təxmini səviyyəsində idi. Ona görə təxmin edə bilərik ki, ən azı mənfəəti də o səviyyədə qalmışdı. AG Telekom (KATV1) 2023-cü ilin nəticələrinə görə 9,24 milyon manat xalis mənfəət əldə edib. Müvafiq olaraq xalis satışlar ilə müqayisədə bu 25%-dir. Aaşağı olmasının səbəbi bəlkə də əlavə TV-xidmətlərinin göstərilməsi ilə bağlıdır. Digərlərinə dair məlumat tapmaq çətindir, amma təxmin edə bilərik ki, orada da mənfəət faizi eynidir”.
Ekspert vurğulayıb ki, müvafiq sahədə çalışan şirkətlər təxmini 25-35% xalis mənfəət əldə edirlər və prinsipcə pis yaşamırlar.
“Onlar hər hansı ciddi bir dəyişikliyin olmadığı halda birdən birə tarifləri artırmaq qərarına gəldilər. Bu sahəyə nəzarət edən qurumlar isə heç nə etmədilər”, - T.Vəliyev qeyd edib.
Xəbər 221 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|