26.01.2025 12:36
Azərbaycanın “intellektual” zibilxanası
Gördüyünüz bu adamlar və onlar kimi populyar onlarla insan müvafiq təhsilləri, mütaliələri və mözvulara dair müasir nəzəri bilikləri olmadan çoxlu absurd şeylər danışırlar.
Məsələn, Toğrul Səməd adlı oğlan deyir ki, Azərbaycan dilinin 40 %-i ərəb sözü, 30%-i türk, filan qədəri filankəsin, qalan az qismi də öz sözümüzdür. Adam bunu əminliklə deyir. Öz ala-çiy bilgisi ilə bu qənaətə gəlib. Ağıllı başlı bir dilçi ilə bunu danışmayıb, nə də ki, mövzu barədə ciddi bir mənbə oxumayıb. Azərbaycan dilinin 40%-i ərəb sözü ola bilməz. Üstəlik Azərbaycan dili elə türk dilidir. Necə yəni “30%-i türk, qalanı bizim”?! Türk kimdir, biz kimik?!
Başqa videoda da deyir ki, Amerikada televizoru ustalar divara 1000 dollara vurur. 5 ildir burada yaşayıram və sahəyə bələdəm. Qiymət heç onun uydurduğunun yarısı qədər deyil.
Onun başqa videolarına baxın. Dəhşətə gələcəksiniz.
Siyahını özünü psixoloq adlandıran Nizami bəyin öz həyat travmaları ilə daha da korlanmış mental və etik dəyərlərini, qənaətlərini psixoloji don geyindirib camaata sırımasından, heç bir mözvuda ağıllı-başlı söhbət edə bilməyib hər şey haqda dərinliyi ilə və əminliklə danışan DJ Tural və onun adını bilmədiyim tərəfdaşından, dediklərinin bir çoxunun müasir tibb elmi ilə əlaqəsi olmayan el ağsaqqalı Rəşid doktorun sayıqlamalarından nümunələr gətirməklə uzatmaq olar.
Özü də bu sadaladığım adamlar hamısı küçə dilində danışırlar. Guya ki, xalqın öz dilində danışıb insanların gözünü açırlar. Amma çox oxumuş adamın nitqi bu cür olmur. İstər-istəməz cilalanır, lüğət tərkibi və intonasiyası dəyişir. Nadir istisnalar ola bilər, amma bu cür nitq sahibləri nə vaxt ki “ziyalılıq” həvəsi ilə nəsə danışırlar, altından populist ideyalar, uydurma “faktlar”, nəzəriyyə ilə düz gəlməyən, lakin deyiləndə kütlənin xoşuna gələ biləcək məlumatlar çıxır.
Ölkədə elə bir intellektual boşluğu var ki, meydanı alaq otları dolurub. Amma “məscidin qapısı açıqdır, bəs itə nə olub?!”.
Axı bunlarda bu qədər özgüvən hardandır? Adam necə bilmədiyi mövzu haqda belə dərindən danışar?! Özü də onminlərlə kütləyə!
Heç kim inciməsin, əgər əlavə oxuyub, öyrənib özünü inkişaf etdirməmisənsə, İqtisad Universitetində, Bakı Dövlətdə və analoji “təhsilsizlik” ocaqlarımızda aldığın yarımfabrikat təhsillə belə dərin nəzəri söhbətlər edə bilməzsən, dost! Evdə danış, çayxanada danış, dostların arasında danış, amma kütləyə çıxma. Onsuz da şikəst cəmiyyəti bir az da sən zəlil eləmə.
Camaat da rəylərdə elə dəstək olur bunlara! Axı o “intellektuallar” elə müraciət etdikləri cəmiyyətin səviyyəsinə müvafiqdirlər!
Çox təəssüf edirəm. Çox üzülürəm millətimə.
Həsən İsgəndər
Xəbər 354 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|