13.02.2025 16:54
Ukraynanın taleyi necə və yeni prezidenti kim olacaq? -TƏFƏRRÜAT
ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasındakı telefon danışığı belə bir fikri yürütməyə əsas verir ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı konkret “yol xəritəsi” yoxdur, sadəcə Ağ Evin yeni rəhbərliyi seçkiöncəsi verdiyi vədə uyğun olaraq bacardıqca aktiv müharibə fazasını dayandırıb atəşkəsə nail olmaq, digər məsələləri danışıqlar masasında müzakirə etmək istəyir. Ukrayna artıq Ukraynasız “siyasi bazarlıq” predmetinə çevrildiyindən ölkənin gələcəyi də qeyri-müəyyən və qaranlıqdır.
Trampın açıqlamalarından o da görünür ki, Ağ Evin yeni rəhbərliyinin Ukraynaya olan münasibətinin kökündə həm də prezident Vladimir Zelenskiyə olan şəxsi münasibəti durur. Burada ABŞ maraqlarından daha çox şəxsi maraqlar önə çıxır. Bunu Trampın Putinlə telefon danışığından sonra verdiyi açıqlamalarda Zelenskini aşağılayıcı və onun imicinə xələl gətirən ifadələr işlətməsində də görmək olar.
Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı planın olmaması, Kiyevin danışıqlar prosesində bərabərhüquqlu səviyyədə iştirakı barədə “Onların xalqı ölür və onlar sülhə nail olmalıdırlar”, “Zelenski edilməli olanı edəcək”, “Onun reytinqi yumşaq desək, çox yaxşı deyil”, “Nə vaxtsa seçkilər keçirilməli olacaq" kimi eyhamlı cavabları dediklərimizin aydın sübutudur.
Proseslərin gedişi onu deməyə əsas verir ki, Rusiya-Ukrayna müharbəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində Kiyev ikinci dərəcəli iştirakçı olacaq. Bunun da əsas səbəbi həm Trampın, həm də Putinin Zelenskiyə olan şəxsi münasibətidir.
Zelenski bu oyunda qurbanlıqdır.
Trampla Zelenski arasında münasibətlərin korlanmasının kökü onun birinci prezidentlik dövrünə, 2018-2019-cu illərə təsadüf edir.
2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində əsas rəqibi olan demokratların namizədi Co Baydenə qarşı kompromatlar əldə edilməsində və bu məqsədlə də vitse-prezident Co Bayden, onun oğlu Hunterə qarşı Ukraynada araşdırma aparılmasını xahiş edib. Lakin Zelenski Trampın bu təklifini rədd edib.
Qərb mediasının yazdığına görə, Tramp 2019-cu ildə Zelenskidən hətta səkkiz dəfə Baydenin oğlunun araşdırılmasına kömək etməsini istəyib. Lakin müsbət cavab almayıb. Bu da iki lider arasında münasibətlərin gərginləşməsinə səbəb olir. Nəticədə 25 sentyabr 2019-cu ildə Trampla Zelenski arasında 25 iyul 2019-cu ildə baş tutan telefon danışığın da Co Baydenə zərər verə biləcək araşdırma aparılması ilə bağlı danışığın stenoqramı yayılıb.
Tramp bu söhbətdə Co Baydenin Ukraynanın özəl neft-qaz şirkəti “Burisma”nın Direktorlar Şurasının üzvü olan oğlu Hunterin adını çəkir. ABŞ vitse-prezidenti kimi Co Bayden Ukraynanın baş prokurorunu işdən çıxarmaqla Hunteri Ukraynada korrupsiya araşdırmasından qoruyub. "Bayden təhqiqatı dayandırdığı ilə öyündü, ona görə də bunun üstünə düşə bilsəniz, bu, əla olardı", - Tramp Zelenskiyə deyib. Tramp Hunter Bayden işi ilə bağlı şəxsi vəkili Rudi Giuliani ilə əlaqə saxlamaq istəyini də ifadə edib. "Mən ondan xahiş edəcəm ki, baş prokurorla birlikdə sizə zəng etsin. Rudi baş verənlərdən çox xəbərdardır və o, çox bacarıqlı oğlandır. Əgər onunla danışa bilsəniz, bu, əla olardı", - Tramp Zelenskiyə deyib.
Bu məsələlər dünya mediasında da geniş yer almışdı.
“The New York Times” yazırdı ki, Trampın vəkili ABŞ-ın keçmiş vitse-prezidentinin Ukraynaya səfərlərinin onun qohumunun biznes maraqları ilə bağlı olub-olmadığını öyrənmək istəyir.
Nəşr həmçinin Trampla telefon danışığından sonra Zelenskinin mətbuat xidmətinin bəyanatına istinad edərək yazıb ki, Tramp həmsöhbətini Ukraynanın korrupsiyanı araşdırmaqla öz reputasiyasını və ABŞ ilə qarşılıqlı münasibətlərini yaxşılaşdıra biləcəyinə inandırıb.
“The Wall Street Journal” nəşrinin yazdığına görə, Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı dəfələrlə onu amerikalı demokrat siyasətçi Co Baydenin oğlu Hunter Baydenə qarşı istintaqda vəkili Rudi Culiani ilə əməkdaşlığa çağırıb.
“The Washington Post” yazıb ki, amerikalı kəşfiyyatçı Trampla müəyyən “vəd” verdiyi ölkələrdən birinin lideri arasında söhbətdən xəbər tutub.
“The Wall Street Journal”ın məlumatına görə , təkcə iyul ayında telefon danışığı zamanı Tramp Zelenskini təxminən səkkiz dəfə Culiani ilə əməkdaşlığa çağırıb.
Zelenskinin Trampın təkliflərini rədd etməsi iki lider arasında ziddiyyətin yaranmasına səbəb olub ki, nəticədə həmin münasibətlər bu gün özünü açıq şəkildə biruzə verməkdədir.
Proseslərin növbəti mərhələsində prezident Zelenski qurban veriləcək. Danışıqlar əsasən Ağ Ev-Kreml arasında gedəcək. Kreml Zelenski ilə danışıqlarda maraqlı olmadığından onun qeyri-legitim dövlət başçısı hesab edirlər. Bu səbəbdən də Kreml danışıqların əsas mövzularından biri kimi Ukraynada yeni prezident seçkilərinin keçirilməsini şərt kimi ortaya qoyacaq.
Kremlin bu şərti də Trampın Zelenski ilə vidalaşması üçün bir bəhanə olacaq. Artıq Tramp “Nə vaxtsa seçkilər keçirilməli olacaq", “Onun reytinqi yumşaq desək, çox yaxşı deyil” fikri ilə Ukraynada yeni seçkilərin keçirilməsinin zəruru olmasının mesajını verib. Zelenski istəməsə də, Trampın dediyi kimi onun başqa variant qalmayacaq “o edilməli olanı edəcək”. Bununla da Zelenski vəzifəsi ilə vidalaşmalı olacaq.
İndi əsas məsələ Ukraynanın yeni prezidenti kim olacaq? Ukraynanın gələcək taleyi necə olacaq? Ukrayna necə bölünəcək kimi suallardır. Açıq qalan bu sualların bir çoxu yaxın bir neçə ayda bəlli olacaq.
Ukraynada yeni prezident seçkilərin 2025-ci ildə keçirilmə ehtimalı da böyükdür.
Tramp Putinlə yaxın aylarda atəşkəsin əldə olunmasına nail olarsa, yeni seçkilər bu il keçiirlməsi tamamilə mümkündür.
Hesab edirəm ki, Kreml atəşkəsə razıdır. Rusiya Ukrayna da nəzərdə tutuduğu əraziləri ələ keçirib və danışıqlar masasında yetərincə manevr imkanlarına malikdir. Sadəcə Rusiya atəşkəs əldə edilənədək daha bir neçə yaşayış məntəqəsini işğal etməyə çalışacaq. Bu da onun danışıqlarda əlini möhkəmləndirəcək alət olacaq.
Mürtəza Bünyadlı
Xəbər 101 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|