14.03.2025 15:42
Anar: “Qırx il bəsdir, sədrlikdən gedəcəm...“
Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayevin ad günüdür. Bu ərəfədə o, "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
XəzərNews.az həmin müsahibəni təqdim edir.
- Anar müəllim, martın 14-ü sizin doğum gününüzdür. Əsərlərinizdə zaman anlayışı həmişə bir qırmızı xətt kimi keçib. Zaman ötdükcə zaman anlayışına münasibətiniz dəyişdimi?
- Zaman anlayışına münasibətim dəyişmir, amma zaman özü dəyişir. Müxtəlif zamanlarda yaşamışam. 87 yaşım var. Çox şey yaşamışam, çox şey görmüşəm. İki quruluşda yaşamışam. Sovet dövrünü, müstəqilliyi, torpaqlarımızın işğalını, eyni zamanda nə xoş ki torpaqlarımızın azad edilməsini görmüşəm. Zaman belə dəyişib.
- Bu zaman kəsimində hansı illəriniz daha kəskin, yaxud gərgin keçib?
- Hər vaxtın öz xüsusiyyəti var. Zamanı bölmək mümkün deyil. Əlbəttə, cavan olanda daha çox ümidlərlə yaşayırsan, gələcək üçün planlar qurursan. Amma yaş ötdükcə anlayırsan ki, vaxt az qalıb və etmədiyin işi həyata keçirməyə çalışırsan. Mənim də nə qədər ömrüm qalıb, yaradıcılıqla bağlı işlərimi tamamlamaq istəyirəm. Bir neçə kitab var, onları tamamlamalıyam.
Kitablarımdan birini 30 il əvvəl yazmağa başlamışam. Müxtəlif vaxtlarda təxirə salmalı olmuşam, başqa kitab yazmışam, təkrar ona qayıtmışam... Nəhayət, həmin kitabı tamamlamaq istəyirəm. Adı belədi: "Keçən keçdi, olan oldu". Bioqrafik kitabdır, ailəmizdən bəhs edir.
Bundan başqa, son zamanlar yazdıqlarım kitabları da bitirmək istəyirəm. Hərçənd iddia edirlər ki, Anar son zamanlar kitab yazmır. Halbuki pyes, povest, iki ssenari, 10-a yaxın hekayə yazmışam. Onları toplayıb bir kitab şəklində nəşr etdirmək istəyirəm.
Mənim Azərbaycan ədəbiyyatına aid dörd cildlik "Söz dünyası" kitabım nəşr edilib. Onun beşinci cildi hazırlanıb və bu cild türk dünyasının yazıçılarına aiddir. Yaxın günlərdə bu kitab da nəşr ediləcək.
- Anar müəllim, internetdən istifadə edirsinizmi?
- Yox, istifadə eləmirəm.
- Hansısa araşdırma zamanı internet gərəyiniz olmur?
- Xeyr, istifadə etmirəm. Saytları belə izləmirəm. Hərdən mənə deyirlər ki, haqqında filan saytda yenə yalan xəbər yazıblar, onda yazılanlarla tanış oluram.
- Deməli, saytlar, internet resursları sizin yaddaşınızda ancaq neqativ hadisələrlə qalıb...
- Axı, pozitiv heç bir xəbər görmürəm... Xəbərləri AzTV, “Euronews” telekanallarından alıram. Hazırda Ukrayna telekanallarına da baxıram. Ədəbi hadisələr haqqında isə jurnallar alıram, Moskvadan, Türkiyədən jurnallar gətirilir. Mənim internetə daxil olmağa ehtiyacım yoxdur. Üstəlik, çox zəngin kitabxanam var. Yəni internetdən məlumat əldə etməyə ehtiyac duymuram.
- Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayında sədr seçildiniz və növbəti dəfə namizəd olmayacağınızı vurğuladınız. Hələ də fikrinizdə qalırsınız?
- Əlbəttə, fikrimdə qalıram. Mən sözümün ağasıyam, demişəmsə, deməli, elə də olacaq. Məsələ budur ki, görək, mən növbəti qurultaya qədər yaşayacağam?! Əgər o vaxta qədər sağ qalsam, sözüm qətidir və bir dərəcə də şübhəm yoxdur ki, fikrimi dəyişim. Artıq 40 ildir, sədr kimi fəaliyyət göstərirəm, düşünürəm ki, bəsdir.
- Bəs, yerinizə məsləhət gördüyünüz şəxs varmı? Müşahidələr aparırsınızmı?
- Bəli, müşahidələrim var, amma ad çəkmək istəmirəm. Ad çəksəm ajiotaja səbəb olacaq. Bir nəfər deyil, bir neçə nəfər haqqında fikirləşirəm. O da var ki, bunu mən həll etməyəcəm, qurultay, yazıçılar kimi istəsə, onu seçəcəklər. Amma mənim məsləhətimi dinləmək istəsələr, əlbəttə, namizədlərim var və onları təklif edəcəm. Kimi seçərlər, özləri bilərlər.
- Siz müsahibələrinizin birində demisiniz ki, həyatınızın hansısa mərhələsində daha inanclı istiqamətdə olmusunuz. Sonra sanki yanaşma tərziniz dəyişib.
- Mən sovet sistemində formalaşmış adamam. O dövrü tamamilə pisləmək istəmirəm, sovet sisteminin yaxşı tərəfləri də vardı. Xüsusilə, ədəbiyyata münasibət təzadlı idi. Bir yandan yazıçıları təqib edib, repressiyalara məruz qoymuşdular, digər tərəfdən ədəbiyyata maraq vardı. Qəzetləri, jurnalları təbliğ edirdilər, oxudurdular. Hazırda o maraq yoxdur.
Biz o zaman düşünürdük ki, bu sistem pisdir, Qərbin demokratik sistemi daha yaxşıdır, kaş bizim ölkədə də elə olsun. Biz müstəqillik qazandıq və bu çox böyük nailiyyətdir. Xoşbəxtəm ki, bu sistemi də gördüm. Amma müstəqilliklə bərabər tək bizə yox, digər ölkələrə də bazar iqtisadiyyatı gəldi. Kapitalizm qanunları gəldi, təəssüf ki… Kapitalizm sistemi də bəzi ölkələrdə mədəniyyəti boğur, şouya çevirir. Necə ki, bizdə də gözümüzün qabağında ciddi ədəbiyyat, musiqi, teatr televiziya şoularına çevrilir. İnternetin əmələ gəlməsi... İnternet bir yandan çox böyük tarixi-elmi ixtiradır, digər tərəfdən də məsuliyyətsizlik meydançasıdır. Kim nə istəyir, ağzına gələni deyə bilər, amma heç bir məsuliyyət daşımır.
Mənim keçmiş dövrə də güclü nostaljim yoxdu, keçmiş dövr qayıda bilməz və qayıtmamalıdır. Amma indiki dövrün qüsurlarını daha çox görürəm.
Türkiyədə solçu dostlarım var idi, vaxtilə onlar deyirdilər ki, siz bilmirsiniz, kapitalizm nədi, o sistemdə yaşamırsınız. Mən də deyirdim ki, siz də bilmirsiniz, sosializm nədir. Sosializmdən çox çəkmişdik.
Amma bilmirdik ki, onun yerinə gələn ondan daha yaxşı olmayacaq. Dini baxımdan yanaşma tərzimə gəlincə, nənələrim dindar olublar. Mən uşaqlıqdan Allaha inanmışam, mömin deyiləm ki, deyim namaz qılmışam, oruc tutmuşam. Həcc ziyarətinə də getməmişəm. İndi də gecdir, gedə bilmərəm.
Amma həmişə Allaha inanmışam. Elə bilirəm ki, Allaha inanmaq düz yaşamaqdır, Allahın xoşuna gəlməyən işləri etməməkdir.
- Zamanla Allaha inanmaqda dalğalanma, azalma və artma olubmu?
- Heç vaxt Allaha inamımı itirməmişəm, amma bəzən Allahdan gileylənmişəm ki, bu qədər ədalətsizliyi görüb, niyə dözür, cəza vermir.
- Zamanla sovet dövründə yaşayan yazıçılar haqqında tənqidi fikirlər, iradlar meydana çıxır. Bütövlükdə sovet ədəbiyyatı ilə, sovet ədəbiyyatının görkəmli ədibləri ilə necə davranmalıyıq? Bir AYB sədri kimi münasibətinizi bilmək istərdik.
- Ədəbiyyatla ədəbiyyat kimi davranmaq lazımdı. Sovet ədəbiyyatı deyilən məfhum mənim üçün iki hissədən ibarətdir – sovet ədəbiyyatı və sovet dövründə yaranan ədəbiyyat. Sovet ədəbiyyatı sovet ideologiyasına xidmət edirdi. Amma yalnız rəhbərlərə şeir yazasan, hansısa poema həsr edəsən – sovet dövründə yaranan ədəbiyyat təkcə bundan ibarət deyildi. Düzdü, ideologiyanın tələbi vardı ki, əsərdə mütləq müsbət qəhrəman olmalıdı, beynəlmiləl motiv əskini tapmalıdı.
Amma o dövrdə yaranan ədəbiyyatı da heç cür danmaq olmaz. O zaman belə çıxır ki, sovet dövründə, 71 ildə bizim ədəbiyyatımız olmayıb? Yeni dövrdən 30-50 yazıçı qalacaq və digərləri unudulacaq?
Ona görə də sovet dövrünün yazıçı və şairləriylə mübarizə aparmaq, onları qaralamaq lazım deyil. O dövrün yazıçıları olublar, kimsə sovet dövrünü qəbul edib, kimsə etiraz edib. Kimsə bunu istedadlı, kimsə şüursuz şəkildə edib. Zaman ələyəcək və ədəbi dəyərləri olan əsərlər qalacaq. Ədəbi dəyərləri olmayan əsərlər isə sovet ideologiyasından asılı olmayaraq unudulub gedəcək.
- Repressiya dövründən sağ çıxmış yazıçılar haqqında mövqeyinizi bilmək istərdik, Səməd Vurğun, Rəsul Rza, başqaları. Hər halda araşdırmalarınız zamanı onların 1930-cu illərdəki davranışları barədə qənaətiniz olmamış deyil.
- O dövrdən sağ çıxmış yazıçıları günahlandırırlar ki, niyə onları güllələməyiblər. Mərhum Heydər Əliyev bir dəfə çox gözəl dedi ki, indiki dövrdə Səməd Vurğunun, Rəsul Rzanın, Süleyman Rüstəmin dırnağı olmayan adamlar deyirlər ki, onları niyə güllələməyiblər? Onları güllələsəydilər, indi biz onlara ağlayacaqdıq.
Nə böyük xoşbəxtlikdir ki, onlar o dövrdən salamat qurtarıblar. Sağ qaldıqları üçün onları günahlandırmaq olmaz. Konkret olaraq deyirəm ki, nə Səməd Vurğun, nə Süleyman Rüstəm, nə də atam heç kimin əleyhinə bir kəlimə də yazmayıblar.
Sovet dövründə rəsmi bir şəxsin mənimlə ədavəti vardı, məndən heyfini çıxmaq üçün prokurorluğa, arxiv idarəsinə tapşırmışdı ki, görün, Rəsul Rza kimin haqqında nə yazıb? Sonra prokuror və arxiv idarəsinin müdiri mənə dedilər ki, axtarış apardıq, Rəsul Rza haqqında heç nə tapa bilmədik. Rəsul Rza heç kimin əleyhinə heç nə yazmayıb.
O birilərdən kimsə yazıbsa, nəyəsə məcbur olubsa, onları da qınamıram. Atamın Mikayıl Müşfiq haqqında "Qızılgül olmayaydı" adlı poeması var. Orada belə bir misra var: “Namərd şilləsi kimi sənə vurulan imzalar arasında imzam olmadı”. Bunu deməyə cəsarəti var idi.
Kiminsə əleyhinə yazanlar da olub, mən onları da qınamıram. Çünki onlar da məcburiyyət qarşısında olublar, ölüm-qalım məsələsiydi. Amma onların gördükləri işlər, xidmətlər də olub – Azərbaycan dilinin qorunması, milli ruhun oyaq saxlanılması və sair bu kimi xidmətlər. İttiham edirlər ki, Səməd Vurğun, Süleyman Rüstəm partiyaya şeir yazıblar. Bu ittihamlı yanaşma tərzi düz deyil.
- "Macal" povestinizdə universitet həyatından bəhs edən bir xətt var. Etiraz dalğasında universitetdən kənarlaşdırılan böyük Fuadın – Fuad Salalının prototipinin Əbülfəz Elçibəy olduğu deyilir.
- Xeyr, əsla mümkün deyil. "Macal"ı yazanda heç Elçibəy haqqında eşitməmişdim də. Bu obrazın Elçibəyə heç bir aiddiyyəti yoxdur. Mənim son hekayəmdə – "Balaca Fuadın son xahişi"ndə isə o dövlə, bu dövrün fərqi aydın görünür. "Macal"da sovet dövründən bəhs olunur, "Balaca Fuadın son xahişi"ndə isə müstəqillik tərənnüm edilir. Oxusanız orada zamanın, meyarların, dəyərlərin necə dəyişdiyini görəcəksiniz.
- Anar müəllim, istirahətinizi necə keçirirsiniz?
- İndiyə qədər mən istirahətin necə olduğunu bilmirəm. Nə şənbəm, nə də bazar günüm var.
- Xalq yazıçısı Elçin Əfəndiyev əsasən səhər saatlarında yazdığını bildirib. Sizin necə, yaradıcılıqla qrafikiniz varmı?
- Mən bu mənada Elçin Əfəndiyevi çox dəstəkləyirəm. Yazıçı üçün bunu müsbət hadisə kimi qiymətləndirirəm. Elçin Əfəndiyev Nazirlər Kabinetində çalışanda da vaxt tapıb konkret saatlarda yaradıcılıqla məşğul olurdu. Məsələn, axşam saat 10-da yatırdı, səhər yenə eyni vaxtda yaradıcılıqla məşğul olurdu. Mən elə işləyə bilmirəm.
Mən pyes, roman yazmaq üçün ən az bir ay beynimi bütün hadisələrdən, işdən, Yazıçılar Birliyinin qayğılarından uzaq tuturam... Mən 30 ildir yazmaqda olduğum kitabı başlayanda üç nəvəm vardı, onu yazdığım müddətdə dördüncü nəvəm də dünyaya gəldi. Sonra onlar evləndilər və nəticələrim oldu. Bir əsəri yazmaq üçün bu qədər vaxt lazım oldu.
Allah imkan versə, həmin kitabın davamını yazıb nəşr etdirəcəm. Çünki mənim üçün çox vacib əsərdir, orada ailəmizin, nəslimizin tarixi var.
- Arxivdə saxladığınız, çap etdirmək istəmədiyiniz əsəriniz varmı?
- Sovet dövründə yazdığım 4 əsər var idi, onları çap elətdirmək mümkün deyildi. Həmin hekayələri çap elətdirdim. Ümumiyyətlə, sovet dövründə nə yazmışamsa, bu gün hamısını çap elətdirə bilərəm. Çünki onların heç birində sovet ideologiyası yoxdur. Mən sovet dövrünə xidmət edən əsər yazmamışam.
- 87 yaşın arzuları nələrdir?
- Daha on il yaşamaq... On il də çoxdur, beş il bəsdir. (Gülür).
Mən bir tərəfdən xoşbəxt, digər tərəfdən də bədbəxt yazıçıyam. Xoşbəxt yazıçıyam ki, oxucum var. Bədbəxt yazıçıyam ki, mənim oxucum istədiyim əsərləri yox, başqa əsərlərimi oxuyur. Məsələn, "Beş mərtəbəli evin altıncı mərtəbəsi" romanımı hamı oxuyub, amma istərdim ki, "Yaşamaq haqqı" əsərimi də oxusunlar. Əsər Azərbaycanın tarixindən bəhs edir. Hər bir azərbaycanlı o kitabı oxumalıdır, çünki orada qədim dövrlərdən indiyə qədər Azərbaycanın tarixini təqdim etmişəm. Amma nə tarixçilər kitaba maraq göstərdilər, nə geniş oxucu kütləsi oxudu.
Sağ olsunlar, İsa Həbibbəylinin bu haqda bir məqaləsi yayımlandı, Rəşad Məcid kitabın dərs proqramlarına salınmasının vacibliyini vurğulamışdı. Təki əsər məktəb dərsliklərinə salınsın, mənim adımı heç qeyd etməsinlər. O mətləbləri bilsək, gələcəyimiz də yaxşı olacaq. Buna görə "Yaşamaq haqqı"nın tədris edilməsini istəyirəm, populyarlıq mənə lazım deyil.
Küçəyə çıxanda birdən şəkil çəkdirməyə yaxınlaşırlar. Mənim şəkil çəkdirməkdən zəhləm gedir. Mənimlə şəkil çəkdirmək istəyirsən, amma kitablarımı oxumamısan. Sənin bir əsərini oxumayıb, şəkil çəkdirib sosial media hesabında paylaşır. Çox vaxt məcbur olub, şəkil çəkdirirəm.
- "Yaşamaq haqqı" əsərinizdən başqa hansı əsəriniz sizə doğmadır?
- Bu yaxınlarda bir kitabım nəşr edilib, Səməd Vurğun və Rəsul Rza ailəsindən bəhs edir. Kitabın adı belədir: “2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi”. Bu iki ailədə dörd xalq şairi, üç xalq yazıçısı var.
- Övladlarınız ictimai-siyasi həyatda aktiv insanlardır. Oğlunuz Tural Rzayev səfir, qızınız Günel Anarqızı Bakı Kitab Mərkəzinin direktorudur. Sizin adınızın övladlarınızın üzərində nə dərəcədə rolu olub?
- Ancaq mənfi rolu olub, çünki məni istəməyənlər onlara mənfi yanaşıblar. Övladlarımın imkanları elədir ki, daha yüksək zirvəyə layiqdirlər. Məsələn, ikisi də yaradıcılıqla məşğul olurlar, çox yüksək səviyyədə də yazırlar, amma Yazıçılar Birliyi tərəfindən nə təqaüd, nə mükafat, nə də fəxri ad alıblar. Sadəcə olaraq Yazıçılar Birliyində qızım Günelin kitabının təqdimatı baş tutub. Onlar nə ediblərsə, öz güclərinə nail olublar.
Əlbəttə, dolayı təsirim olub, mənim ailəmdə böyüyüblər, mənim söhbətlərimi eşidiblər, mənim kitablarımı oxuyublar, mənim dostlarımla ünsiyyətdə olublar. Amma karyera qurmaqlarında mənim təsirim əsas rol oynamayıb. Bəlkə mənim onlara daha çox zərərim dəyib, nəinki dəstəyim.
- Övladlarınız sizin istədiyiniz mövqedədirlərmi?
- Bəli, namuslu, savadlı Azərbaycan ziyalılarıdırlar. Çox savadlıdırlar, neçə dil bilirlər. Yalnız biz oğlum Turala həsrətik, onun sənəti ayrılıq sənətidir. Həmişə xarici ölkədədir. Oğlum üç ölkədə səfir təyin edilib, Küveyt, Misir və indi də Əlcəzairdədir. Günel isə kitab mərkəzi yaradıb ki, bununla kitaba maraq çoxalsın. Orada çox maraqlı tədbirlər təşkil edirlər. Hər biri öz işləri ilə məşğul olurlar, heç kimlə işləri yoxdur.
- Elektron mətnlərlə aranız necədi?
- Təəssüf edirəm... Mən başa düşə bilmirəm ki, böyük romanları kim elektron versiyada oxuya bilər?! Kim ekranın qarşısında "Hərb və sülh" kitabının dörd cildini oxuyacaq?!
- Bədii ədəbiyyatın bugünki taleyi ilə bağlı nə düşünürsünüz?
- Bədii ədəbiyyatın taleyi ilə bağlı çox bədbin fikirdəyəm. Ümumiyyətlə, dünyanın taleyi ilə bağlı bədbinəm.
- Nə mənada bədbin?
- Görmürsüz, nələr baş verir… Dünya üçüncü dünya müharibəsinin ərəfəsindədir.
- Azərbaycan Yazıçılar Birliyi istedadlı şair, bir neçə kitab müəllifi, folklorçu İlham Qəhrəmanı məhkəməyə verib. Bu haqda nə deyə bilərsiniz?
- İlham Qəhrəmanın yaradıcılığı haqda bir söz deyə bilmərəm, çünki oxumamışam. Bəli, şər-böhtana görə İlham Qəhrəmanı məhkəməyə vermişik. Mənim haqqımda o qədər yalan, böhtanlar deyib. Bunlara cavab versin. Mən əgər o işləri etmişəmsə, məni cəzalandırsınlar.
Ona Yazıçılar Birliyindən ev verilib. İkinci dəfə isə ev ala bilməyib. Saytlardan da bu kimi məsələlərdə narazıyam, çünki Yazıçılar Birliyi bu qədər işlər görür, heç birini yaymırlar. Şabranda yazıçılar üçün yaradıcılıq evləri tikdirdik, təhvil verdik. Yazıçılarımıza cənab Prezident İlham Əliyevin dəstəyi ilə ev ayrıldı. Yazıçılara 20 mənzil bağışladıq, 100 yazıçı mənə düşmən oldu.
Yazıçılar Birliyi haqqında biri iftira atan kimi səhər tezdən saytlardan zəng etməyə başlayırlar, “Fikankəs sizin haqqında filan sözü deyib”. Bilirsən ki, yalandır, niyə mənim rahatlığımı pozursan? Mənə deyirlər ki, məşhur biri haqqında yazılanda daha çox oxucu olur, layk sayı çoxalır. Bu məntiqlə yaşamaq olar? Nə böyük-kiçik hörməti, nə ağsaqqal qalıb. Biz nə qədər iftira atanları ifşa etdik, sonra üzr istəməli oldurlar.
Yazıçılar Birliyinə qarşı qəribə yanaşma əmələ gəlib. Mən hətta satirik bir şeir yazmışam, "Ərizə". Şeirin məzmunu belədi: “Xahiş edirəm, məni Yazıçılar İttifaqına üzv qəbul edəsiniz, bir həftədən sonra çıxıb məşhur olmaq istəyirəm”.
Saytlar yazıçılara qəddar münasibət bəsləyirlər. Yaxşı, Yazıçılar Birliyi dağılsın, yaxşı olacaq? Burada nə qədər adam işləyir. 100 nəfər işsiz qalacaq, bunun kimə faydası var? Demirəm ki, burada hamı yaxşı işləyir. Hətta mənə deyirlər ki, işçilərin yarısını ixtisar edin, digərlərinin maaşı artsın. Kiminsə maaşı 50 manar artacaq, amma 50 adam ac qalacaq. Bunu istəyirlər?! Mən də ona görə bunu etmirəm.
Yazıçılar Birliyi dağılsın, bəs onun qəzet-jurnalları harada çap edilsin? Ədəbiyyat lazım deyilsə, desinlər ki, daha ədəbiyyat lazım deyil. Ermənilər də onu deyirlər ki, Azərbaycanın nə ədəbiyyatı, nə də mədəniyyəti var. Biz bunları etsək, mənfur düşmənlərimizin fikrini təsdiq edirik.
- Uzun illərdi davam edən bir mövzuyla bağlı sual vermək istəyirik: bu yaşda Əkrəm Əylisli sizə zəng etsə onunla barışarsız?
- Bu haqda danışmaq istəmirəm. Zəng etsə, sizə xəbər edərəm.
- Doğum günlərinizdə əhvalınız necə olur?
- Heç nə, bir il də yaş artır. Kədərləndik-kədərlənmədik, bir il də yaş çoxalır. Ad günü keçirməyi xoşlamıram. Bu dəfə də doğum günümü evdə ailəmlə qeyd edəcəm, qonaqlarım da gələcək. Mən heç vaxt yubileyimi geniş şəkildə qeyd etməmişəm. 87 də yuvarlaq rəqəm deyil. Fikirləşməzdim ki, 87 il yaşayacam. Əvvəllər uzağı 50-60 il yaşayacağımı düşünürdüm.
- Sizi yaşadan, sizə stimul verən nədir?
- Ailəm və yazmaq... Yazmasam yaşaya bilmərəm. Yazmaq üçün yaşayıram, yaşamaq üçün yazıram.
- Axirət haqqında düşüncələriniz nədir?
- Mən Allaha inanıram, mövhumata yox. Dini ayinlərə biganəyəm. Amma Allahın varlığına inanıram ki, bu dünyanı yaradıb. Dünya özü-özünə necə yarana bilər? Yaranıbsa, deməli, səbəbi var. O dünyanın varlığına gəlincə, Allah varsa, axirət də var. Amma nə şəkildədir, bilmirəm.
Hind fəlsəfəsinə görə, dünyaya təkrar gəlirsən. Məsələn, ikinci dəfə dünyaya ağac, balıq kimi və sair gəldim, yaddaşım olmayacaqsa, bunun nə mənası var. İnsan – yaddaşdır…
- Bəs ruhun varlığı?
- Allah varsa, yəqin ruh da var.
Xəbər 112 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|