18.11.2025 12:07
“Kontakt Home” qanun pozuntusuna yol verib
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi haqsız rəqabətə yol verən 6 təsərrüfat subyektinə qarşı tədbir görüb.
XəzərNews.az agentliyə istinadən xəbər verir ki, quruma daxil olmuş şikayətlər əsasında 6 təsərrüfat subyekti – "Baku Electronics", "ABC Telecom" və "Trust Lux" MMC-lər, eləcə də fiziki şəxslər Quliyev Pərviz Məmmədhüseyn oğlu, Qurbanov Vüsal Nəriman oğlu və Vəliyev Dadaş Azadəli oğlu barəsində rəqabət qanunvericiliyinin tələblərinə uyğun olaraq ilkin araşdırma aparılıb və haqsız rəqabətə yol verilməsi əlamətləri aşkar olunub. Qeyd olunan təsərrüfat subyektləri haqqında rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və işə baxılması üzrə müvafiq qərarlar qəbul edilib.
İşə baxılmanın yekununda "Baku Electronics"in "YOSHIRO" markalı məişət texnikası və elektronika məhsullarının reklamı və satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə etdiyi, məhsulların faktiki istehsal ölkələrinin Çin və Özbəkistan olmasına baxmayaraq, məhsulların reklamı zamanı, eləcə də qablaşdırmasında "Yapon ənənəsi", "Yapon keyfiyyəti" kimi ifadələrdən istifadə etməklə onların Yaponiyada istehsal olunduğu təəssüratı yaratdığı, həmçinin məhsullar barədə həqiqətə uyğun olmayan üstünlüklərin təqdim olunması ilə haqsız reklamdan istifadə etdiyi və bununla da, Rəqabət Məcəlləsinin tələblərini pozduğu müəyyən olunub.
Həmçinin "ABC Telecom"un "HOFFMANN" markalı elektrik qızdırıcılarının satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə etdiyi, məhsulların faktiki istehsalçısının Çin şirkəti olmasına baxmayaraq, qablaşdırmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə etməklə onların həmin ölkədə istehsal olunduğu təəssüratı yaratdığı və bununla da, Rəqabət Məcəlləsinin tələblərini pozduğu müəyyən edilib.
"Trust Lux" isə "Y.A.Ş" əmtəə nişanlı bir sıra sanitar-texniki məhsulların faktiki istehsal ölkəsinin Çin olmasına baxmayaraq, qablaşdırmada Türkiyəyə aid məlumatlar, xəritə təsviri, ştrixkod və türk dilində ifadələrdən istifadə edərək onların həmin ölkədə istehsal olunduğu təəssüratı yaradıb, eləcə də məhsulların mənşəyi və xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə istehlakçıları çaşdırıb və bu hallar Rəqabət Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilib.
Bundan əlavə, sahibkar Quliyev Pərviz Məmmədhüseyn oğlu fəaliyyət göstərdiyi obyekt və sosial şəbəkələrdə reklam zamanı başqa sahibkara məxsus "ZAGAR BAKU" əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verib və Rəqabət Məcəlləsinin tələblərini pozub.
Digər sahibkar Qurbanov Vüsal Nəriman oğlu "AUXs" adlı kontrafakt kondisionerlərin satışı zamanı ölkə ərazisində qanunvericiliyə uyğun qorunan (qeydiyyata alınmış) "AUX" əmtəə nişanından qanunsuz istifadə etməklə, sahibkar Vəliyev Dadaş Azadəli oğlu isə istehsalını və satışını həyata keçirdiyi süd məhsullarının etiketlərində əsassız olaraq "İVANOVKA" coğrafi göstəricisindən qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verib və bununla da, Rəqabət Məcəlləsinin tələblərini pozublar.
Yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməmələri barədə yuxarıda adları qeyd olunan təsərrüfat subyektlərinə icrası məcburi göstərişlər verilib.
Sahibkar Qurbanov Vüsal Nəriman oğlunun kontrafakt hesab edilən "AUXs" adlı kondisionerlərin satışında cinayət tərkibi əlamətlərinin olması nəzərə alınaraq iş üzrə materiallar aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.
Xəbər 44 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|