Hər bir insanın “kiçik vətəni” var, yəni ya özünün, ya da dədə-babalarının doğulduğu məkan. Öz “kiçik vətəni” ilə sıx bağlı olan insanlar var ki, başqa məkanlarda yaşadıqlarına baxmayaraq, doğma ocağı unutmurlar. Məqam düşən kimi ya qohumların yanına, ya da ata evinə üz tutur, burada rahatlıq tapırlar, mənən dincəlirlər; necə deyərlər, “kiçik vətən”inin həm suyu, həm havası onlara xoş gəlir. Mənim atam həm Moskvada, həm də sonralar uzun zaman Bakıda yaşayıb, Bakının köhnə məhəllələrinin birində özünə ev tikib, orada 4 uşaq böyüdüb. Ancaq ayda bir-iki dəfə mütləq Mollaoba kəndinə gedərdi, ata evində bir-iki gün qalar, dost-tanış və qohumlarla görüşər və oradan mənən dincəlmiş, ruhlanmış qayıdardı.
Mollaoba Boradigaha bitişik kənddi, oranın camaatı, demək olar ki, qaynayıb-qarışıb bir-birlərinə. Mən uşaqlıq və yeniyetməlik dövrlərində yayda dəfələrlə ora getmişəm. Orada asudə vaxtımı keçirmişəm, Azərbaycan dilində danışmağa başlamışam. Və 2000-ci illərin əvvəllərində tale elə gətirdi ki, mən bu ərazidən deputat seçildim. Düz 15 il 71 saylı Masallı kənd seçki dairəsindən xalqın etimadını qazanıb oranın millət vəkili oldum.
Bütün bunlara görə bu diyarın tarixi, görkəmli simaları, abidələri və s. mənim üçün maraqlı idi. Eşidəndə ki, həmkarım, tanınmış jurnalist Sücəddin Şərifov Boradigah haqqında kitab yazır, çox sevindim, hətta Milli Məclisin arxivindən bir neçə sənədin əldə edilməsində köməklik göstərdim.
Və hal-hazırda kitab stolumun üstündədir. Düzü, onun zəngin, dolğun məzmununa, informasiya bolluğuna, sistemli, düşünülmüş tərtibinə valeh oldum. Əslində, bu adı kitab deyil, bu Boradigah və daha geniş mənada Cənub bölgəsi haqqında ensiklopedik nəşrdir. İnanmaq olmur ki, bu kitab cəmi 15 aya yazılıb və bir müəllifin zəhmətinin məhsuludur.
Əvvəla Sücəddin müəllim burada çox güclü elmi potensialını göstərib – kitabda yüzlərlə elmi mənbələrə istinad olunur, özü də onlar orqanik surətdə müəllifin fikirləri və mülahizələri ilə birləşir. Kitab öz iri həcmliliyinə baxmayaraq, ancaq və ancaq faktlar əsasında qurulub, burada boş, artıq, təkrar olunan cümlələrə, ifadələrə rast gəlmirsən. Ancaq faktlar və yenə də danılmaz faktlar!
Qədim tarix və müasir dövr, məscidlər və abidələr, işğalçılara qarşı üsyanlar və Vətən müharibələrində göstərilən igidliklər. Repressiya qurbanları, əsassız sürgün edilənlər, şəhidlərimiz, qabaqcıl əmək adamlarımız, veteranlar, deputatlar, elm və incəsənət xadimləri. Hər kəs burada öz layiqli yerini tapıb.
Oxuyursan və valeh olursan: ilahi, bu məkan necə də qeyri-adi enerjiyə malikdir ki, respublikada və onun hüdudlarından kənarda tanınan nə qədər böyük, şöhrətli insanlar burada doğulmuşlar!
Bu dəyərli tədqiqat bir çox elm adamlarına, yazıçılara, sənətşünaslara və s. kömək edəcək, bu bölgədə gedən mürəkkəb proseslərə aydınlıq gətirəcək. Digərlərini də ruhlandıracaq ki, onlar da öz “kiçik vətən”ləri haqqında belə əsərlər yaratsınlar. Və bu əsərlər kiçik mozaika kimi gələcəkdə böyük Azərbaycanımızın möhtəşəm tarixi kartını yaradacaq.
Düşünürəm ki, bu əsərə görə Sücəddin Şərifova mütləq şəkildə elmi ad düşür: ən azı tarix üzrə fəlsəfə doktoru. Bu ada o, tam layiqdir.
Həmkarımı bu uğurlu kitaba görə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram.
Elmira Axundova
Azərbaycanın Xalq yazıçısı,
Filologiya üzrə fəlsəfə doktoru
Xəbər 1167 dəfə oxunub.