Xalqların etnik-mədəni dəyərlərini, mədəniyyətlərini, onların dünyagörüşü və fəaliyyətlərinin əsasını təşkil edən, həyatında müsbət rol oynayan və öz mahiyyətinə görə ümumilikdə müsbət fenomen olan etnik-mədəni müxtəlifliklərin dövlət tərəfindən qorunması demokratik hüquqi cəmiyyətin sosial ədalət, tolerantlıq kimi mühüm prinsiplərdən irəli gəlir. Etnik-mədəni müxtəlifliklərin qorunması dövlət tərəfindən həyata keçirilən tənzimlənmə siyasətinin tərkib hissəsidir. Bu müxtəlifliklərin düzgün tənzimlənməsi həm dövlətin, həm də etnik və dini azlıqların maraqlarını nəzərə almalıdır. Etnik-mədəni müxtəlifliyi düzgün tənzimlənmədikdə cəmiyyətin inkişafının müxtəlif sahələrində ciddi problemlər yaranar və bu səbəbdən hər bir çoxmədəniyyətli dövlət üçün düzgün tənzimlənmə böyük praktik əhəmiyyət kəsb etməlidir.
Azərbaycanın əlverişli təbii-coğrafi mövqeyi tarixin müxtəlif dövrlərində bir sıra qədim tayfa və xalqların burada məskunlaşmasına səbəb olmuşdur. Qərblə Şərq arasında körpü olan bu ərazilərə köç edən xalqların hər biri Azərbaycan etnomədəni mühitinin, Azərbaycan xalqının etnososial birliyinin formalaşmasına özünəməxsus rəng qatmışdır. Bununla da onlar Azərbaycan mənəvi irsinin daha da zənginləşməsinə öz töhfələrini vermiş, bütövlükdə Azərbaycan mənəvi mədəniyyətinin tərkib hissəsinə çevriliblər.
Azərbaycan Respublikası etnik tərkibinin müxtəlifliyi ilə yanaşı, müasir dövrdə onların mədəni inkişafına göstərdiyi qayğı ilə də diqqəti cəlb edir. Dünyanın etnik xəritəsində yalnız Azərbaycanda qeydə alınmış bu nadir etnosların ana dillərinin, milli mədəniyyətlərinin, etnik özəlliklərinin qorunması dövlətin ümdə vəzifələrindəndir.
Hazırda Azərbaycan ərazisində məskunlaşmış xalqların dilləri, əsasən, dörd böyük dil ailəsinə - türk, Şimali Qafqaz, Hind-Avropa və kartvel dil ailələrinə mənsub olsalar da, ölkədə ünsiyyət vasitəsi türk dillərinin oğuz qrupuna daxil olan Azərbaycan dilinə məxsusdur.
Azərbaycan qədim tarixə, zəngin mədəni irsə malik olan bir ölkədir. Azərbaycan həmçinin dünyanın multikulturalizm mərkəzlərindən biridir. Yüzillər boyu ən müxtəlif millətlərin və dinlərin təmsilçiləri bu məmləkətdə dinc, yanaşı, mehriban yaşayıb, bir-birinin həyat tərzinə, inancına hörmətlə yanaşıb, xeyir-şərində iştirak edib, yaxın qohum olub, qaynayıb-qarışıblar. Taleyin hökmü və yaxud uzaq keçmişdən siyasi təzyiqlər, təbii fəlakətlər, hansısa digər səbəblərdən vətənlərini tərk etmək məcburiyyətindən ölkəmizə təşrif gətirib uzun müddət burada məskunlaşan insanlar özlərini burada heç bir zaman yad hiss etməyiblər. Bu gün respublikamızın ayrı-ayrı regionlarında Azərbaycanlılardan başqa bir sıra azsaylı xalqlar və milli azlıqların məskunlaşması ilə etnik rəngarəngliyin tam mənzərəsi canlanmaqdadır. Əhalinin etnik tərkibi baxımından maraq doğuran ərazilərdən biri də respublikamızın şimal-şərqində yerləşən Quba, Qusar və Xaçmaz rayonlarıdır. Azərbaycanlılarla bərabər ləzgilər, tatlar, yəhudilər və Şahdağın ətəklərində yerləşdiyinə görə etnoqrafiya elmində “Şahdağ etnik qrupları” və ya “Şahdağ xalqları”adları ilə məşhur olan xınalıqlılar, qrızlılar, buduqlular, haputlular, ceklilər, əliklilərin yaşadıqları bu rayonlarda muxtəlifdilli xalqların birgə yaşayış tərzi qarşılıqlı inkişaf prosesi ilə səciyyələnir. Bu proses təkcə maddi, iqtisadi və mədəni əlaqələr çərçivəsində qalmır, həm də bu xalqların varlığının başlıca əlaməti sayılan dillərinə də aiddir.
Azərbaycanda yaşayan hər bir xalq öz etnik xüsusiyyətini saxlamaqla bərabər, digər xalqların və etnik qrupların həyat tərzində, məişətində, adət və ənənəsində, mədəniyyətindəki bir çox mütərəqqi amilləri əxz edərək, onları qarşılıqlı surətdə inkişaf etdirmişdir. Ümumi birgəyaşayış qaydalarına əməl olunan zamanlarda bu xalqlar bir-birinə daha da yaxınlaşmış, lakin öz dillərini, etnoqrafik xüsusiyyətlərini qoruyub saxlamışlar. Şahdağ xalqlarının etnik mənşəyi ilə bağlı aparılan araşdırmalar bu etnosların Azərbaycanın qədim dövləti olan Qafqaz Albaniyasında məskunlaşan, Azərbaycanın, həmçinin Qafqazın qədim və orta əsr mədəniyyətinin əsas yaradıcılarından sayılan alban tayfalarından olduqlarını söyləməyə əsas verir.
Azərbaycan tarixində özünəməxsus izləri olan xınalıqlılar, qrızlılar, buduqlular müstəqil etnik qruplar kimi öz kəndlərinin adı ilə tanınsalar da, bu etnosların etnik özünüadlandırmasında qədim hər, qat kimi Qafqaz Albaniyasına məxsus etnonimlər özünü büruzə verir.
Şahdağ xalqları və ya Şahdağ milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Buduq, Cek, Əlik, Haput, Qrız, Xınalıq və Yergüc kəndlərinin adlarına müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, qrızlılar, xınalıqlılar, yergüclülər adlanır. Say etibarilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur. Təxmini hesablamalara görə, xınalıqlıların sayı 2,2 min, buduqların sayı 15 min, qrızların sayı isə 4,4 min nəfərdir.
Hələ XIX əsrin 40-cı illərində buduqların və qrızların bir hissəsi Azərbaycanın düzən rayonlarına köçərək oba tipli yaşayış məskənləri salmışlar. Bu xalqların əsas məşğuliyyəti qoyunçuluqdur.
Şahdağ etnik qrupları tarixən formalaşmış qədim maddi mədəniyyətə malikdir. Onların kəndləri öz formaları və quruluşlarına görə keçmiş patriarxal icma münasibətlərini özündə əks etdirən yaşayış məskənləridir. Belə ki, hər bir kənd indi də məhəllələrə bölünür. Keçmişdə hər bir məhəllədə ayrı-ayrı nəsillər yaşayırdı. Məhəllə bəzən inzibati vahid rolunu oynayırdı. Hər məhəllənin ağsaqqalı, qəbiristanlığı və piri var idi. Məhəllələrin bəziləri orada vaxtilə məskən salmış ulu nəsillərin adları ilə adlanırdı. Xınalıq, Qrız, Haput kəndləri abidələrlə zəngindir. Onlardan Xınalıqdakı Pir Cumərt, Cümə məscidi, Atəşgah, Haputdakı Cümə məscidi, Babadilim piri və s. qeyd etmək olar.
Azərbaycan dili Şahdağ xalqları üçün də hər zaman ümumi ünsiyyət vasitəsi olmuşdur. Hələ XVIII əsrdə alman mənşəli coğrafiyaşünas və etnoqraf Yohan Qerber Şahdağ xalqları arasında ikidilliliyin olduğunu qeyd etmiş, onların, xüsusilə buduqluların və əliklilərin Azərbaycan dilindən istifadə etdiklərini bildirmişdir. Azərbaycan xalqının etnososial birliyinə daxil olan bu etnoslar bütövlükdə Azərbaycan etnomədəni mühitində formalaşaraq bölünməz Azərbaycan xalqının etnik tarixində əvəzsiz yer tutmuşlar.
Şahdağlılar ta qədim dövrlərdən azərbaycanlılarla təmasda olan, qaynayıb-qarışan ikidilli xalqlardır. Azərbaycan dili həmin azsaylı xalqların həyatında aparıcı rol oynayır. Ona görə də Y.D.Deşeriyevin “İki dilin qarşılıqlı təsirində bir dilin başqa dilə təsir dərəcəsi, həmçinin onlardan hər birinin ictimai vəzifələri, cəmiyyətin həyatında onların rolu ilə müəyyənləşdirilir” fikri tamamilə yerinə düşür. Şahdağ dillərində külli miqdarda Azərbaycan dilindən alınmış sözlərin işlənməsi onunla izah olunur ki, bu dillərdə danışan xalqlar uzun müddət eyni ərazidə və mehriban qonşuluq münasibətlərində olmuşlar. Şahdağlılar, eləcə də Dağıstanın digər xalqları arasında Azərbaycan dili geniş yayılmış, anlaşıqlı bir dil olmuşdur.
Xınalıq: Qubanın Xınalıq kəndi Azərbaycanın ən ucqar və əlçatmaz yaşayış məs- kənlərindəndir. Zirvəsi yay-qış qarlı olan möhtəşəm Şahdağın ən uca zirvəsində yerləşən Xınalıq kəndi dağların arasında bəşər sivilizasiyasının dağıdıcı qüvvəsindən qoruna bilmiş canlı tarixdir. Dəniz səviyyəsindən təqribən 2300 metr hündürlükdə, Qızıl qaya, Şahdağ, Tufandağ, Xınalıq kimi Qafqaz dağlarının əhatəsində yerləşir. Əsrlərin sərt sınağından çıxaraq, öz yeganə dilini, mədəniyyətini və adət-ənənəsini qoruyub saxlamış Xınalıq kəndinin keçmişi haqqında alimlərimiz, yazıçılarımız, arxeoloqlarımız hələ qəti fikirlərini söyləməmişlər. E.ə I əsrdə qədim yunan tarixçiləri bu ərazidə ket tayfalarının yaşadıqları barəsində Xınalığın varlığı haqqında məlumat vermişlər. Burada məskən salmış xınalıqlılar etnik ənənələrini, özünəməxsus memarlıq quruluşunu bu günədək qoruyub saxlaya bilmişlər. Kəndin qədimliyini bildirən 8 qəbiristanı və bu məzarların çoxu 3-4 qat bir-birinin üstündə qazılıb. Baş daşları ya ərəb, ya da ondan qabaqkı əlifbalarla yazılıb. Köhnə qəbirlər olduqca enli və uzundur, sanki orada Herakl cüssəli pəhləvanlar yatır. “Xınalıq” sözünü arxeoloqlar, tarixçilər burada olan xınalı qayaların adından və yaxud hun “Xunluq” – “Xınalıq” tayfalarının adından götürüldüyünü göstərirlər. Xınalıqlılar Azərbaycanın aborigen azsaylı xalqları içərisində özünəməxsus etnoqrafik xüsusiyyətləri ilə seçilir. Bu etnos Qafqaz dil ailəsinə daxil olub, Şahdağ ətrafında yerləşmələrinə görə tarixi-etnoqrafik ədəbiyyatda "Şahdağ xalqları" adlandırılır. Xınalıqlılar Azərbaycanın ən qədim sakinlərindən sayılır. Bu etnos dünyada yeganə dilə və yaşayış məskəninə mənsubdur. Yəni dünyanın etnik xəritəsində ancaq bir Xınalıq kəndi və yeganə xınalıq dili mövcuddur ki, bu da Azərbaycanın Quba rayonuna məxsusdur.
Kənddə hazırda 200-dən çox ev var. Bu evlərin bir neçəsinin yaşı 250-dən çoxdur. Xınalıqlıların sayı təxminən 20 minə yaxındır. Xınalıqlılar müsəlman olaraq dinə çox yaxındırlar. Özlərinin xüsusi adət-ənənələri, geyimləri və mərasimləri olub. Evləri xüsusi quruluşa malik olaraq çay daşlarından tikilib. Bir evin damı, ondan yüksəkdə yerləşən digər evin terasıdır. Dağlar dik olduğundan evlər çox sıx yerləşdirilib. Həyətlərdə balaca bostanlar var. Burada əhali kartof, xiyar, kələm becərir. Evlərin hamısı qədimdir, onların 200-300 il yaşı var. Kənddə daha qədim tikililər və çoxlu qədim xarabalıqlar da var.
Kənd öz memarlıq üslubunu itirməmiş, ümumi görünüşdə özündə tamamlanmış ansamblı əks etdirir. Hətta çay dərəsindən kəndə yaxınlaşarkən gözəl mənzərə açılır.
Yeni tikilmiş binalar - bələdiyyə, 7 illik məktəb kəndin aşağısında yerləşir. Xarakterik xüsusiyyətlərdən biri, həyətlərin hamısında formaca kərpicə oxşar, quru və nəm təzəkdən yaradılmış divarların olmasıdır.
Xınalıqda dövlət tərəfindən qorunan bir çox dini və tarixi abidələr mövcuddur. Ümumilikdə Xınalıq ərazisində 31 türbə və ziyarətgah var. Onların 16-sı tikintisi olan ibadətgahlardır. Qalanları isə əhali tərəfindən müqəddəsləşdirilmiş ziyarət yerləridir.
Ümumiyyətlə, Xınalıq əhalisi kənddə mövcud olan bütün məscidləri "pir" adlandırır. Məscidlər evə bənzəyir və minarələri yoxdur. Bu abidələrdən biri kəndin ən hündür yerində yerləşən Əbu Müslüm cümə məscididir. Əbu Müslümün adını daşıyan cümə məscidinin tarixi təxminən IX əsrin sonu X əsrin əvvəllərinə aid edilir. Əbu Müslüm əslən ərəb olub Azərbaycanın bütün şimal-şərq ərazisindəki kəndlərə İslam dinini yayaraq məscidlər tikdirib. Kəndin ilk məscidi cümə məscididir. Məscidin girişində, sağ tərəfdə 2 metr yüksəklikdə yerləşən 2 müxtəlif daş üzərində "runa" yazıları həkk olunub.Yazıların təqribən 3-8-ci əsrlər arasında yazıldığını ehtimal etmək olar. Yazıların tam olaraq tərcüməsi olunmasa da, təxmini mənası Günəşin doğması və yeni tarixin başlanması mənasını daşıyır. Xınalıq kəndində dövlət tərəfindən qorunan abidələrdən biri də Pirə Comərd türbə-məscididir. Pirə-Comərd türbə məscidinin tarixi təxminən XII əsrin sonlarına təsadüf edilir ki, bu türbə-məscid Əbu-Müslümdən xeyli cavandır. Həmin binadakı türbə İslamdan qabaq olub, atəşpərəst dininə aid ayinlərin keçirildiyi məbəd kimi yaddaşlarda qalıb. İslam dini qəbul ediləndən sonra atəşpərəst məbədi diqqətdən kənarda qalmış, daha sonra məbəd bərpa edilib və ona bitişik məscid tikilib. Comərdin qəbri də tikilinin daxilindədir. Xınalıqlılar həmin hissəyə zülmətxana deyirlər. Ona görə ki, kiçik sərdabəyə işığın düşməsi üçün pəncərə və baca qoyulmayıb. Bu qapalı sərdabəyə işığın düşməsi, yaxud qəbirin açıqda olması ruhun narahat olmasına və allah tərəfindən onu narahat edən insanları cəzalandıracağına inanırdılar. Hazırda Pirə-Comərd türbə məscidi tam fəaliyyət göstərir. Türbə-məscidin üstü torpaq dam olub.
Xınalıq kəndinin dövlət tərəfindən qorunan digər dini abidəsi olan Şeyx Şalbuz türbə - məscididir. Bu türbə-məscid Aşağı məhəllədə yerləşir. Şeyx Şalbuz İslam dininin və ərəb dilinin bilicisi olub, mədrəsə açaraq bir çox tələbə-molla yetişdirib. Rəvayətə görə, o, insanların fikrini oxuyaraq problemləri həll etmək üçün dua yazar, əlindəki biocərəyanla müalicə edər, müdrik məsləhətlər verərmiş. Hazırda məscid-türbəyə Şeyx Şalbuz məscidi adlanır və tam fəaliyyət göstərir. Xınalığa xüsusi gözəllik bəxş edən təbiət abidəsindən biridə Atəşgahdır. Atəşgah Xınalıqdan şimal istiqamətində 5 km məsafədə olmaqla Heydər Əliyev adına zirvənin cənub ətəyində yerləşir. Bura torpaqdan çıxaraq yanar qaz olduğu üçün Atəşgah adlanır.
Xınalıqlıların ilkin inancı atəşpərəstlik olduğunu nəzərə alaraq "Atəşgah" müqəddəs yer sayılır. Atəşgah ekoturizm üçün maraq və istirahət xarakteri daşıyır. Bu ərazidə yerləşən, müqəddəs sayılan Babadağın zirvəsindəki oyuğun altında xalq arasındakı rəvayətə görə, Baba adlı müqəddəs şəxsin qəbri var. Bura təkcə bölgədə deyil, bütün Azərbaycanda məşhur ziyarətgahlardan biridir. Babadağı 7 dəfə ziyarət etmək əhalinin inamına görə, Həcc ziyarətinə bərabərdir. Bundan əlavə, Xınalıqda Qəmik məscidi, Şeyx Şalbuzbaba məscidi, Xıdır Nəbi, Qüllə, Cabbar baba, Möhüc baba və Şıxşalburuz baba pirləri də var. Xınalıqda alban qəbristanlıqları da mövcuddur. Alban qəbristanlıqları kəndin içərisindən başlayaraq dairəvi şəkildə İslam qəbristanlıqlarına qədər uzanır. Qəbristanlığın əhatə etdiyi ərazi 40 hektardan çoxdur. Hətta elə qəbirlər var ki, onlar biri digərinin üstündə yerləşir. Tədqiqat üçün saysız qədər alban qəbirləri mövcuddur. Təəssüf ki, bu vaxta kimi hər hansı tədqiqat işi aparılmayıb.
Bu gün Xınalıqda arxeoloji tədqiqatlara çox ciddi ehtiyac var. Qeyd edim ki, Xınalıq qəbiristanlıqlarında qəbirlərin çoxu həm enlilik, həm də uzunluq cəhətdən olduqca iri və nəhəngdir. Rutsoş çayına gedərkən yolun üstündəki açıq qəbirlər buna əyani sübutdur. Xınalıqdakı qəbirlərin bəziləri 3 mərtəbəlidir. Burada qəbirlər bir birinin üzərində yerləşir.Ancaq qazıntılar qəbirlərin nə qədər qədim olmasını aşkar edə bilər.
Uzun illər gediş-gəlişin çətin olduğu bu məkanda yaşayan xınalıqlıların müasir dövrümüzə qədər öz varlıqlarını qoruyub saxlamalarının əsas səbəbi, məhz başqa xalqlarla inteqrasiyada olmamalarıdır. Lakin buna baxmayaraq, onlar heç də Azərbaycanda və dünyada cərəyan edən başlıca qlobal hadisələrdən kənarda qalmamış, ölkənin digər xalqları qədər bu hadisələrin iştirakçısı olmuş və problemlərin həllinə öz töhfələrini verməklə yanaşı, bu problemlərin yaratdığı fəsadlardan da öz nəsiblərini almışlar.
Digər şahdağlılar kimi xınalıqlılar da Birinci və İkinci dünya müharibələrində, həmçinin Qarabağ müharibəsində iştirak etmiş, müharibənin digər iştirakçıları kimi onlar da ağır itkilərə məruz qalmış, Vətənin azadlığı uğrunda canlarını fəda etmişlər.
Buduq: Şahdağ etnik qrupuna aid edilən etnoslardan biri də buduqlulardır. Onların əsas yaşayış məskəni – Buduq kəndi Quba rayonunda, Böyük Qafqaz dağlarının arasındakı yüksək dağ yamacında, Qaraçayın sol sahilində yerləşir. Tarixi mənbələrə əsasən, XVIII əsrdə eyni adlı mahalın mərkəzi olmuş Buduq kəndi Əlik, Yergüc, Buduqqazma və Dağüstü kimi yaşayış məntəqələri ilə həmsərhəddir. Təbii gözəllikləri ilə zəngin olan Buduq kəndi, xüsusilə də Buduq dərəsi, Axçid şəlaləsi bölgənin ən mənzərəli yerlərindən sayılır. Buduqluların Azərbaycanın etnik tarixində özünəməxsus izi və yeri vardır. Digər Şahdağ etnosları kimi buduqlular da erkən orta əsrlərdə Sasani basqınlarından qorunmaq üçün Qafqaz Albaniyasının çətin keçilən dağlıq ərazilərində məskunlaşmışlar. Bunu həm etnoqrafik materiallar, həm də qədim mənbələrdə verilən toponimik məlumatlar təsdiq edir. Buduqlularla bağlı ilk rəsmi sənəd 1607-ci ildə Səfəvi hökmdarı I Şah Abbas tərəfindən verilmiş fərmandır. Buduqlular tarixən nəsillərə, böyük və ya kiçik ailə birliklərinə bölünüblər və indi də həmin nəsillərin adı ilə tanınırlar. Digər dağ əhalisi kimi, buduqlular da oturaq həyat tərzi keçirirlər. Buduq kəndi ilə yanaşı, buduqlar həm də Pirüstü və Qab Qazma kəndlərində də yaşayırlar. Onlar özlərini "budad", dillərini isə "budad-mez" adladırırlar. Qrızlar kimi buduqlar da Quba, Xaçmaz rayonlarının düzənlik ərazilərinə köçərək yeni yaşayış məskənləri salıblar. Buduq, Qrız kəndlərini tərk edən əhali hara köçməsindən asılı olmayaraq, öz ata-baba yurdlarının əvvəlki adını və ya həmin kənddə daşıdıqları nəsli yeni saldıqları yaşayış məskəninin adında yaşadıblar.
Buduq kəndinin də memarlıq və qəbir abidələrində Alban mədəniyyəti üçün səciyyəvi olan astral inamlar və təbiət qüvvələri ilə bağlı müəyyən dünya görüşü və simvolik işarələrlə bağlı motivlər bu günədək qorunub saxlanılır. Bu qəbir daşlarından da görünür ki, bu ərazidə islam dininin yayılmasından sonra daş stelalarda islam ənənələri ilə yanaşı, bədii Alban incəsənətinə və inanclarına aid olan bir sıra elementlər də qorunmuşdur.
1833-cü ildə Buduq mahalına 19 kənd birləşdirilmişdi. Mahal mərkəzi kimi inzibati idarəetmə, mədəniyyət mərkəzi kimi inkişafda idi. XX əsrin 60-cı illərərinə kimi keçmiş Qonaqkənd rayonunun tərkibində olan Buduq və digər kəndlərdə həyat qaynayırdı, əkinçilik və maldarlıq, qoyunçuluq geniş vüsət almışdı. Daha sonralar Qonaqkənd rayonunun ləğv edilməsi nəticəsində əkin sahələri sıradan çıxdı, kəndlər boşaldı, o cümlədən buduqluların aran torpaqlara axını başladı. Hazırda budatlar-buduqlular Azərbaycanımızın çox yerində - ən çoxu Quba, Xaçmaz, Şabran, Qusar və Siyəzən rayonlarında, Dağıstanda və Rusiyanın müxtəlif yerlərində yaşayırlar.
Quba rayonunda Bağbanlı, Barlı, Nərimanabad, Dəlləkli, Vladimirovka, Vəlvələ, Qəcərzeyid, Amsar, Qışlaq və s. kəndlərində, Xaçmaz rayonunun Arzu kənd, Hacıəlibəy, Ağyazı, Barisbol, Yergüc, Suxtakələ kəndlərində daha kompakt yaşayırlar. Qusarın Balaqusar, Həsənqala, Şabran və Siyəzən şəhər və kəndlərində buduqlu ailələr var. Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Qaxın Qum kəndində, Göyçayda, İsmayıllıda, Qəbələdə və Şəkidə buduqluların yaşadıqları barədə məlumatlar var”.
Qrız: Azərbaycanda yaşayan və Şahdağ qrupuna aid edilən etnoslardan olan qrızlılar da kök etibarilə qədim alban tayfalarının varislərindən sayılırlar. Qubanın Qrız kəndi onların qədim və baş kəndi sayılır. Qrız toponimi də ilk dəfə X əsrə aid mənbədə qeyd edilir. Tufan dağı, Ağ dağ, Baltaqaya kimi dağların əhatəsində, sıldırım qayalıqların üzərində salınmış bu qədim dağ kəndi qayaların üstünə qonmuş qartala da bənzəyir.
Qrızda qədim evlər, divarlar, küçələr – hər şey hamar çay daşı ilə hörülmüşdür. Bu evlər əsasən ikimərtəbəli tikilsə də, dağlıq relyef üzündən, bir qayda olaraq, fasad tərəfdən ikimərtəbəli, dağlara baxan hissədə isə birmərtəbəli olurdu. Evlərin yuxarı mərtəbəsi yaşayış yeri, aşağı mərtəbəsi isə təsərrüfat tikilisi kimi istifadə edilirdi. Qrız evlərindəki tacvari taxta sütunlar kəsmə işləmələrlə bəzədilir. Keçilməz və çox təhlükəli, hətta atla çətin keçilən dolama dağ yolları olan Qrız kəndinə doğru uzanan daşlı-kəsəkli aşırımlardan birinə xalq arasında «Mıxtökən» adının verilməsi də təsadüfi deyildir. Yerli əhalinin söylədiyinə görə, bu yolların daş-kəsəyi atların nalını belə qoparırmış.
Şahdağın cənub-şərq yamacında yerləşən, ata-baba məskənində yerləşən Qrız kəndinin əhalisi olan qrızlar bu ərazidə sərt təbii-iqlim şəraitində, təsərrüfat üçün torpaqların çatışmazlığı şəraitində yaşayıblar. Məhz bu səbəbdən qrızların ayrı-ayrı ailələrinin və qohum qruplarının düzənlik ərazilərə köçməsi əsrlər boyu baş verib. Belə köçmələrin nəticəsi olaraq Quba, həmçinin, Xaçmaz, İsmayıllı rayonlarının ərazisində qrızların məskən saldığı Qrız Dəhnə, Əhmədoba, Palçınoba, Çinartala və digər kəndlərin əsası qoyulub. Bəzi tədqiqatçılar hesab edirlər ki, qrız dilinin bir neçə dialekti var. Onların fikrincə, bu dialektlər Hapıt, Əlik, Cek kəndlərinin sakinlərinin danışdığı dildir. Lakin etnoqrafik materialların cəlb olunduğu tədqiqatlar göstərir ki, dil baxımından yaxın olan bu xalqlar özlərini vahid bir etnik birliyə aid etmirlər.
Qeyd etmək lazımdır ki, qrız etnosuna eyni adlı kəndlərdə məskunlaşmış hapıtlılar, ceklilər, əliklilər və yergüclülər də aid edilir. Bu etnosların hər biri qrız dilinin müvafiq dialektlərində danışır. Yerli əhalinin söylədiyinə görə, Hapıt, Cek, Əlik və Yergüc kəndlərinin əhalisinin də ilkin yaşayış yeri məhz Qrız kəndi olmuşdur. Tədricən onların əcdadları bu kənddən ayrılaraq, Şahdağın ətəklərində öz yaşayış məntəqələrini salmışlar. Odur ki, həm hapıtlılar, həm ceklilər, həm də əliklilərin etnomədəniyyətlərində müəyyən fərqlər olsa da, onların danışdıqları dil qrız dilinin dialektlərindən sayılır.
Hapıt, Əlik, Cek, və Yergüc: Quba rayonun Haput, Əlik, Cek və Yergüc kəndlərində yaşayan xalqlar hamısı Şahdağ milli etnik qrupuna aiddir, aborigen əhalidir. Haput kəndi Quba rayonunun Əlik kəndinin inzibati ərazi vahidində yerləşir. Hapıtlılar qrız etnosuna qohum etnik qrup olub qrız dilinin hapıt dalektində danışırlar. Bu gün hapıtlılar toplu halda əsasən Quba rayonunun Hapıt, İsmayıllı rayonunun Hacıhətəmli, Hapıtlı və Mollaisaqlı kəndlərində yaşayırlar. Qubanın Hapıt kəndi onların ən qədim yaşayış məskənidir və Şahdağ xalqlarının məskunlaşdığı ən ucqar ərazi hesab olunur. Hapıtlılar tarixi Azərbaycan torpaqlarının, o cümlədən Qafqaz Albaniyası dövlətinin qədim sakinlərindəndirlər. Haputluların ana dili elə haput dilidir.
Qırızlıların subetnik qruplarından olan ceklilər, əliklilər və yergüclülər Qubanın eyni adlı yaşayış məntəqələrində - Cek, Əlik və Yergüc kəndlərində yaşayırlar. Qırızlılar kimi onların da ilkin yaşayış məntəqəsi qədim Qırız kəndi olmuş və tədricən buradan ayrılaraq öz kəndlərini salmışlar. Hazırda hapıtlılar, ceklilər, əliklilər və yergüclülər Qırız etnosuna aid edilən və qırız dilinin hapıt, cek və əlik dialektində danışan subetnoslar olaraq tanınırlar. Cek kəndi Xınalığa doğru uzanan dağ yolunda sonuncu kənddir və Qudyalçayın qolu olan Ağçayın sol sahilində, Cek qayaları kimi tanınan yüksəkliklərin üzərində, Əlik, Buduq, Qırız, Yergüc, Qalayxudat kəndlərinin əhatəsində yerləşir. Əlik kəndi isə bir qədər aralıda eyni adlı çayın sahilindəki çökəklikdə salınıb. Deyilənə görə, kəndin adı bu hidronimdən götürülüb. Əlik sözü türk dillərində "dağ çuxuru, çökəklik" anlamını verən "alık" kəlməsindən yaranıb. Kənd dəniz səviyyəsində təqribən 1500 metr yüksəklikdə yerləşir. Hazırda burada 50 evdə 300 nəfərədk insan yaşayır. Əlik digər Şahdağ kəndləri kimi qədim yaşayış məntəqələrindən biridir. Buradakı məzarlıqda aparılan tədqiqatlar zamanı Xınalıq və Qırız kəndlərində olduğu kimi, bir neçə təbəqədən ibarət qəbirlər aşkar edilib. Əlik kəndinin şərqində yerləşən Yergüc kəndində isə hazırda heç kim yaşamır. Kəndin son sakini 2006-cı ildə 110 yaşında vəfat edib. XIX əsrin 30-40-cı illərindən etibarən sosial-iqtisadi səbəblərdən yergüclülərin gülxatınlılar, qarabığlılar və təhməzlilər kimi nəsilləri tədricən məskənlərini tərk edərək, yaşayış üçün əlverişli olan Xaçmaz rayonu ərazisinə köç etməyə başlayıblar.
Şahdağ etnik qrupunun nümayəndələrinin yaşayış tərzi, toy və yas mərasimləri Azərbaycanın digər əhalisinin həyat ərzindən köklü şəkildə fərqlənmir. Lakin Şahdağ xalqlarını xarakterizə edən əsas cəhətlərdən biri onların ailə və məişət həyatı ilə bağlı adət-ənənələridir. Şahdağlıların ailə tərkibi çoxuşaqlılığı ilə səciyyələnir. Vaxtı ilə burada böyük ailələr mövcud olub. 40-50 nəfərdən ibarət ailəyə ata başçılıq edib, ata olmayanda isə böyük oğul bu vəzifəni icra edib. Ümumiyyətlə, patriarxal münasibətlər üzərində qurulan ailədə kişi hakim mövqeyə malik olub, ailənin bütün təsərrüfatının, keçinəcəyinin təmin edilməsinə özü rəhbərlik edir. Qadınlara məxsus işlər ya ananın özü tərəfindən, ya da onun rəhbərliyi altında icra edilir. Bu ailələrdə tarixən böyüyə hörmət, ehtiram mövcuddur. Şahdağlı ailələr öz möhkəmliyi ilə də seçilir. Şahdağlılar həmişə Azərbaycanın siyasi, ictimai və elmi həyatında fəalı iştirak ediblər. Şahdağ etnik qrupundan görkəmli alimlər, tədqiqatçılar, tarixçilər yetişib.
Bu gün Azərbaycanda formalaşan yeni, demokratik cəmiyyət müstəqil dövlət quruculuğunda fəal iştirak edir. Hər bir kəsin milli kimliyi onun bu gün özünü azərbaycanlı kimi hiss etməyinə mane olmur. Hər bir kəs öz ana dilində danışa, yaza bilər və özünün digər vacib olan mədəni ehtiyaclarını ödəyə bilər. Konstitusiyamızın “Milli mənsubiyyət hüququ” adlı 44-cü maddəsində göstərilir: “Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”. Azərbaycanda yaşayan müxtəlif xalqların və etnik qrupların nümayəndələrini bu gün müstəqil Azərbaycanın hər bir sahəsində – siyasətdə, iqtisadiyyatda, təhsildə, idmanda, mənəvi həyatda, bir sözlə, bütün sahələrdə görmək mümkündür.
Lətafət Beybutova Ələsgər qızı
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”
Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin müdiri
[email protected]
Ədəbiyyat siyahısı:
1. Ələkbər Qubatov shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Müəlliflər »
2. Paşayeva M.T.“Azərbaycanın qədim diyarı Xınalıq” (Bakı 2006).
3. Paşayeva, Məhəbbət Tofiq qızı. Azərbaycanlıların adət və inancları: XIX-XX əsrlər: monoqrafiya / M. T. Paşayeva; elmi red. T. Ə. Bünyadov; ön sözün müəl. N. Q. Cəfərov; AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu.- Bakı: Afpoliqraf, 2019.- 296 s
4. Paşayeva, Məhəbbət. Biz azərbaycanlıyıq: qısa etnoqrafik oçerklər / M. Paşayeva, A. Qurbanov; red. A. Məmmədov; Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi.- Bakı: Costco Company, 2018.- 232 s.
5. Azərbaycan multikulturalizmi: dərslik / K. Abdulla [et al.]; elmi red.: K. Abdulla, E. Nəcəfov; nəşrə məsul R. İlyasov; Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Dillər Universiteti.- Bakı: MTM-İnnovation, 2017.- 415 s.
6. Azərbaycan Respublikasının Konstitusiyası
http://multikulturalizm.gov.az/az/post/1145/sahdag-xalqlari.html
https://shahdagpeoples.az/index.php?newsid=7
https://anl.az/down/meqale/medeni_az/2020/martaprel/11(meqale).pdf https://multikultural.az/az/medeni-muxteliflik/105/sahda-xalqlari-haqqinda-ne-bilirik/
Xəbər 278 dəfə oxunub.