30.01.2025 16:55
500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Azərbaycanda dövlətə xəyanətə görə tutulan Validə Yusifovanın cinayət işi üzrə sensasion detallar məlum olub.
XəzərNews.az musavat.com-a istinadla xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi xüsusi əməliyyat zamanı V.Yusifovanın İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməsi ifşa edilib.
İstintaq zamanı müəyyən edilib ki, V. Yusifova 2022-2023-cü il tarixlərində İranda olduğu müddətdə xüsusi xidmət orqanlarının əməkdaşları ilə maddi maraq qarşılığında əməkdaşlıq edib. Yusifovanı “Fariba” təxəllüsü ilə əməkdaşlığa cəlb ediblər.
Yusifova əməkdaşlıq çərçivəsində Azərbaycanın hüquq-mühafizə orqanlarının vəzifəli əməkdaşları, Azərbaycan-İsrail münasibətləri, ölkədən gedən siyasi mühacirlər barədə və bir sıra dövlət maraqlarına zidd olan məlumatları həmin xüsusi xidmət orqanının əməkdaşlarına məlumat verməyə razılaşıb. Bunun üçün 500 min dollar ödəniş alacaqmış.
İstintaq orqanı müəyyən edib ki, V.Yusifova İrandan Tovuza qayıdandan sonra “vatsap” üzərindən əldə etdiyi bir sıra məlumatları həmin şəxslərə göndərib.
Yusifova məhkəmədəki ifadəsində İrana getdiyini etiraf edib. O bildirib ki, İran xüsusi xidmət orqanları ilə məcburiyyət qarşılığında əməkdaşlıq edib.
Onun sözlərinə görə, SEPAH tərəfindən saxlanılan zaman uzun müddət dindirilib. Yusifova deyib ki, dindirilən zaman ona xüsusi iynələr vurulub. O, edam ediləcəyindən qorxduğu üçün əməkdaşlığa razılıq verdiyini deyib.
Amma onun istintaq zamanı tamamilə fərqli ifadə verdiyi məlum olub. Yusifova istintaqda əməllərini səmimi şəkildə etiraf edib.
O, əvvəldən tanıdığı Əli Fərəciyan və Cəlal Pənahi adlı İran vətəndaşlarının dəvəti ilə Tehrana getdiyini deyib. Tehrandan da Cəlalgilin evinə gedərək orada 5 gün qalıb, həmin ərəfədə Cəlalın evində narkotik və silah görüb. 5 günün tamamında Cəlalgil Validədən şübhələnərək onu evdən çıxarıblar. Düşünüblər ki, Validə onların evinə agent kimi gəlib. Validə Azərbaycana qayıtmaq üçün Biləsuvar gömrüyünə gəlib. Lakin İran tərəfi onu gömrükdən buraxmayıb. Səbəb olaraq isə Culfa gömrüyündən keçən zaman pasportuna möhür vurulmaması olub. Validə Culfa gömrüyünə qayıdan zaman bu dəfə “Ettalaat” üzvləri tərəfindən saxlanılıb. Ona bildirilib ki, Cəlalgil külli miqdarda narkotik satışı ilə məşğuldurlar. Ondan Cəlalgil haqqından ətraflı məlumatlar soruşublar.
Həmin zaman Validə Yusifovadan MTN generalları olmuş Vəli Ələsgərov, Akif Çovdarov və Natəvan Mirvətova barədə məlumatlar da öyrənməyə çalışıblar. Validə bu haqda çox məlumatının olmadığını deyib.
V.Yusifova xüsusi xidmət orqanları tərəfindən uzun müddət dindirildikdən, təlimatlandırıldıqdan sonra Azərbaycana qayıdıb.
Razılığa əsasən V.Yusifovaya 500 min dollar pulu iranlı TIR sürücüsü gətirəcəkmiş. Həmin məbləğ həm Validənin şəxsi ehtiyacları, həm də əməkdaşlığa cəlb edəcəyi şəxslərə xərclənəcəkmiş. TIR sürücüsü bir dəfə pulun bir hissəsini gətirməyə də cəhd edib. Lakin yoxlanışlara görə bu plan baş tutmayıb.
V.Yusifova həbs edilməmişdən əvvəl DTX-ya dəvət edilib və İrandakı görüşləri barədə sorğu-sual edilib. V.Yusifova heç kimlə əməkdaşlıq etmədiyini, əgər əməkdaşlığa dəvət edilərsə, DTX-ya məlumat verəcəyini deyib.
Amma həmin zaman səmimi olmayıb və DTX-ya doğru məlumat verməyib. DTX V.Yusifovanın şübhəli davranışlarını izləməyə davam edib. Onun yenidən İranla- xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqə saxladığı, görüntülü danışdığı, məlumatlar ötürdüyü təkzib olunmaz sübutlarla aşkar edilib. V.Yusifova həbs edilərək məsuliyyətə cəlb edilib.
V.Yusifov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilərək 13 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbər 351 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|