21.11.2025 20:35
Zelenski: “Ukrayna ləyaqətini itirmək riski ilə üz-üzədir”
Ukrayna ciddi təzyiq altındadır və çox ağır seçimlə qarşı-qarşıya qala bilər.
XəzərNews.az xəbər verir ki, bu sözləri Prezident Volodimir Zelenski 21 noyabr tarixində xalqa müraciəti zamanı deyib.
Dövlət başçısı bildirib ki, ölkə tarixinin ən çətin məqamlarından biri yaşanır: “Ukrayna bu gün iki ağır variantla üz-üzədir: ya ləyaqətini itirmək, ya da əsas tərəfdaşını itirmək riski. Ya “çətin 28 xal”, ya da indiyə qədər yaşadığımız ən sərt qış və əlavə risklər. Azadlıq və ləyaqət arasında seçimdən danışmırıq; ədalətsiz həyatla barışmaq və artıq iki dəfə hücum edənlərə etibar etmək kimi qeyri-mümkün variantlardan söhbət gedir. Onlar bizdən cavab gözləyəcəklər".
Zelenski qeyd edib ki, hazırkı təzyiqlər Ukraynanın üzləşdiyi ən ağır təzyiqlərdəndir:
“Biz polad kimiyik, amma ən möhkəm metalın da qırılma anı ola bilər. Bu gün bütün ukraynalılara – xalqa, vətəndaşlara, siyasətçilərə müraciət edirəm: özümüzü toparlamalıyıq. Mübahisələri və siyasi oyunları dayandırmaq vaxtıdır. Dövlət işləməlidir. Müharibə şəraitində olan ölkənin parlamenti birlikdə, hökumət isə səmərəli fəaliyyət göstərməlidir. Hamımız bir şeyi unutmamalıyıq: bu gün Ukraynanın düşməni kimdir".
Prezident vurğulayıb ki, Kiyev emosional bəyanatlardan uzaq duracaq və ABŞ başda olmaqla bütün tərəfdaşlarla sakit, konstruktiv dialoq aparacaq: “Əsas tərəfdaşımızla çıxış yolları axtaracağıq. Arqumentlər təqdim edəcəyəm, inandıracağam, alternativlər təklif edəcəyəm. Amma heç vaxt düşmənə Ukraynanın sülh istəmədiyini və ya diplomatiyadan yayınmağa çalışdığını iddia etmək üçün səbəb verməyəcəyik. Bu, mümkün deyil".
Onun sözlərinə görə, Kiyev sürətli və fasiləsiz işləyəcək: “Bu gün, sabah, bütün həftə boyunca – nə qədər lazım olsa. Ən azı iki prinsipin – ukraynalıların ləyaqəti və azadlığının – qurban verilməməsi üçün 24/7 çalışacağam. Çünki digər hər şey – suverenliyimiz, müstəqilliyimiz, torpağımız, xalqımız və gələcəyimiz – bunun üzərində qurulub".
Zelenski qeyd edib ki, Ukrayna sülhün bərqərar olması və qlobal sabitliyin dağılmaması üçün əlindən gələni edəcək: “Rusiya uzaqda deyil. O, Avropa İttifaqının sərhədlərinə çox yaxındır. Ukraynanın bu gün Avropanın rahat həyatını Putinin planlarından qoruyan yeganə qalxan olduğunu Avropanın da çox yaxşı başa düşdüyünə ümid edirik".
Prezident çıxışını belə yekunlaşdırıb:
“Avropanın həmişə bizimlə olduğunu xatırlayırıq və bunun belə davam edəcəyinə inanırıq. Ukrayna bir daha 24 fevralın təkliyini yaşamamalıdır. O gün Putinin ordusunun qarşısında yalnız xalqımız dayanmışdı. Rusiyanı dayandıra bilən yeganə qüvvə elə o qəhrəman xalq idi".
Xəbər 36 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|