Dünyanın ən cazibədar şəhərlərindən biri olan İstanbul, zəngin tarixi, özünəməxsus mətbəxi, canlı incəsənəti, mədəni mühiti və geniş çeşidli alış-veriş imkanları ilə tanınır.
Türkiyənin ən məşhur metropolu kimi, ziyarətçilərə, hətta məhdud vaxtları olsa belə, saysız-hesabsız seçimlər təklif edir. Həftəsonu boyunca İstanbulda görə biləcəyiniz səfər proqramını təqdim edirik.
Günə başlamaq üçün ən yaxşı yol
Fərqli toxunuşlarla hazırlanmış Türk səhər yeməyi günə başlamağın ən ideal yoludur. İstanbulun valehedici Boğaz və ya şəhər mənzərəsinə baxan kafelərindən birində “sərpmə səhər yeməyi” sifariş etdiyiniz zaman masanıza gələn ləzzətlər sizi heyran edəcək. Marmara və Egey dənizindən gətirilmiş ləzzətli yaşıl və qara zeytunlar da daxil olmaqla müxtəlif Türk pendirləri, təzə göyərtilər, bal, ev üsulu ilə hazırlanmış mürəbbələr, qaymaq və yumurta, bibər və pomidorla hazırlanan, Türk səhər yeməyinin vazkeçilməzi olan menemen sizi valeh edəcək. Və əlbəttə ki, bütün bunlar simit, isti çörək və armudu stəkanlarında təzə dəmlənmiş çay ilə birlikdə təqdim olunur.
Şəhərin mərkəzində açıq hava muzeyi
Səhər yeməyindən sonra, İstanbulun tarixi gözəlliyini ən təbii şəkildə nümayiş etdirən Tarixi Yarımadaya yollana bilərsiniz. Bu açıq hava muzeyində sizi heyran edəcək bir neçə mühüm məkan var: möhtəşəm və sözlə ifadəsi mümkün olmayan gözəllikdəki Ayasofya, Sultanahmet Məscidi (Mavi Məscid) və maraqlı Yerebatan Sarnıcı. Bundan başqa, Osmanlı sultanlarının yaşadığı Topkapı Sarayı və onun bağçasında yerləşən İstanbul Arxeologiya Muzeyi də burada yerləşir. Burada həmçinin, nahar fasiləsində məşhur Sultanahmet küftəsini dadacağınız tarixi restoranlar var.
Sultanahmetdə günorta yeməyindən sonra qısa bir gəzinti sizi canlı və hərəkətli olan və ziyarətçilərə “alış-veriş terapiyası” təklif edən Böyük Bazara gətirəcək. Şəhərin ənənəvi xəzinələrinin toplandığı bu möhtəşəm bazarda, xalça, keramika, zərgərlik və daha bir çox gözəllik arasında gəzərək öz xəzinənizi tapa bilərsiniz.
Möhtəşəm Boğaz gün batımı
İndi Eminönüyə tramvayla gedib Mısır Çarşısını ziyarət etməyin vaxtıdır. Rəngarəng və ətirli bu qapalı bazarda müxtəlif qida məhsulları, dərman bitkiləri, ədviyyatlar, qurudulmuş meyvələr və Türk ləzzəti olan lokum satılır. Mısır Çarşısından cəmi beş dəqiqəlik gəzinti ilə Boğaz turu üçün bərə keçidlərinə çatmaq mümkündür. Hər saat başı başlayan bu turlar müxtəlif müddətlərdə olur. Qısa tur təxminən 90 dəqiqə çəkir və gün batımında Boğazdan İstanbulun hər iki sahilini seyr edə bilərsiniz. Tura başlamazdan əvvəl, limandakı qayıqlarda balıq sendviçləri ilə ləzzətli bir qəlyanaltı edə bilərsiniz.
Möhtəşəm Türk mətbəxi sizi gözləyir
Boğazda qayıq turundan sonra İstanbulda ilk gününüzü şəhərin Michelin ulduzlu restoranlarından birində dadlı bir axşam yeməyi ilə tamamlayın. İstanbulun fərqli qastronomik səhnəsi ənənələrinə bağlı olan yaradıcı aşpazların ləzzətləri ilə zəngindir. Ləziz Türk şərabları ilə unudulmaz bir yeməyin dadını çıxarın.
İstanbullunun həyatını yaşayın
İkinci gününüzə, adi bir İstanbullu kimi, Karaköyün kənar küçələrində xırtıldayan simit, bəyaz pendir və çayla səhər yeməyinə başlayın. Daha sonra, bohem kafeləri və sənət qalereyaları ilə məşhur Karaköyü gəzərək zövq alın. Yol sizi Galataport İstanbula, yenilənmiş limana və Karaköyün mərkəzinə aparır. Sahil boyunca yüksək səviyyəli restoranlar, kafelər və mağazalarla dolu bu müasir oazidə bir qəhvə fasiləsi verə bilərsiniz və Türkiyənin ilk müasir sənət muzeyi olan İstanbul Modernə çatacaqsınız. Ulduz memar Renzo Piano tərəfindən dizayn edilmiş beşmərtəbəli İstanbul Modern binası, sərgilənən sənət əsərləri qədər təsiredicidir. Daha sonra, yaxınlıqdakı İstanbul Rəsm və Heykəl Muzeyinə girə bilərsiniz, burada Türkiyənin ən yaxşı sənətçilərinə aid əsərləri görə bilərsiniz.
Taksimdə, şəhərin mərkəzində görməli yerlər
Tarixi Tunel, Türkiyənin ilk yeraltı dəmir yolu sistemi və dünyanın ikinci ən köhnə sistemi, Karaköyü İstiklal küçəsi ilə birləşdirir. Qatarı tərk etdikdən sonra yolu enib, İstanbuldakı ən simvolik abidələrdən biri olan Qalata Qülləsinə çıxaraq qədim şəhərin panoramik mənzərəsini seyr edə bilərsiniz. İstiqlal küçəsinə qayıtdıqdan sonra, bu məşhur prospektdə piyada gəzə bilər və ya qırmızı retro tramvayla səyahət edə bilərsiniz. Bərq vuran binalar, arkadlar (dükanları və ya kafeləri bir-birinə bağlayan, üstü örtülü, açıq hava keçidləri) , böyük və kiçik mağazalar, qalereyalar, kitab mağazaları və xüsusilə St. Antuan kilsəsini kəşf edə bilərsiniz. İstanbuldakı küçə turunuz zamanı, küçə dadları ilə məşhur olan bu şəhərdə, qovrulmuş şabalıdların, qızardılmış qarğıdalıların, midyələrin, kokoreç və digər ləzzətli qəlyanaltıların ətirini hiss edəcəksiniz.
İstanbullu kimi əylənin
İstiklal küçəsindəki gəzintiniz Taksim Meydanında, şəhərin incəsənətə həsr olunmuş böyük məbədlərindən biri olan möhtəşəm Atatürk Mədəniyyət Mərkəzi (AKM) ilə başa çatır. İki mindən çox insan qəbul edə bilən AKM-nin Opera Zalı, dünya səviyyəli şoular və konsertlərə ev sahibliyi edir. Şoudan sonra İstiqlal küçəsinə qayıdıb, bu ərazinin məşhur restoranlarının birində məzə, balıq və rakı ilə gününüzü tamamlayın.
Xəbər 3720 dəfə oxunub.