Vətən sevgisini və bu sevginin ayrılıq nisgilini sözə çevirmək, dərk etmək, bu halı beynin sücgəcindən keçirib qəlbin dərinliklərində qərarlaşdırmaq heç də asan deyil. Uzun illərin həsrətindən bəzən insanın sevinci lal baxışlarında ilişib qalır, könlündən qopan kədərli eşq nəğməsi əbədi sükuta çevirilir. Keçməkeçli ömür yolu yaşamış, həyatının gözəl çağlarını qürbət ellərin - "Mühacir Vətən"nin soyuq havasında xərcləmək məcburiyyətində qalan Güneyli soydaşımız Əli Eşqi kimi. Bu, alın yazısıdırmı, qismət payıdırmı, deyə bilmərik. Təkcə, onu deyə bilərik ki, o, bu həyatı həm də özü-özünə yazıb – və təbii ki, dərk edərək.
1979 -cu ildə İran İslam inqilabı başlayan zaman o da digər yeniyetmə gənclər kimi küçə yürüşlərinə qatılır, bu hərəkatın istər-istəməz bir parçasına çevrilir. Öz təbrincə desək, o zamanlar millətin yetərincə milli maariflənmə və siyasi savada malik olmaması səbəbindən hər kəs bir anda özünü bu hərəkatın içində görür.
Əli Eşqi o günləri belə xatırlayır:
“Atam yeni Volvo markalı yük maşını almışdı. Yürüş və mitinqlərdə iştirak etmək üçün biz də həmin maşınla camaata qoşulardıq. Yadımdadır, xalq Təbriz şəhərində Şahın heykəlini yıxmaq istəyirdi. Məni yuxarı qaldırdılar, zənciri heykələ doladım, sonra atamın maşını ilə çəkib yerə aşırdıq. Bunu Təbrizdə ilk dəfə edən biz olduq”.
Əli Eşqi və onun kimi qəlbi azadlıq sevgisi ilə alovlanan insanlar Şahı taxt-tacından salıb, onu qaçmağa məcbur etsələr də, ölkədə zamanın geriyə dönüşünün heykəlini ucaldanlar xalqın arzularını yerlə bir etdilər. Beləcə, məşəqqətli günlər, həbslər başladı...
Əli Eşqinin siyasi fəaliyyətə atılmasının, öz taleyini müəyyən etməsinin maraqlı məqamları var. O vaxt babası şəxsi vəsaiti hesabına məhəllələrində bir məscid tikdirir. Əli Eşqi də Quranı çox yaxşı bildiyinə görə sonralar həmin məsciddə dinin tədrisinə başlayır. 5-6 il bu işlə məşqul olur. Olkədəki çoxsayılı ayrı-seçkilikləri görüncə, siyasi baxışları dəyişir, işindən ayrılmaq qərarını verir. 1987-ci ildə İranda ilk siyasi qurum olaraq “GÜNEY AZƏRBAYCAN QURTULUŞ TƏŞKİLATI”nın təməli qoyulur və Təşəbbüs Qrupu yaradılır. Əli Eşqi də bu təşəbbüs qrupunda yer alır. O, həmin illəri belə xatırlayır:
“Güney Azərbaycanda ilk siyasi təşkilatı biz yaratdıq. Təşkilatın əsasnaməsini Təbriz şəhərində yaydıq, qurum tədricən tanınmağa başlandı. İran rejiminin basqıları altında, gizli şəkildə fəaliyyətimizə davam edirdik. Qurtuluş Təşkilatının əsasnaməsinin təsdiqi Təbrizin görkəmli şəxsiyyətlərindən olan Həsən bəy Dəmirçi və Dr. Məhəmməd Tağı Zehtabinin adı ilə bağlıdır. Bu iki şəxsiyyətin adı Qurtuluş Təşkilatının daha da inkişaf etməsinə şərait yaratdı. Eldar Qaradağlı başqan seçildi, mən isə mətbuat və informasiya məkəzinin məsul şəxsi oldum. 1988-ci ildə Nasir Rəhbərinin dəstəyi ilə qaçaq olaraq Bakıya gəldim və Meydan hərəkatında birlikdə iştirak etdik. Demək olar ki, meydan hərəkatında güneydən yalnız biz ikimiz aktiv şəkildə iştirak edirdik”.
Əli Eşqi həmin illərdə Bakıda evlənib, ailə həyatı qurur. Eyni zamanda, mütəmadi olaraq İrana gedib-gəlir, Sonralar bir neçə hüquqi şirkət təsis edərək, müxtəlif ərzaq məhsulları və sənaye mallarının ticarəti ilə məşğul olur. Bu xırda ticarət 1997-ci ilədək davam edir, daha sonralar isə “Şahanə” adı altında bir neçə hüquqi şirkət təsis edir.
Eyni zamanda, Bakı şəhərinin tələbatı əsasında ilk olaraq “Avrasiya Kargo” şirkətini yaradır.
1998-ci ildə ilk Güneyli olaraq “Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafı Uğrunda Şəhriyar Fondu” Qeyri Hökumət Təşkilatını yaradır. Azərbaycan QHT Formuna qatılır və 25 təşkilat arasında yer alır.
Əli Eşqi daha yüksək siyasi fazaya qədəm qoyur və yeni təsis olunan Bütöv Azərbaycan Birliyində ona xüsusi görəv verilir. Əbülfəz Elçibəy davamlı şəkildə Güneyə gedib-gəlməsini nəzərə alaraq, oradakı siyasi fəallarla əlaqələndiricilik missiyasını ona həvalə edir. O, Elçibəyin görüşlərini təşkil edir, məktublarını, bəzi kitab və nəşrləri lazimi ünvanlara çatdırır. Eyni zamanda, Qurtuluş Təşkilatının bütün işlərini idarə edir.
Əli Eşqinin hələ 1997-ci ildə Dünya Azərbaycanlıları Konqresinin yaranmasında da mühüm rolu olur. 7 il DAK-ın Mətbuat və İnformasiya Mərkəzinin sədri vəzifəsində çalışır.Təşəşkilatın arxivinin yaradılması və formalaşmasının birbaşa məsuliyyəti onun üzərinə düşür.
1999-cü ildə Bütöv Azərbaycan Birliyinin həftəlik toplantısında Əbülfəz Elçibəy tərəfindən ilk dəfə adqoyma mərasimi keçirilir. Elçibəyin ad verdiyi Azərbaycanlı uşaq Əli Eşqinin oğlu Xan Tural olur və Elçibəyin nəvəsi adını qazanır. Bu, Əli Eşqi və ailəsi üçün fəxr, qürur mənbəyi olsa da, onlara promlemlər də yaşadır. Məsələ ilə bağlı bir neçə dəfə İranın Bakıdakı Konsulluğuna çağırılaraq sorğu-sual edilir, hər dəfə Güneyə gedəndə 15-20 gün həbs olunur. Nəhayət, 2002-ci ildə bu məsələ pik həddə çatır, onun Bakıdakı evi yandırılır. Bu işdə İranın əli olduğunu söyləsə də, onun fikirləri ciddiyə alınmır. İki il kirayədə yaşamaq məcburiyyətində qalan Əli Eşqi o ağır illər haqqında sonradan bunları deyir:
“Bu ərəfədə hər dəfə İrana gedəndə təbii ki saxlanılardım. İranın İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin əməkdaşları məni təhqir edir, onlarla əməkdaşlıq etməyimi istəyirdilər. Amma hər dəfə arzuları gözlərində qalırdı. Həyat isə davam edirdi. Bütün pulumuz-paramız, qızımın cehizləri, ev əşyaları, geyimlərimiz yanğın zamanı məhv olmuşdu. Kimsədən yardım almamaq üçün hər işə baş vurdum. Yaranmış vəziyyətlə bağlı Qurtuluş təşkilatının işləri ilə kiçik qardaşım İsmayıl məşqul olurdu. Atam buna razı olmasa da, ayrı yol yox idi, İran Molla rejimi ilə mucadiləmiz davam etməli idi. İranda bütün ticarətim, həmçinin atama məxsus Kərpic zavodumuz da müsadirə olunmuşdu”.
2003-cü ildə İran İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi Əli Eşqi ilə bağlı yeni oyun qurur. Güya o, Ermənistana casusluq edir və bu səbəbdən də Bakı şəhər Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş idarəsi tərəfindən saxlanır. 4 gündən sonra o vaxtki Milli Təhlükəsizlik Nazirliyinə təhvil verilir. Məhkəmənin qərarı ilə dörd ay Bayıl həbsxanasında saxlanlılr. Buraxılandan dərhal sonra isə Təbrizə - doğmalarını ziyarətə gedir. Qardaşı İsmayılın yenicə qətlə yetirildiyi xəbərini alır və bundan bərk sarsılır. O vaxt yaşadıqları çətinlikləri indi belə ifadə edir:
“Atama hədə qorxu gəlmişdilər, polisə belə şikayət etməsinə izin verməmişdilər. İsmayılın ölümü atamın belini bükdü və həmişə mənə deyirdi ki Əli, bir daha Təbrizə gəlmə, səni də öldürəcəklər. İsmayılın ölüm sirrini ilk olaraq bu film vasitəsi ilə açıqlayıram, o, intihar etməyib, onu dostunun evində asaraq qətlə yetiriblər”.
İran rejimi yenə Əli Eşqidən əl çəkmir. 2005-ci ildə Əfqanistandan geri dönəndə Tehran Hava limanında yaxalanır və birbaşa ETTELAAT təcridxanasına aparılır. Orada olmazın işgəncələrə məruz qalır və bir neçə gün sonra Təbrizə göndərilir. Burada da ağır işgəncələr davam etdirilir, qolunu sındırırlar. Bir aydan sonra isə buraxırlar.
2006-cı ildə ETTELAAT tərəfindən rəsmi şəkildə təhdidlərlə üz-üzə qalır, DAK-dan istefa verib uzaqlaşmasını tələb edirlər, əks təqdirdə oğlun Xan Turalı oğurlayacağıq deyə, hədə qorxu gəlirlər.
Min bir zülümlə Fransadan Şengen vizası alan Əli Eşqi ailəsi ilə birgə İsveçə köçmək istəyir. İran rejimi bundan xəbər tutur və Rusiyanın əli ilə onu Sank-Peterburq– Finlandiya sərhəddindən geri qaytarırlar. Beləcə bütün arzuları alt-üst olur. Bakıya döndükdən sonra onu İran konsulluğuna çağırıb xəbərdarlıq edirlər ki, onların izni olmadan heç bir yerə gedə bilməz.
2008-ci ilədək bu mübarizələr davam edir. Əli Eşqi həmin il Almaniyanın Köln şəhərində keçirilən DAK-ın növbəti qurultayına çox möhtəşəm şəkildə 75 Azərbaycan vətəndaşının iştirakını təşkil edir. Elə qlobal problemləri də Köln səfərindən sonra başlayır. Bu dəfə qızının qaçırılması ilə bağlı təhdidlər alır və nəhayət, istefa verərək DAK-dan uzaqlaşır.
Bu arada vətəndaşlıq üçün Azərbaycan Dövlətinə müraciət etsə də, rədd cavabı alır, ona yalnız 5 illik oturum verilir. Az sonra Təbrizə səfər etdiyi zaman yenə də yaxalanır. Ona işgəncələr verirlər. Bu işgəncələr nəticəsində infarktı keçirir. 18 ay müalicə olunur. Uzun müddət Azərbaycan dövlətinə geri dönüş edə bilmədiyinə görə 5 illik oturum da ləğv olunur. 2019-cü ildə son dəfə İrana gedəndə Astara sərhəd məntəqəsində saxlanılır və oradan Təbrizə gətirilir. Sorğu-sual edildikdən sonra buraxılır. Üç aydan sonra Təbriz 3-cü İnqilab Məhkəməsinə çıxarılır və Azərbaycana casusluq maddəsi ilə hökm verilir. Təkrar ETTELAAT təcridxanasına aparılır. Yalnız 4 aydan sonra ailəsi ilə əlaqə yaratmağa izn verirlər. Bu müddət ərzində ailəsi onun öldürüldüyünü zənn edirmiş.
Bu dörd ayda aldığı olmazın ağır işgəncələr nəticəsində Əli Eşqi fiziki baxımdan tamam tükənsə də, ümidini üzmür. Və elə bir hadisə baş verir ki…Sonuncu məhkəmə iclasında digər məhkum ailələri arasında dava düşür. O, məhkəmə zalından qadın çadrası örtərək qaçmağı bacarır. Birbaşa Urmu şəhərinə gəlir. Üç ay dağlarda kürdlərlə birlikdə dəfələrlə qaçıb Türkiyəyə keçməyə cəhd edir. Nəhayət, İran-Türkiyə sərhədindən Yüksəkovaya, oradan Vana, sonra isə Ankaraya gedir.
Türkiyənin Uşak şəhərindən siyası sığınacaq alır və bir ilə yaxın orada yaşayır. Çətinliklə də olsa, bir tanışı vasitəsi ilə pul qarşılığında pasport ala bilir. Nəhayət, Türkiyədən rəsmi çıxış əldə edib Gürcüstana daxıl olur.
Əli Eşqini Gürcüstanda da saxlayırlar. Pasportun saxta olması səbəbindən ona 4 ay həbs cəzası kəsilir. 15 min ABŞ dolları qarşılığında həbsdən çıxır və bir müddət Batumidə yaşayır. Pasport əldə etməklə bağlı ikinci cəhdi də uğursuz olur. Ona yenə də saxta pasport verirlər. Bu dəfə 7 il həbs cəzası kəsilir. Iki vəkil tutaraq Dövlətə pul ödəməklə həbs cəzasından qurtulur və bir il Batumidə yaşayır.
Nəhayət, orada sənədlərini qaydasına salıb, viza ilə Azərbaycana daxil olur. Müvəqqəti oturum almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edir, amma rədd cavabı gəlir. Məcbur qalıb məhkəməyə müraciət edir – və bütün instansiyalarda uduzur, üstəlik VİZA məsələsini də ləğv edirlər, bir daha Azərbaycana girişi yasaqlanır.
1988-ci ildən etibarən, Bakıda yaşamasına, Azərbaycan vətəndaşı ilə ailə həyatı qurmasına, 3 azərbaycanlı övladının olmasına baxmayaraq, nə daimi oturum ala bilir, nə də vətəndaşlıq. Düz 7 aydır ki, VİZA ilə də olsa Azərbaycana gəlib, ailəsini görə bilmir.
Mübarizə, vətən sevgisi, ağrı-acı ilə dolu bu hekayəni Əli Eşqinin fikirləri ilə bitiririk:
“Mən, bir Azərbaycan türkü, bir Güney Azərbaycanlısı olaraq düşünürdüm ki, bizim üç vətənimiz – Güney Azərbaycan, Quzey Azərbaycan və Türkiyə Cümhuriyyəti – var deyə, yer üzünün ən xoşbət insanlarıyıq. İndi heç biri oturum vermir ki, ən azından bu yaşımızda sabit bir yerimiz olsun, yollarda qalıb ölməyək. İran adlanan ölkənin faşist molla rejimi ömrümün 7 ilini və bu illərin bütün şirinliyini, insan olaraq hüquqlarımı, azadlığımı, gəncliyimi itirdim. Elə fiziki sağlamlığımı da – aldığım işgəncələrdən bir qolum işləmir, bir gözüm görmür artıq, mən indi vətəndaşlığı olmayan bir Vətən qazisiyəm”.