25.11.2025 17:51
İcradan heç kim əraziyə gəlməyib - Jurnalist
"Dünən və bu gün media tərəfindən ən çox verilən sual budur - hansı dövlət qurumuna müraciət etmisiniz və ya edəcəksiniz?"
XəzərNews.az xəbər verir ki, bu barədə Yasamalda yanan binanın sakini, hərbi jurnalist Heydər Mirzə bildirib.
O qeyd edib ki, ilk günlər həyatda qalmaq, əziz insanları torpağa tapşırmaq və cinayətin ictimailəşdirilməsi ilə məşğul olublar:
"Bu günə qədər dövlət qurumlarından burada ancaq polis olub. Onlar ərazidə daimi xidmət aparır, mühafizəni təmin edir, kənar şəxslərin yaxınlaşmasının qarşısını alır, hətta ən sadə məsələlərdə belə kömək edirlər. Yasamal RPİ-yə və xüsusən 28-ci Polis Bölməsinə təşəkkür edirəm. Bundan başqa, prokurorluq əməkdaşları gəlir-gedir, maddi sübutları toplayır. Başqa heç kim gəlməyib”.
Jurnalisitn sözlərinə görə, FHN əməkdaşları da hadisə yerinə gəliblər:
"Ancaq yaxınlaşıb soruşmadılar ki, necəsiniz, neynirsiniz, Allah rəhmət eləsin. Üç zabit idi. Ciddi-ciddi gəzişib çıxıb getdilər. Salam da vermədilər heç. Görünür, bəzi yüksək rütbəli zabitlər xilasedicilərin o günkü qəhrəmanlığını özlərinə də yazırlar".
H.Mirzə bildirib ki, Yasamal Rayon İcra Hakimiyyətindən heç kim əraziyə gəlməyib:
"Yasamal RİH buradan 350 metr məsafədədir. Bir nəfər də gəlməyib. Əlaqə saxlayan da olmayıb. Bələdiyyə ilə son əlaqəm bir ay əvvəl 152 manat vergini mənə zorla ödətdirəndə olub. Ünvanlarını belə bilmirik. Vaxtı ilə cinayətkarın xeyrinə qərar çıxaran Yasamal Rayon Məhkəməsinin hakimi xanım Ayşən Sultanova-Məmmədova isə heç gəlməz axı... Bütün bunları nəzərə alaraq, vətəndaşlar qurumlara deyil, Dövlətin özünə müraciət etmək niyyətindədir... Haqq-ədaləti ancaq Dəmir Yumruq bərqərar edə bilər".
Xəbər 758 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|