24.10.2025 15:00
Rusiya miqrantları rədd edir: Xırda millətçilik, yoxsa şovinizm?
Miqrant məsələsi müasir Rusiyada ciddi müzakirə olunur və bu mövzuya münasibət Rusiyanın gələcəyi və tarixi taleyinə ciddi təsir göstərə bilər. Xırda millətçilik uzun müddətdir mövcuddur və getdikcə daha da genişlənir. Rusiyanın bu gün düşünən beyni – elitası, təhsil sistemi, xüsusilə də ali məktəbləri – millətçilik virusu ilə yoluxub.
Rus imperiyasının formalaşmasında qılıncla yanaşı, Peterburq əhalisinin gəlmələrə qarşı xoş münasibəti də mühüm rol oynamışdı. Rus xalqının sadəqəlbli və açıq davranışı o dövrdə gəlmə xalqları özünə cəlb edə bilmişdi. Qeyri-rus xalqların təhsil alması prosesində də bu sadəqəlblik əsas faktorlardan biri idi. Təəssüf ki, bu mövzu nə çar, nə də sovet dövründə tədqiq olundu. İndi isə onu araşdırmaq demək olar ki, mümkün deyil.
Rusiyanın digər xalqlara münasibətini tədqiq etdikdə, rus elitasının onlardan nəinki uzaqlaşdığını, hətta bəzən iyrəndiyini görmək mümkündür. RF Dövlət Dumasının sədri Vyaçeslav Volodin kəskin anti-miqrant mövqeyi ilə seçilir. Ona indi artıq Rusiya Federasiyasının keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurasında V.Putinin müavini Dmitri Medvedev də qoşulub. Onun fikrincə, miqrantlar dəstə-dəstə Rusiyaya gəlməli, ancaq iş həcmi tamamlanan kimi dərhal ölkəni tərk etməlidirlər. Bu, faktiki olaraq köhnə katorqa və kolonial sistemin məntiqinə uyğundur.
Rusiya rəhbərliyinin əsas problemi də buradadır. Avropanın rus mədəniyyətini öz mədəniyyəti kimi qəbul etməməsinin ən böyük sübutu Kreml elitasının keçmiş sovet xalqlarına – öz tərkibindəki və MDB məkanındakı xalqlara – münasibətindədir. Avropada Rusiyaya qarşı kəskin neqativ mövqe son 30 ildə formalaşdı. SSRİ-nin yaratdığı “dəmir pərdə” aradan qalxdıqdan sonra, B.Yeltsin və V.Putin dövrlərində Qərblə açıq təmas MDB ölkələrinin reallığını da üzə çıxardı. Lakin Rusiya elitası bu reallığı görmək istəmir.
Özbək Şərəf Rəşidov və azərbaycanlı Ulu Öndər Heydər Əliyev SSRİ-nin İslam dünyasındakı siyasətinin formalaşmasında müstəsna rol oynamışdılar. Qazaxıstanın lideri Nursultan Nazarbayev isə SSRİ-nin faciəvi dağılmasının qarşısını almağa çalışdı və onu MDB-yə çevirən əsas şəxsə çevrildi. O, qlobal miqyasda təşəbbüslər irəli sürdü.
Bu gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyanın elan etdiyi iqtisadi müharibənin qaynar qarşıdurmaya çevrilməsinin qarşısını aldı. Əksinə, indi V.Putin Qazaxıstanı Rusiyanın dostu, strateji müttəfiqi və bir nömrəli tərəfdaşı adlandırır. Nəticədə, Rusiya elitasının Qazaxıstana münasibəti də dəyişib. Tokayevin apardığı siyasət həm Asiya, həm də Qərb dövlətləri tərəfindən qəbul edilir. O, yaxınlarda Azərbaycan Prezidenti ilə görüşündə onu “tarixi şəxsiyyət” adlandırdı. Tokayevin özü də artıq bu səviyyədə dəyərləndirilir.
Şövkət Mirziyoyev sanki tarixi özbək imperiyasının pozitiv irsinin başında dayanır. Onun üçün həmin imperiya elmi və mədəni dəyərlərin məbədi rolunu oynayır. Mirziyoyevin yaratdığı İslam Sivilizasiyası Mərkəzi Qərbdəki məşhur muzey və tədqiqat mərkəzlərinin diqqətini cəlb edib. Hətta İran da bu mərkəzlə maraqlanır – halbuki belə bir təşəbbüsə ilk olaraq İranın özünün imza atması gözlənilirdi.
Azərbaycan tarixən Mərkəzi Asiya ilə sıx bağlı olub və bu gün də həmin əlaqələr getdikcə güclənir. Mərkəzi Asiya respublikaları ilə münasibətlər sanki konfederativ əməkdaşlıq səviyyəsinə yüksəlir. Türkmənistan artıq Rusiyanın izolyasiyasından çıxaraq Əfqanıstan və Pakistanla sıx əlaqələr qurub. Bu, həm də Qərblə münasibətlərin formalaşmasında Azərbaycan vasitəsilə mühüm rol oynaya bilər.
Qurbanqulu Berdıməhəmmədovun “Arkadağın işıqlı yolu” modeli Türkmənistanı regional layihələrdə aktiv iştirak edən dövlətə çevirdi. Azərbaycan, Özbəkistan və Türkmənistan arasında nəqliyyat və energetika sahəsində həyata keçirilən layihələr artıq reallığa çevrilib və Qazaxıstanın da bu layihələrə artan marağı müşahidə olunur.
Azərbaycanın eyni anda həm Mərkəzi Asiya ölkələri, həm Rusiya, həm də Avropa ilə sıx əməkdaşlıq qurması artıq çoxşaxəli və işlək bir modelə çevrilib. Yaxın Şərqdən də ölkəmizə artan maraq hiss olunur; Qətərlə münasibətlər tamamilə yeni tipli əməkdaşlıq mərhələsinə keçib. Baltikyanı ölkələr də Azərbaycana xüsusi maraq göstərir və bu, artıq Avropa İttifaqının genişləndirilmiş proqramlarına uyğun görünür.
Yaşıl enerji və alternativ enerji mənbələri sahəsindəki təşəbbüslər vaxtilə V.Leninin irəli sürdüyü “QOELRO” planını xatırladır. “QOELRO” yeni iqtisadiyyatın əsasını qoyan proqram idi və ona ironik deyil, tarixi baxımdan qiymət vermək lazımdır. Həmin dövrdə bu proqramda Rusiyanın qonşuluğundakı bir sıra Avropa dövlətləri də müəyyən dərəcədə iştirak etmişdi.
Artıq erməni ekspertləri belə Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edirlər. Keçmiş sovet respublikaları müasir texnologiyalar əsasında öz aralarında iqtisadi kooperasiyanı bərpa etməyə hazırlaşırlar. Böyük ehtimalla Ukrayna da bu proseslərə qoşulacaq, çünki ölkəni başqa şəkildə bərpa etmək mümkün deyil. Bu isə Azərbaycanın regional mövqeyi üçün əlavə üstünlük deməkdir.
MDB məkanında keçmiş sovet xalqlarının vahid strukturu artıq formalaşma mərhələsindədir. Rusiyanın bu prosesdə iştirakı isə onun davranışından asılı olacaq. Hazırkı siyasət kursu ilə Rusiya bu layihədən kənarda qala bilər. MDB xalqlarına qarşı nifrət və təhqiramiz münasibətdən əl çəkmək, normal və bərabərhüquqlu yanaşma formalaşdırmaq RF üçün həyati zərurətdir.
Rusiyanın ciddi demoqrafik problemləri var — ölkənin mövcudluğu ilə yox olması arasında fərqi müəyyən edən məhz bu amillərdir. Qərbin Ukraynada hərbi əməliyyatları davam etdirməkdə əsas hədəfi də elə budur. Halbuki Rusiya anlamır ki, Avropa dövlətlərinin çoxunda işçi qüvvəsi qıtlığı mövcuddur və onlar MDB məkanını bu baxımdan resurs mənbəyi kimi görürlər.
Türkiyədə də oxşar vəziyyət müşahidə olunur: burada da demoqrafik narahatlıqlar və işçi çatışmazlığı var. Buna görə də Ankara miqrasiya qanunvericiliyini dəyişib. Türkiyə alimləri Mərkəzi Asiya xalqlarını, xüsusilə uyğur və qırğızları Suriya ilə sərhəd bölgələrinə köçürməyi təklif edirlər.
Rusiya isə miqrantlara münasibətdə özünə qarşı çox ciddi problem yaradıb. Bu, təkcə sosial məsələ deyil, həm də siyasi və mədəni ziddiyyətin nəticəsidir. Rusiyanın MDB-yə münasibəti, əslində, onun Ukraynaya münasibətinin davamıdır.
Bəzi analitiklər düşünürlər ki, Ukraynanın Rusiyanın “bölgü qaydasına” salınması SSRİ-nin vaxtilə Almaniyanın bölünməsi ilə müqayisə oluna bilər. Lakin SSRİ könüllü şəkildə Almaniyanın birləşməsinə razılıq vermişdi. Gələcəkdə Ukrayna MDB-yə qayıdarsa, bəlkə də Rusiyanın böldüyü bu ölkə yenidən birləşə bilər.
Rusiya rəhbərliyinin MDB xalqlarına münasibətini dəyişməsi və elita daxilində ideoloji-təlim işi aparması artıq zərurətə çevrilib.
Mübariz Əhmədoğlu
Politoloq
Xəbər 957 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|