Azərbaycanda sosial rifah və gəlir bölgüsündə balansın pozulması uzun müddətdir ictimai müzakirələrin əsas mövzusuna çevrilib. Dövlətin iqtisadi strategiyasının əsas məqsədlərindən biri əmək bazarında ədalətli gəlir bölgüsünü təmin etmək, vətəndaşlara minimum yaşayış şəraiti yaratmaq və sosial bərabərliyi qorumaqdır. Lakin inflyasiyanın artması, bazar qiymətlərinin bahalaşması və həyat xərclərinin yüksəlməsi nəticəsində minimum əməkhaqqının real dəyəri ildən-ilə azalır.
Rəsmi məlumatlara əsasən, 2026-ci ildə də minimum əməkhaqqı 400 manat səviyyəsində saxlanılacaq. Bu qərar səthi baxışda sabitlik göstəricisi təsiri bağışlasa da, real hesablamalar fərqli mənzərə yaradır. Çünki vergilər və sosial ayırmalar çıxıldıqdan sonra vətəndaşın əlində cəmi 372 manat qalır. Hökumətin müəyyən etdiyi ehtiyac meyarı - yəni bir nəfərin aylıq minimum xərcləri 317 manatdır. Sadə hesabla, minimum maaş alan şəxsin sərbəst istifadə edə biləcəyi vəsait cəmi 55 manatdır.
Əslində bu rəqəm heç bir təhlükəsizlik yastığı yaratmır. Çünki 317 manatlıq rəsmi ehtiyac meyarı real bazar qiymətləri ilə üst-üstə düşmür. Hazırkı inflyasiya səviyyəsinə əsasən, bu göstəricinin ən azı 500 manat olması daha real görünür. Bu halda 400 manat maaş alan vətəndaş hər ay təxminən 120 manatlıq çatışmazlıqla üz-üzə qalır.
Bu məsələ sadəcə statistik hesabat deyil, ölkənin geniş sosial təbəqəsinin gündəlik həyatı ilə bağlıdır. Əmək qabiliyyətli əhalinin təxminən 40–45 faizi 400–550 manat aralığında maaş alır. Yəni yüz minlərlə ailənin yaşam səviyyəsi məhz bu rəqəmlərin içində müəyyən olunur.
Minimum əməkhaqqının artırılmaması bir sıra sosial-iqtisadi nəticələr doğurur.
Əvvəla, nominal maaş dəyişməsə də, inflyasiya səbəbindən real gəlir azalır. Dövlət Statistika Komitəsinin son göstəricilərinə görə, ərzaq məhsullarında illik qiymət artımı 10–12 faiz civarındadır. Bu o deməkdir ki, 2025-ci ildə 400 manat maaşla əvvəlki ilin təxminən 360 manatlıq alıcılıq gücü əldə olunur.
İkinci mühüm məqam vergi siyasətidir. Aşağı gəlirli vətəndaşlardan 3 faizlik gəlir vergisinin tutulması sosial ədalət prinsipinə ziddir. Vergilərin mahiyyəti ondan ibarətdir ki, yüksək gəlirli şəxslər daha çox, az gəlirli təbəqə isə minimal yük daşısın. Bir çox ölkələrdə minimum gəlir səviyyəsi ümumiyyətlə vergidən azaddır. Azərbaycanda isə əksinə, az qazanan da dövlət büdcəsinin yükünü bölüşür.
Üçüncü məsələ sosial müdafiə mexanizmlərinin reallıqdan geri qalmasıdır. Əgər bazarda bir insanın minimum aylıq xərci 500 manata yaxınlaşırsa, 317 manatlıq ehtiyac meyarı faktiki yoxsulluğu gizlədir. Bunun nəticəsində ünvanlı sosial yardım sistemi də real ehtiyacı olanların hamısını əhatə etmir.
Dördüncüsü, qeyri-rəsmi məşğulluğun artmasıdır. İnsanlar əlavə gəlir qazanmaq üçün qeydiyyatsız işlərə yönəlir, bu isə həm vergi sistemini, həm sosial sığortanı zədələyir. Minimum əməkhaqqı real xərclərə uyğun tənzimlənmədikcə, kölgə iqtisadiyyatının payı artacaq.
Beşinci təsir isə əhalinin istehlak davranışlarında özünü göstərir. Gəliri az olan insanlar ərzaq, dərman və digər zəruri xərcləri azaltmağa məcbur qalır. Nəticədə həm ailələrin sağlamlığı, həm də ölkə iqtisadiyyatının daxili dövriyyəsi zərər görür. Orta təbəqə də bu prosesdə yoxsulluq riskinə yaxınlaşır.
Əslində iqtisadi mexanizm aydındır: minimum əməkhaqqı aşağı səviyyədə saxlanıldıqda, digər maaş pillələri də artım imkanını itirir. Yəni 400 manatlıq baza dəyişmədikcə, 600 və ya 700 manat maaş alanların da gəlir artımı dayana bilər. Bu, gəlir bərabərsizliyini daha da dərinləşdirir.
Dövlət tərəfdən isə arqument adətən eyni olur: büdcə sabitliyi və inflyasiya nəzarəti. Amma sosial rifah təkcə makroiqtisadi göstəricilərlə deyil, mikro səviyyədə ailələrin gündəlik büdcəsi ilə ölçülür. Əgər ailə 400 manata bazarlıq, kommunal ödəniş və dərman xərclərini qarşılaya bilmirsə, iqtisadi sabitlik rəqəmlərdə qalsa belə, vətəndaşın reallığında mövcud olmur.
400 manatlıq maaşla yaşamaq təkcə bugünkü ehtiyacların deyil, sabahın imkanlarının da məhdudlaşması deməkdir. Belə gəlir səviyyəsində insanlar nə təhsilə, nə sağlamlığa, nə də qənaətə pul ayıra bilir. Yoxsul ailədən çıxan gənc təhsilini davam etdirə bilmir, bu da gəlir fərqinin nəsildən-nəsilə ötürülməsinə səbəb olur.
Əməkhaqqının real dəyəri sadəcə iqtisadi parametr deyil, bu həm də, insan ləyaqətinin ölçüsüdür. Əgər 400 manatlıq gəlirdən vergi tutulursa, bu, sosial ədalətin deyil, sosial yükün mesajıdır. Halbuki dövlətin əsas borcu zəif təbəqənin yükünü yüngülləşdirməkdir.
Nəticə etibarilə, minimum əməkhaqqının 400 manat səviyyəsində saxlanması nə iqtisadi inkişafı stimullaşdırır, nə də əhalinin rifahını yaxşılaşdırır. Real gəlirin azalması, ehtiyac meyarının reallıqdan uzaq qalması və sosial təbəqələşmənin artması bu siyasətin qaçılmaz nəticələridir. Minimum əməkhaqqının yenidən hesablanması, ehtiyac meyarının bazar reallıqlarına uyğunlaşdırılması və aşağı gəlir qrupları üçün vergi güzəştlərinin tətbiqi həm sosial ədalət, həm də davamlı iqtisadi inkişaf üçün vacib addımdır.
N.Oruclu
Xəbər 519 dəfə oxunub.