06.09.2023 14:04
Fazil Mustafadan unikal təklif: “Problemlərin həlli üzrə ayrıca nazirlik yaradılsın”
“Görünür Azərbaycanda problemlərin həlli üzrə ayrıca nazirlik yaradılmalıdır. Adı elə birbaşa Problemlərin Həlli Nazirliyi olsun. Yəni bütün nazirliklər, dövlət komitələri, dövlət agentliklər öz yerində durur, ancaq onların həll etmədiyi adi, sadə, mümkün problemləri bu nazirlik həll edir. Bu nazirliyə də əlahiddə səlahiyyət verilir ki, aldığı qərarlar qəti olur”.
XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib.
F.Mustafa bildirib ki, haqlılığı şübhə doğurmayan qərarlar fiziki və hüquqi şəxslərin işlərinin axsamaması, süründürməçiliyə görə dövlətdən narazı qalmaması üçün zəruridir:
“Baxın, bir orta məktəb müəllimi İsmayıllıdan gəlib ki, Koreyadan sifariş verib gətirdiyi maşını götürsün. Gömrükdən yaşıl kart almalıdır ki, aparıb DYP-yə təqdim etsin. Üç gündür gömrüyün qapısında gözləyir ki, inspektorun insafı gəlib onu yola salsın. Adam məktəbə də izah edə bilmir ki, bu səbəbdən gələ bilmir. Digər bir adam uşağını dövlətin bağçasına qoya bilmir. Yer yoxdur, növbəyə durmalısan deyib, süründürməçiliyə salırlar. Digər bir adam illərdir sənəd ala bilmir ki, bəs filan banka borcun var. Məhkəmə qərarı ilə sübut edir ki, heç bir borcum yoxdur, yenə də süründürməçiliyə salıb bir arayışı vermirlər. Hətta gedib həmən bankdan kredit borcu götürür və məlum olur ki, borcu yox imiş. Başqa biri tamamailə haqlı olduğu iş üçün məhkəməyə müraciət edə bilmir. Düşünür ki, vəkilə filan qədər pul ödəməliyəm, 6-7 ay məhkəmə instansiyaları arasında ayaq döyməliyəm, təminatım da yoxdur ki, xeyrimə qərar çıxarılacaq. Yaxşısı budur taleyimlə razılaşım. Başqası neçə ildir xarici müalicəyə gedə bimir ki, təyyarə bileti Gürcüstandan on dəfə bahadır. Yol bağlı olduğundan Gürcüstana da keçib oradan uça bilmir. Yüzlərlə bu sayaq vətəndaşın problemi həllini tapmır, halbuki elektron hökumət deyilən asanlaşdırıcı sistemdə bunları on-line formada vətəndaşa çatdırmaq mümkündür. Əslində ASAN xidmətin yaradılması bu məsələlərdə vətəndaşın işini yüngülləşdirdi, ancaq bizə edilən çoxsaylı müraciətlərdən də görürük ki, adi və sadə problemlərin həlli mümkün olmur. İndi mən bəlkə də zarafatvari belə bir təklif verdim, ancaq dövlət qurumlarının bir çoxu ilə təmasda olan insanların iztirabı göstərir ki, durum gerçəkdən xoşagələn deyil. Adam bir qurumun həll etməli olduğu məsələ ilə bağlı on instansiyaya qəbula gedir, poçta o qədər vəsait xərcləyir, həm vaxt itkisinə, həm də maddi-mənəvi itkiyə məruz qalır. Məmur məsuliyyətsizliyi isə pik həddədir və bizlər də təsir göstərməkdə çətinlik çəkirik”.
Xəbər 1546 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|