30.12.2021 19:53
Bir olaq, iri olaq, diri olaq!
2021-ci ili də başa vururuq. “İldırım sürəti ilə ötdü, keçdi”, - deyə bilməyəcəyəm. Geridə buraxdığım zamanın az qala hər saatını, hər gününü xatırlayıram. Amma saysız-hesabsız olayların, an etibarilə dəyişən, həyatımızın əhəmiyyətli hissəsini qəsb edən xəbər yükünün altında çat verən düşüncəmizin, azadlığı internet sürətindən asılı olan varlığımızın, palitranın bütün rənglərinin virtouz qarışığının xaotik bir şəkildə yer aldığı həyat tablomuzun doğurduğu təəssüratların basqısı altında, çoxları kimi mən də ötən günlərin xatirələrini bir araya gətirməkdə, toparlamaqda çətinlik çəkirəm. Çox sürətli, dəyişkən, ağrılarıyla sevinci qolboyun olan bir il yaşadıq.
Doğmalarımızı, yaxınlarımızı itirdik... Lakin həyatın ritmi hətta kədərimizi, üzüntümüzü belə tam, bütöv bir şəkildə yaşamağa imkan vermədi. Gün başladı – gün bitdi...
Bəzən ən xoş hadisə belə içimizi saran, anlaşılmaz, bir az da qeyri-müəyyən, səbəbsiz “kədəri” unutdurmaq üçün yetərli olmur. Qısamüddətli “ağrıkəsici” təsiri bağışlayır, vəssalam...
2020-ci ilin son günlərində 2021-dən böyük gözləntilərimiz vardı...
Zəfərin gətirdiyi ovqatdan doğan maksimalizm beynimizə qısa bir zaman kəsiyində bütün hədəflərimizə çatacağımız barədə fasiləsiz siqnallar ötürür, bizi gözümüzün önündəki reallıqlardan daha çox təxəyyülümüzdə yaratdığımız sintetik uğur rənglərinin üzərində kökləyirdi... Hər şeyin 44 günlük Zəfər yolunun temporitminə uyğun bir şəkildə baş verəcəyini düşünürdük. 44 gün... Sadəcə 44 günmü? Separatizm dalğasının başlandığı gündən nələrdən və nələrindən keçmişdi Azərbaycan?!
Yüzminlərlə insanın paramparça olnuş taleyi...
Sonunda işığın belə “talon”la göründüyü qaranlıq “tunellər”dən, bir millət olaraq bizi toparlanmağa qoymayan sarsıntılardan keçən ömrümüz... Yolun başlanğıcında məğlub edilmiş, əzilmiş, dünyanın küncünə atılmış bir ovqat “qatarı”nın çarəsiz sərnişinləriydik, sadəcə...
İndi heç geridə buraxdığımız 30 illik zaman kəsiyinin hissəciklərini bir-birinə “yamayıb” qazandıqlarımızın, əldə etdiklərimizin miqyasını təsəvvürümüzdə canlandıra bilmirik. Bizim o müqəddəs 44 günədək yaşadıqlarımızın 30 yox, 300 yaşı var!
...2021-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin “ömür yükü” ən azı 100 ildir! Torpaqlarımızı işğaldan azad edəcəyimizə inamımızı itirməsək də, nə zamansa Azərbaycan-Türkiyə müttəfiqliyini ən üst səviyəyə daşıyan bir sənədin imzalanacağını heç ağlımızın ucundan belə keçirə bilməzdik. Həm də harada? Şuşada! Fəthi misilisiz cəsarət, fədakarlıq tələb edən alınmaz qalada!
Çox yox, cəmi 2 il öncə, nə zamansa indiki Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi ilə bağlı bir mücadilənin içərisində olacağımızı təsəvvür belə edə bilməzdik. Qulaqlarımızı deşən “Dağlıq Qarabağ” və “münaqişə” sözlərinin separatizmi, işğalı körükləyənlərin özlərinin siyasi leksikonundan silinəcəyini də, həmçinin...
Çox yox, cəmi 2 il öncə bizi okeanın o tayından “yeni ərazilərimizi işğal edəcəkləri” ilə hədələyənlərin liderinin öz ölkəsinin paytaxtında Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altındakı ərazilərimizdə yaşayan etnik ermənilərin taleyinin Azərbaycan Konstitusiyası çərçivəsində həll edilməli olduğu barədə danışa biləcəyini hansısa fantastik əsərin qəhrəmanının monoloqu kimi qarşılayardıq...
Şuşaya Zəfər yolu çəkəcəyimizi, Füzulidə Beynəlxalq Hava Limanı inşa edəcəyimizi, Şuşada “Xarı bülbül” festivalı, Vaqif Poeziya Günləri keçirəcəyimizi də həmçinin... Amma bütün bunlar gerçəklikdir! Bəlkə də baş verənlərin sürəti əldə etdiklərimizi yetərincə qiymətləndirməyə imkan vermir. Amma 2021-ci ildə bu kiçicik yazıda sadaladıqlarım və sadalamadığım çoxsaylı hadisələr baş verib.
Biz bütün bunları bacarmışıq!
Xalq olaraq!
Dövlət olaraq!
Bir ilin ərzində 100 illik məsafəni qət etmişik. Bu səbəbdən də geridə buraxdığımız zaman kəsiyinin hər anından qürur duymalı, bütün hədəflərimizə çatacağımıza varlığımız qədər inanmalıyıq!
2022-ci il sözün bütün mənalarında Bütöv Azərbaycan ili olacaq! Fikirdə, sözdə və işdə birliyimiz maneələri dəf etmək üçün yetərlidir!
Bir olaq, iri olaq, diri olaq!
P.S. 2021-ci ilin son yazısında bizə böyük Zəfərin qürurunu yaşadan şəhidlərimizi ehtiramla yad edir, onları Vətən üçün doğuran, böyüdən və yetişdirənlərin əllərindən öpürəm!
Qazilərimizə, Vətən müharibəsinin iştirakçılarına və hər bir Azərbaycan vətəndaşına Allahdan möhkəm cansağlığı diləyir, firavan həyat arzulayıram.
Tanrı Millətimizi və Dövlətimizi qorusun!
Elçin Mirzəbəyli
XəzərNews.az
Xəbər 5118 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|