“AtaBank”dan götürdüyü 42 milyonu mənimsəməkdə ittiham olunan Müdafiə Nazirliyinin keçmiş zabiti Zahid Niftəliyevin məhkəmə araşdırması davam edib
Xəzərnews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən icasda “AtaBank”ın daha iki işçisi şahid ifadəsi verib.
Dindirilən Solmaz Əliyeva bankda baş mütəxəssis və şöbə müdiri kimi çalışıb. O, Zahid Niftəliyevi bankın müştərisi kimi tanıyıb: “Zahid müəllim kreditin ayrılması üçün bizə yaxınlaşıb. Biz də sənədləri yoxlamışıq. Çekdə pulun nə qədər olduğunu xatırlamıram. Ümumilikdə onu bankda iki-üç dəfə görmüşəm”.
Şahidin ibtidai istintaq vaxtı verdiyi ifadəsi ilə indiki arasında bəzi ziddiyyətli məqamlar var. S.Əliyeva o vaxt deyib ki, “Şahin CO” şirkəti Zahid Niftəliyevin adına olub. O, 7 milyon 350 min dolları nağd çıxarıb, 16 milyon 847 min dollar isə digər şirkətin hesabına köçürülüb.
Zahid Niftəliyev isə bankda cəmi bir dəfə olduğunu iddia edir: “Mənə deyiblər ki, çeki, müqaviləni imzala, mən də həmin sənədləri imzalamışam. Vəssalam”.
Məlumat üçün deyək ki, “Şlyapa Zahid” bu cinayətə görə, Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovu təqsirli bilir. Hesab edir ki, krediti məhz Sadıkov üçün götürüb. Bu məsələyə aydınlıq gətirilməsi üçün o, sabiq baş qərargah rəisini məhkəməyə çağırıb. Məhkəmə hələ ki, bu məsələyə baxmayıb.
Prosesin davamında şahid qismində Rüfət Daşdəmirov ifadə verib. Şahid deyib ki, kreditin ayrılması vaxtı müştərilərlə münasibətdə olmayıb: “Kredit ayrılması üçün müraciət edən şirkətlərin hesabları, nizamnaməsi yoxlanılıb, bundan sonra kreditin ayrılması təmin olunub”.
Daşdəmirov ilkin istintaqda müstəntiqə daha aydın ifadə verib. Həmin ifadədən görünür ki, “Şahin CO”ya əvvəl kredit ayrılmayıb. Ona görə ki, şirkət kredit üçün müraciət edən gün təsis edilib: “Buna baxmayaraq bankın idarə heyətinin sədri Dəyanət Quliyev dedi ki, kredit komitəsində müzakirəyə çıxarın, qalan məsələ bizlikdir. Sonradan kreditin verilməsi üçün qərar qəbul edildi”.
İclas üçün nəzərdə tutulmuş müddət bitdiyi üçün şahidin sorğu-sualı yarımçıq qalıb. Proses fevralın 5-i davam edəcək.
Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib. Z.Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən həbs edilib.
İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən, Z.Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.
Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq “AtaBank” ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Z.Niftəliyev 2023-cü ildə başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Həmin hökm bütün instansiyalarda təsdiqlənib.
Xüsusi qeyd: Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı isə DTX-də cinayət işi ayrılıb.
Xəbər 290 dəfə oxunub.