Sibir Ural dağlarından Sakit okeana, Şimal Buzlu okeanından Qazaxıstan, Monqolustan və Çin sərhədlərinə qədər uzanır. Ümumi sahəsi 13 milyon kvadrat kilometr, əhalisi isə 37 milyon nəfərdir. Sibirin ən böyük şəhəri və “paytaxtı” Novosibirsk, mədəniyyət paytaxtı isə Omsk hesab olunur. Qeyd edək ki, Omsk 1918-ci ildə qısa müddətə Rusiyanın müvəqqəti paytaxtı da olub.
Sibir ərazisində insanlar 40 min il öncə məskunlaşmağa başlayıblar. 2010-cu ildə burada həmin dövrə aid insan fosili tapılmış və ona “Denisova insanı” adı verilmişdir.
Ərazi 13-cü əsrdə Monqol işğalına məruz qalıb və burada Qızıl Orda dövləti hökm sürüb. Qızıl Ordanın zəifləməsindən sonra, 1502-ci ildə Sibir xanlığı qurulmuş, lakin sonradan Rusiya imperiyası tərəfindən işğal edilərək Sakit okeana qədər ələ keçirilmişdir.
Çar Rusiyası dövründə Sibir sürgün yeri kimi tanınırdı. 1891-ci ildə məhkumlar Rusiyanı Sibirə birləşdirən Trans-Sibir magistralının inşasına başladılar. Sovet dövründə isə buraya sürgün edilənlərin sayı daha da artdı - 1929-1953-cü illərdə “kulak” adlandırılan 14 milyon insan Sibir düşərgələrində ağır şəraitdə həyatını itirdi.
Təbii sərvətlər və coğrafi möcüzələr
Sibirin ən hündür hissəsi Altay dağlarının Beluxa zirvəsidir (4506 m). Zirvəyə çıxmaq Elbrusdan daha çətindir. Burada həmçinin dünyanın ən iri bataqlıqlarından biri — Vasyuqan bataqlığı yerləşir. Onun sahəsi 53 min kv km-dən çoxdur və bu göstərici ilə bir çox Avropa ölkələrinin ümumi ərazisindən böyükdür.
Ural dağları Sibirin qərb sərhədi, şərq sərhədi isə dəqiq müəyyən olunmayıb. Bəzi alimlər Uzaq Şərqi Sibirin tərkibinə, digərləri isə əksinə, onun xaricinə aid edirlər. Bir versiyaya görə, Sibirin şərq sərhədi Sakit okean sahillərindəki dağ silsilələridir.
Sibir həm də planetin ən geniş meşə sahəsinə malikdir və Amazon meşələri ilə yanaşı, Yer atmosferinə böyük miqdarda oksigen verir. İnsan əli dəyməmiş meşələr, nəhəng çaylar, unikal flora və fauna ilə bu diyar bir növ “soyuq cənnət” sayılır. Tayqanın dərinliklərində hələ də sivilizasiyadan uzaq xalqlar yaşayır, ovçuluq və yığıcılıqla məşğul olurlar. Onların həyatı sadə, arzuları az, lakin xoşbəxtlikləri böyükdür.
Yerli xalqların çoxu şamanizmə inanır. Sibirdə hətta qansoran kəpənəklər – “Calyptra” növü də yaşayır; onlar məməlilərin qanı və göz yaşları ilə qidalanırlar.
Sibir iqlimi və yaşayış şəraiti
Dünyanın ən soyuq şəhəri olan Verxoyansk və daimi yaşayış olan ən soyuq yer Oymyakon Şərqi Sibirdə yerləşir. Burada temperatur -71,2°C-yə qədər düşüb. Qışda Norilsk kimi bəzi şəhərlər tamamilə sivilizasiyadan təcrid olunur; yollar qardan təmizlənmir, dəmir yolu yoxdur, hava şəraiti səbəbindən təyyarələr həftələrlə uça bilmir.
Sibirdə neft və qaz ehtiyatları olduqca zəngindir. Məsələn, Omsk şəhərində sutka ərzində 25–30 min ton neft emal olunur. Sovet İttifaqı dövründə Qərbi Sibirdəki nüvə poliqonlarında sınaqlar aparılmış, ən məşhuru Semipalatinsk poliqonu olmuşdur.
1908-ci ildə Tunquska meteoriti Şərqi Sibirə düşüb, lakin onun parçaları tapılmadığı üçün hadisə bu günədək sirr olaraq qalır. 1971-ci ildə isə Sibirdə diametri 30 sm-dən çox olan anormal qar dənəcikləri müşahidə olunub – bu hadisə dünya rekorduna düşüb.
Sibir çoxmillətli diyardır – burada 100-dən artıq yerli xalq yaşayır, bəzilərinin sayı isə cəmi bir neçə yüz nəfərdir.
İqlim əsasən kəskin kontinental xarakter daşıyır: yayda +30°C, qışda isə -60°C-yə qədər fərqlər müşahidə olunur. Meşələrin altındakı qalın torf qatı istiliklə alışaraq tez-tez dəhşətli meşə yanğınlarına səbəb olur.
Yakutsk şəhərində temperatur -52°C olsa belə, məktəblər və iş yerləri bağlanmır. İnsanlar eynək taxmırlar, çünki metal çərçivə donaraq dəriyə yapışa bilər. Daimi donuşluq səbəbindən, yüzillər əvvəl basdırılan cəsədlər demək olar ki, dəyişməz vəziyyətdə qalır. Qışda maşınlar bütün günü işlək saxlanılır, çünki motor dayanarsa, bərpa etmək çətin olur.
Sibir – Sirr və Mədəniyyətlər Beşiyi
Sibir, təkcə sərt iqlimi ilə deyil, həm də təbii və tarixi sirləri ilə tanınır. Burada tapılan dinozavr qalıqları, onların tüklü olduqlarını sübut edib və bu, paleontologiyada mühüm kəşf sayılır.
1918-ci ildə Oktyabr inqilabından sonra qısa müddət fəaliyyət göstərmiş Sibir Respublikası mövcud olub – cəmi altı ay.
Sibirdə yüzlərlə xalq, onlarla dil, min illik inanclar və fərqli mədəniyyətlər bir arada yaşayır. Bu səbəbdən tayqaya bəzən “planetin yaşıl ağciyərləri” deyilir — çünki o, Amazon meşələri ilə birlikdə Yer atmosferinə böyük miqdarda oksigen bəxş edir.
Bu gün Sibir həm elm adamlarını, həm də macəra axtaran səyyahları özünə cəlb edən mistik, nəhəng və sirli bir diyardır.
O, tarix, təbiət və insan həyatının sərhədlərinin sınaqdan keçirildiyi yeganə yerdir.
Osman Eminov
Xəbər 2202 dəfə oxunub.