14.01.2025 12:40
Əliyevlərin Moldovada itirdiyi milyonlar...
Moldovanın Prut və Dunay çayları üzərində ölkənin dənizə çıxışını təmin edən yeganə “Gurgulest” limanı artıq azərbaycanlı iş adamı, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı - Rafik Əliyevə məxsus deyil. Limanı Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) satın alıb, lakin Əliyevlər geri çəkilmək niyyətində deyil. Uzun müddətdir davam edən məhkəmə çəkişmələrində yenidən canlanma müşahidə edilir
Hazırda Rafiq Əliyev Moldovadakı üç şirkətindən biri olan “Bemol Retail” vasitəsilə 2021-ci ildə məhkəmə qərarı ilə ona verilməli olan 9 milyon avronu “Danube Logistics”dən geri qaytarmaq üçün cəhdlər edir.
Moldova prokurorları da 2011-ci ildə Rafiq Əliyevin “Danube Logistics”ə nəzarəti itirməsi ilə nəticələnən problemli satışı araşdırmağa başlayıb. Müqavilənin ləğvi və ya etibarsız sayılması, müharibədən sonrakı yenidənqurma dövründə Ukraynaya doğru logistika zəncirinin əsas elementinə çevriləcəyi gözlənilən liman üçün mənzərənin tamamilə dəyişəcəyi ehtimal olunur. Bu, təkcə Moldova hakimiyyətini deyil, həm də hazırda limanın sahibi olan Avropa Yenidənqurma və İnkişaf Bankını, bu əmlakı əldə etmək niyyətində olan Rumıniya hökumətini də pis vəziyyətə sala bilər.
Belə ki, prokurorluğun tələbi ilə 2022-ci ilin iyununda məhkəmə 2011-ci il əməliyyatı ilə bağlı aparılan araşdırmalarla əlaqədar, o zaman bütünlüklə AYİB-ə məxsus olan “Danube Logistics” şirkətinin 7,5 milyon avroluq səhmlərinə həbs qoyub.
Qeyd edək ki, 2005-ci ildə Moldova hökuməti liman obyektlərinin tikintisi üçün müəssisənin əsas sahibi, azərbaycanlı iş adamı Rafik Əliyevlə müqavilə imzalayıb.
Rafik Əliyev Azərbaycanda qardaşı Fərhad Əliyevlə eyni vaxtda həbs olunandan sonra Moldovadakı biznesini qorumaq üçün 2006-cı ildə hər şeyi Hollandiyada qurulan “Easeur Holding” BV rəhbərliyinə təhvil verib və 4 icraçı direktor təyin edilib. İşçisi və yaxın dostu olan Tomas Moser 2006-2012-ci illərdə “Bemol Retail” şirkətini idarə edən zaman “Tuna Logistics” şirkətini ələ keçirib.
Rafik Əliyev 2013-cü ildə həbsdən azad olduqdan sonra “Bemol” şirkəti vasitəsi ilə işini idarə etmək üçün Moldovaya qayıdıb və Tomas Moserin şirkətin puluna sahib olduğunu öyrənib.
Bütün bu baş verənlərdən sonra Rafik Əliyev məhkəməyə müraciət edib. 2018-ci ilin aprelində Kişinev məhkəməsi Tomas Moserin Aydovla birlikdə 106 milyon dollar məbləğində təzminat ödəməli olduğuna qərar verib. Lakin sonradan Moldova Ali Məhkəməsi Rafik Əliyevin bütün iddialarını rədd edərək Moserə bəraət verib.
Xatırladaq ki, Moser əvvəllər Avropa Yenidənqurma və İnkişaf Bankında çalışıb, sonra isə Rafiq Əliyevə məxsus “Azpetrol” qrupunun keçmiş vitse-prezidenti və Moldovadakı layihə şirkətlərinin meneceri, həmçinin 2011- 2021-ci illərdə “Danube Logistics”in son benefisiarı olub.
Xəbər 295 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|