Rusiyada post-Putin, Türkiyədə isə post-Ərdoğan dönəminə hazırlıq gedir. Həm yerli, həm də beynəlxalq mediada xələflər haqqında müxtəlif məlumatlar yayır. Bu yazıda post-Ərdoğan dövründə Türkiyəni yönəldəcəyi ehtimal olunan birisində söhbət açacağıq.
Türkiyənin
“duvarenglish.com” saytı hələ 2023-cü ilin sentyabrında bu məsələyə toxunmuşdu. Nuray Babacan o vaxt belə yazmışdı:
“Partiya daxilində prezident Ərdoğandan sonra növbəti AKP lideri kimi əsasən üç nəfərin adı çəkilir: Ərdoğanın kürəkəni və Baykarın ortağı Səlcuq Bayraktar, xarici işlər naziri Hakan Fidan və millət vəkili, keçmiş daxili işlər naziri Süleyman Soylu”. Yazar onlardan yalnız Süleyman Soylunun xalq arasında populyar olduğunu vurğulayır. Ancaq bu da faktdır ki, Qərb və Rusiya mediasında Ərdoğanı əvəz edəcək şəxs kimi Hakan Fidanın adı sıx-sıx çəkilir.
Elə oradan başlayaq ki, Nuray xanımın sözügedən məqaləsində deyir ki, cənab Fidan hərbçi olaraq
“kəşfiyyat şefi” kimi uğur qazanıb. Bu uğurun sivil siyasətə transformasiyası isə onu bu rəqabətdə xeyli irəli çıxarda bilər. Proseslərin gedişi gösrtərir ki, bu proqnoz sürətlə reallaşır. Cənab Fidan artıq Ədalət və İnkişaf Partiyasının (AKP) lideri və Türkiyə prezidenti kimi Tayyib Ərdoğanın mümkün varisi kimi görünür.
Ona görə də bu yazıda Hakan Fidan fenomeninin bəzi xüsusiyyətlərinə diqqət edəcəyik.
Hakan Fidan (1968) 2023-cü ilin iyun ayından Türkiyənin xarici işlər naziri vəzifəsini icra edir. Əslində isə o, diplomatik aləmə yad fiqur deyildi. Hakan Fidan hələ 2007-ci ildə Baş nazirin xarici siyasət və beynəlxalq təhlükəsizlik üzrə müavini vəzifəsinə təyin olunub. O, 2010-2023-cü illər arasında Millî İstihbarat Teşkilatının (MİT. 1965-ci ildə yaranıb) direktoru olub. O, bu vəzifəyə təyin olunmuş ən gənc (42 yaşında) məmur sayılır. ABŞ-ın nüfuzlu “Forbes” yarnalı belə yazır:
“Fidanın rəhbərliyi altında və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə MİT kəşfiyyat məlumatı toplama və təhlil imkanlarını, eləcə də əməliyyat imkanlarını artıraraq dörd dəfədən çox böyüdü”.
O, ata tərəfdən vartolu kürddür, Həsənan tayfasındandır. Onun anası isə Dənizlidən olan türkmən qızıdır. ABŞ-nın Merilend Universitetindən İdarəetmə və Politologiya sahəsində bakalavr dərəcəsi almışdır. Bilkənt Universitetində
"Xarici Siyasətdə Kəşfiyyatın Yeri" mövzusunda magistr dərəcəsi almışdır. Hacəttəpə universitetlərində də elmi fəaliyyətlə məşğul olmuşdur. Almaniyadakı NATO Çevik Reaksiya Korpusunun Qərargahında çalışan Fidan 2003-2007-ci illərdə Baş nazirlik nəzdindəki Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) başçısı oldu. TİKA Türkiyənin yumşaq gücünün artmasında mühüm rol oynayıb. Dünyanın müxtəlif yerlərində müxtəlif inkişaf layihələri həyata keçirməklə Türkiyənin humanitar və məsuliyyətli qlobal aktor kimi imicinin təbliğinə kömək edib. Əsasən türk, Afrika, Yaxın Şərq ölkələri ilə müxtəlif layihələr həyata keçirib.
Almaniyanın məşhur “spiegel.de” saytı 2018-ci ilin sonlarında “Der Mann, der alles über Khashoggis Sterben weiß” (Camal Qaşıqçı haqqında hər şeyi bilən adam) adlı məqaləsində yazırdı ki, Hakan Fidan həm də Tayyib Ərdoğanın mühafizəsi ilə bağlı məsləhətçi kimi qismində çalışıb.
Fidan Türkiyənin Bəşər Əsəd rejiminə qarşı döyüşən suriyalı üsyançılara aktiv dəstək verməklə bağlı regional strategiyasının formalaşmasında mühüm rol oynayıb. O, MİT rəhbəri kimi Türkiyənin İsrail və Birləşmiş Ştatlar ilə təhlükəsizlik sahəsində əməkdaşlığına önəm verdi. Ancaq İranla da əməkdaşlıq etdi. 2016-cı ildə Türkiyədə hərbi çevriliş cəhdi zamanı Fidan etirazın yatırılmasında Ərdoğana yardımçı olmaqda mühüm rol oynayıb. 2017-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransı zamanı o, Türkiyədə həyata keçirilən siyasi təmizləmələrdə adı keçən Gülən Hərəkatının tərəfdarı olduğu iddia edilən 300 nəfərin siyahısını Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) prezidenti Bruno Kala təqdim etdi. O, 2022-ci ilin sentyabrında Bağdadda İraq Parlamentində sünni blokundan Hamis Hancerə ilə bir araya gəldi və İraq prezidenti Baram Salih ilə də görüşdü.
Cənab Fidan Kürdüstan Fəhlə Partiyası (PKK) ilə gizli sülh danışıqlarına cəlb edilmişdi və bu danışıqlara görə 2012-ci ildə dövlət ittihamçısı onun barəsində araşdırma aparmaq istəyirdi. Lakin Rəcəb Tayyib Ərdoğan prosesə müdaxilə etdi və istintaq araşdırmasına imkan vermədi. Daha sonra Abdullah Öcalanla danışıqların aparılması ona həvalə edildi. Qərb mənbələri onu da yazır ki, Tayyib Ərdoğan hökuməti Hakan Fidan üzərindən İranın Qərb sanksiyalarından yayınması və gizli qara bazara yol tapmasına yardım göstərib.
Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə 2022-ci il iyulun 22-də Rusiya və Ukrayna arasında imzalanmış Qara Dəniz Taxıl Təşəbbüsü işində də Hakan Fidan ciddi rol oynayıb. Bu saziş Rusiyanın Ukraynaya hərbi təcavüzü ərzində Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınmasını təmin edib.
2023-cü ilin sentyabrında Azərbaycan separatçı və qondarma Artsaxa qarşı anti-terror əməliyyatı həyata keçirdi. Hakan Fidan Azərbaycana diplomatik dəstək verdi və Azərbaycanın hərbi əməliyyatının “əsaslı” olduğunu və
“Azərbaycanın öz suveren ərazisində lazım bildiyi tədbirləri gördüyünü” bəyan etdi.
ABŞ hökumətinin Suriya üzrə xüsusi elçisi olmuş Ceyms Cefri Hakan Fidanı
“yeni Yaxın Şərqin yeni siması” adlandırıb. Prezident Ərdoğan isə onu “bütün sirlərin qoruyucusu” sayır.
O, İran İnqilabı Keşikçiləri Korpusunun elit birliyi olan Qüds Qüvvələrinin komandanı Qasim Süleymani ilə sıx əlaqələr qurub. Hətta 2010-cu ildə ABŞ Fidanı Amerika və İsrailin kəşfiyyat məlumatlarını Tehrana gizli şəkildə ötürməkdə ittiham edib.
Fidan Türkiyənin xarici siyasətinin ən kritik məsələlərinə dərindən bələddir. Və bu amil onun gücünə güc qatır, ona böyük üstünlüklər qazandırır.
Belə görünür ki, Ərdoğan Türkiyənin təhlükəsizlik, iqtisadi və enerji maraqlarını prioritet bildiyi praqmatik yanaşmanı izləyən hazırkı xarici siyasətini davam etdirmək niyyətindədir.
Türkiyə Rusiya ilə Qərb ölkələri arasında geosiyasi maraqlarını tarazlaşdırmaq strategiyasını davam etdirir. Bu kontekstdə Türkiyənin Ukrayna və Kremllə yaxşı münasibətləri var, eyni zamanda Türkiyə Rusiyanı konstruktiv şəkildə əlaqə saxlaya biləcəyi tərəf kimi görür.
Ankara və Moskva “Türk axını” təbii qaz kəməri və Türkiyənin ilk atom elektrik stansiyası kimi infrastruktur təşəbbüsləri üzərindən əməkdaşlıq edir. Türkiyə Rusiyanı Türkiyə vasitəsilə Avropaya bağlayan
“Türk axını” boru kəməri ilə Avropanın qaz mərkəzinə çevrilməkdədir. Bu əməkdaşlıq həm də iki ölkə arasında iqtisadi əlaqələrin artmasına səbəb olub.
Nəzərə alsaq ki, Fidan uzun müddət MİT-in rəhbəri olub, bu o deməkdir ki, o, daxili, regional və beynəlxalq hadisələrlə bağlı kritik mövzular və məsələlərlə bağlı etibarlı məlumatlar əldə edib. Bu da onu xarici işlər naziri kimi Türkiyənin maraqlarını inkişaf etdirmək üçün unikal bir mövqe qazandırıb.
"Onun bir neçə region ölkəsi ilə yaxınlaşma və normallaşmaya nail olmaq üçün arxa qapı diplomatiyasına cəlb olunması o deməkdir ki, o, öz irsi üzərində dayanacaq və Türkiyənin regional və beynəlxalq oyunçularla əlaqələrini inkişaf etdirəcək. Bəzi regional və ya beynəlxalq məsələlərdə tələb olunan yumşaq və ya sərt diplomatiya olsun, o, bu rolu oynamaq üçün yaxşı mövqedədir".
Hakan Fidan Türkiyənin Qərb tərəfdaşları ilə yaxşı həmsöhbət ola bilər. Türkiyənin kəşfiyyat təşkilatının rəhbəri kimi o, təhlükəsizlik və xarici siyasət məsələləri ilə bağlı geniş biliyə və təcrübəyə malikdir. Elə buna görə də onu
“doktor Fidan” adlandıranlar da az deyil.
Fidan siyasi vəzifəyə qədər casusluq məktəbi keçmiş ilk məmur deyil. Rusiya prezidenti Vladimir Putin KQB məktəbi keçib. Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru vəzifəsində çalışmış ABŞ-ın keçmiş prezidenti Corc Volker Buşun (2001-2009) karyera trayektoriyalarını xatırlatmaq kifayətdir. Bu mənada Hakan Fidanın da prezident olmaq şansı var.
ABŞ-ın keçmiş dövlət katibi, Mayk Pompeo da Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru idi. Yəni ABŞ tarixində də belə şeylər olub.
AKP-nin xarici siyasət komandasının mühüm üzvü olan Fidan (bəziləri onu xarici işlər naziri təyin olunmuşdan çox-çox əvvəl “kölgədəki xarici işlər naziri” kimi təqdim edirdi. Qərb mənbələri yazır ki, 2023-cü ildən əvvəl də o, xarici işlər naziri olmağa cəhd etsə də buna nail olmamışdı. O, Abdullah Gül və Əhməd Davudoğlu ilə yaxın idi. Gül 2007-ci ildə prezident olanda Fidan onun administrasiyasında vəzifə üçün nəzərdə tutulmuşdu. Əvəzində Fidan Davudoğlunun rəhbərliyi altında baş nazirlikdə yerləşdirildi və o, həssas məsələlərlə bağlı təcrübə qazandı. O, ABŞ və İran arasında kəskin gərginlik dövründə Türkiyənin Beynəlxalq Atom Enerjisi Agentliyində nümayəndəsi vəzifəsində çalışıb.
“The Financial Times” Hakan Fidanı
"uzun boylu kübar, casus-diplomat” adlandırıb.
Adıçəkilən qəzetə müsahibəsində o, kəşfiyyatdan qlobal diplomatiyaya keçidini obrazlı şəkildə belə ifadə etmişdi:
“Əvvəl mən böyük bir təşkilatı idarə edirdim, indi isə bir təşkilat məni idarə edir”.
Hakan Fidan ailəlidir və üç övladı var.
Elbəyi Həsənli
Sürix
Xəbər 640 dəfə oxunub.