24.01.2025 13:56
Oğurluq edən şagird “Oba”da girov saxlanılıb?
Bakının Sabunçu rayonunda yerləşən 3 nömrəli Xocavənd məktəbinin yaxınlığında, Aydınbəyov 9A ünvanında fəaliyyət göstərən "Oba" marketdə məktəblinin oğurluq ittihamı ilə girov saxlanıldığı iddia edilir.
XəzərNews.az xəbər verir ki, bu barədə oğurluqda ittiham olunan yeniyetmənin anası sosial şəbəkələrdə paylaşım edərək kömək istəyib.
Valideynin sözlərinə görə, oğlu və onunla birgə iki sinif yoldaşı marketdən şokolad oğurlamaqda ittiham edilib. Valideyn marketə çağırılıb və ona təhlükəsizlik kameralarından görüntülər təqdim edilib:
“Oğlum və 2 sinif yoldaşını "Oba" marketdən şokolad oğurlayanda tutublar . Məni işdən çağırdılar və oğlumun etdiyini göstərdilər. Allah şahiddir ki, mən orada nə hala düşdüm. Mən onları atasız, onun-bunun qabağında işləyərək saxlayıram. Oğlumun etdiyi səhvə görə üzr istəyib, "cəriməsi nə qədərdir, ödəyim" dedim. "Oba"!nın müdiri "300 manat pul ödəməlisiniz" dedi. Mən çarəsizlikdən ağlamağa başladım. Çünki ayda 500 manata işləyən adamam. "Bu qədərim yoxdur, bir az aşağı verim" dedim. O isə razılaşmadı və "pul gəlməyincə, uşağı buradan apara bilməzsiniz" dedi. Mən telefon və şəxsiyyət vəsiqəsini orada qoyub oğlumu götürüb evə gəldim”.
Valideynin sözlərinə görə, ağlayıb yalvardığı üçün məbləği 300 manatdan 200 manata salıblar və o, həmin gün 150 manat ödəyib:
“Mən həmin gün axşama 150 manat tapıb getdim ora, yalvardım ki, "yoxdur", dedi "bunu ver, 50-ni də ayın axırı gətir". Mən onu 300-dən 200-ə salana qədər nə qədər ağladım onun qabağında.”
Valideyn, evə gəldikdən sonra digər uşağın ailəsindən daha az məbləğ - 70 manat tələb edildiyini öyrənib:
“Evə gəlib öyrəndim ki, digərlərindən 70 manat pul istəyib və onlar hələ də verməyib. Mən bilirəm ki, övladım düz etməyib. İnanın Allaha, elə uşaq deyil, kimin isə oyununa gəlib. Bu, ona haqq qazandırmır, bunu da bilirəm. Mənə təsir edən odur ki, onlardan niyə o qədər, məndən bu qədər pul aldı? Sizdən məsləhət istəyirəm. Sizcə, mən nə edim, onu da verim, susum, yoxsa?"
Problemlə bağlı “OBA” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, ötən gün “Oba” marketlər şəbəkəsinin Sabunçu rayonu ərazisində yerləşən “Oba 8” mağazasında, yanvar ayının əvvəlindən başlayaraq, yetkinlik yaşına çatmamış 9-cu sinif şagirdinin mağazadan oğurluq etməsi və mağaza müdirinin bunun müqabilində valideyndən pul tələb etməsi ilə bağlı iddia araşdırılıb:
“Qeyd etmək istərdik ki, mağazalarımızda təmin edilmiş təhlükəsizlik vasitələrinə müştərilərimizin, mağazalarımızın və əməkdaşlarımızın hüquq və mənafelərini qorumaq məqsədilə daimi nəzarət aparılır. Təəssüf ki, son hadisədə adı açıqlanmayan yetkinlik yaşına çatmamış müştəri, kassadan keçmədən fərqli tarixlərdə müxtəlif çeşidli məhsulları, gündəlik ehtiyacdan artıq miqdarda oğurlayıb.
Mağaza müdiri, müştərinin yetkinlik yaşına çatmadığını və həmin andakı emosional, psixoloji vəziyyətini nəzərə alaraq valideynlə əlaqə saxlanmasını tələb edib. İlk olaraq müştərinin böyük qardaşı mağazaya gəlib və valideyn gələnə qədər onunla birlikdə mağazada gözləyiblər. Valideyn mağazaya yaxınlaşdıqda videogörüntüləri izləyib. Əməkdaşımız hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirəndə, xanım ailə vəziyyətini açıqlayaraq övladının yetkinlik yaşına çatmadığını nəzərə alaraq məsələni qarşılıqlı razılaşma ilə həll etməyi xahiş edib.
Valideyn kifayət qədər vəsaiti olmadığını əsas gətirərək könüllü şəkildə şəxsiyyət vəsiqəsini və mobil telefonunu girov qoyub, dəymiş zərərin yalnız 150 AZN-lik hissəsini ödəməyi təklif edib.
Hadisə ilə bağlı kamera görüntüləri mövcuddur və zəruri görüntülər yalnız Daxili İşlər Nazirliyinə təqdim ediləcək".
Açıqlamada qeyd edilib ki, mağaza müdiri ananın göz yaşlarına və ailə vəziyyətinə görə polisə müraciət etmədiyini bildirib: “Ana bu məsələni öyrəndiyi zaman mağazada uşağını döydü və ağlamağa başladı. Polisə zəng etməməyim üçün çox yalvardı və göz yaşı tökdü. Mən də bir ananın hayqırtısını heçə saya bilmədim. Hər birimiz bu ölkənin vətəndaşıyıq. Bu uşaqlar bizim gələcəyimizdir. Düşündüm ki, uşaq qorxub qaça və özünə hər hansı zərər yetirə bilər. Bu səbəbdən uşağın böyük qardaşı ilə birgə ananın gəlməsini gözlədik. Təəssüf ki, mən bu hadisədə özümü yox, qarşı tərəfi daha çox düşünərək, haqlıykən haqsız vəziyyətə düşdüm. Bu hadisədə kiminsə girov götürülməsindən qətiyyən söhbət gedə bilməz”.
"Oba"dan bildirilib ki, bu cür hallar heç bir halda arzuolunan deyil:
"Lakin mağaza müdiri şəxsi təşəbbüsü ilə müştərinin yeniyetmə olduğunu, valideynin övladının səhvini qəbul etdiyini və ailə vəziyyətini nəzərə alaraq məsələni yerindəcə həll etməyə çalışıb. Buna baxmayaraq, “Oba” marketlər şəbəkəsi olaraq həm əməkdaşlarımızı, həm də valideynləri və cəmiyyəti uşaqlara düzgün dəyərlər aşılamağa çağırırıq. Hadisənin həssas məqamlarını nəzərə alaraq, şirkətimiz gələcəkdə bu cür halların qarşısını almaq məqsədilə ictimai maarifləndirmə tədbirləri həyata keçirməyi planlaşdırır. Biz bu məsələdə ailəyə dəstək göstərməyə və anlayışlı olmağa çalışırıq”.
Xəbər 554 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|