Dövlət insan hüquqlarının əsas müdafiəçisidir və buna yönəlik bütün zəruri tədbirləri həyata keçirmək öz səlahiyyətləri daxilindədir. Ona görə də, sizə qarşı insan haqları pozulursa, bu halda məsuliyyəti dövlət öz üzərinə götürməyə borcludur.
İnsan hüquqlarının pozulmasına səbəb olan vəziyyət hansı hallarda yarana bilər?
Dövlət tərəfindən törədilən pozuntu (İnsan hüquqlarının pozulması) dövlətə işləyən və konkret iş üzrə hərəkətləri dövlətin hərəkəti kimi qiymətləndirilən şəxslər tərəfindən törədilə bilər. Onlar dövlət orqanlarının müxtəlif nümayəndələri ola bilərlər: dövlət qurumlarının və özünüidarəetmə qurumlarının işçiləri, polis əməkdaşları, prokurorlar, hakimlər və s.
Buna əyani nümünə: əgər, siz məhkəmə iclasında öz arqumentlərinizi ifadə etmək imkanından məhrum edilirsiniszə və prosesdə qarşı tərəfin belə imkanı olursa, o zaman ədalətli məhkəmə araşdırmasından belə söhbət gedə bilməz. Bu halda, məhkəmə ( hakim) dövlət sisteminin bir hissəsi olduğu üçün (dövlət) sizin insan hüquqlarınızı açıq şəkildə pozmuş sayılır.
Digər bir nümünə və ya baş vermiş bir hadisə mənə əsas və haqq verir ki, hüquqlarımın kobud şəkildə pozulduğunu və bunu dövlət qurumunun - BDYPİ-nin məsul şəxsi tərəfindən edildiyini iddia edim.
9 Dekabr 2023-cü il tarixdə Bakı-Astara magistral yolunun 110 km-də idarə etdiyim avtomobildə baş vermiş qəza nəticəsində avtomobilim tam yararsız vəziyyətə düşüb. Həmin gün avtomobilim inzibati qaydaya uyğun olaraq, BDYPİ-nin Sərçuvar postunda (Masallı r-nu) cərimə meydançasına evakuator ilə yerləşdirilib. 26 yanvar 2024-cü il tarixdə avtomobilim təmir edilmək üçün evakuatorla sığorta şirkətinin avtoservizinə, sonra isə Sumqayıt şəhər 41a məhəlləsində yerləşən avtotəmir servisinə gətirilib. Bundan sonra başı bəlalı avtomobil təmirsiz vəziyyətdə həmin servisin qarşısında BDYPİ əməkdaşının radarına “tuş” gəlir.
30 yanvar 2024cü il tarixdə, saat 19:25-də mənə SMS gəldi. SMS-də deyilir: 99PG474 NV-si 50 AZN inzibati xəta törətmişdir. Tarix: 30.01.2024 19:25.İXM 339.1.1 status:
Yuxarıda qeyd edilən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin
339.1-1.maddəsində göstərilir: Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 saylı Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”-nin təsdiq edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərarın 3-cü maddəsinin 1-ci bəndinə görə;
- Nəqliyyat vasitələrinin sahibləri (səlahiyyətli olan şəxs), onlara məxsus nəqliyyat vasitələrini dövlət texniki baxışına texniki cəhətdən saz vəziyyətdə təqdim etməyə borcludur;
- Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarət qaydaları barədə təlimatın 1.3 bəndinə görə, DYP-nin texniki nəzarət üzrə əsas vəzifəsi yol hərəkəti təhlükəsizliyinin və nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə istismar olunmasının təmin edilməsidir.
Həmin təlimatın 1.4 bəndinə görə, hüquqi və fiziki şəxslər yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş texniki tələblərə və bu tələblərin icrası üzrə DYP-nin göstərişlərinə riayət etməlidirlər. Burdan belə bir sual yaranır: biz sürücülər (bütün sürücülərə şamil etmirəm) çalışdığımız qədər qaydalara riayət edirik. Qaydalara riayət etmədiyimiz halda cəriməni ya canımızla, ya da malımızla ödəyirik.
Baxaq, dövlət texniki baxışının keçirilməsinin məqsədləri nələrdir?
Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarət qaydaları barədə təlimatın 2-ci bəndində ətraflı qeyd edilir;
2.1. Nəqliyyat vasitələrinin texniki vəziyyətinin qüvvədə olan hərəkət təhlükəsizliyi qaydalarının, normativlərinin və standartlarının tələblərinə müvafiq olmasına nəzarət etmək;
2.2. Nəqliyyat vasitələrinin mənsubiyyətini, sayını və digər qeydiyyat məlumatlarını dəqiqləşdirmək;
2.3. Nəqliyyat vasitələri ilə bağlı cinayət tərkibli hadisələrin və inzibati xətaların qarşısını almaq;
2.4. Qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə: müvafiq kateqoriyalı (аltkateqoriyalı) və etibarlılıq müddətli sürücülük vəsiqəsinin, qeydiyyat şəhadətnaməsinin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən utilizasiya haqqının ödənilməsi barədə sənədin olmasına, həmçinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsinə nəzarəti təmin etməkdir.
Qanunda göründüyü kimi, texniki baxışdan keçirmədən avtomobili idarə etməyə görə cərimə tətbiq olunur, amma mənə cərimə tətbiq edən məmur təsdiq edib ki, guya nəqliyyat vasitəsini idarə etdiyim zaman cərimə protokolu tərtib edilib. Həmin “məmura” sual verirəm: avtomobili o vəziyyətdə idarə etmək mümkündürmü?
Digər tərəfdən, qanunda deyilir ki, vətəndaş ona məxsus nəqliyyat vasitələrini dövlət texniki baxışına texniki cəhətdən saz vəziyyətdə təqdim etməyə borcludur.
BDYPİ-nin bu “məmuru” isə, cərimə tətbiq edəndə sözügedən avtomobilin yararsız vəziyyətdə olduğunu görə-görə mənə protokol tərtib etməklə hüquqlarımı kobud şəkildə pozmuşdur. AR Inzibati Xətalar Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndinə görə, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar.
Məsələ ilə bağlı BDYPİ-nin qanyar xəttinə (902) dəfələrlə zəng etdim. Təəssüf ki, 902-dən nə qaynarlıq, nə də ilıqlıq gördüm, gördüyüm – lal-karlıq oldu – cavab verən olmadı. Bu, heç şübhəsiz, bir dövlət qurumunun vətəndaşa (əslində isə, özünə və birbaşa bütün dövlət idarəçiliyinə) çox böyük sayğısızlığı, eyni zamanda kobud hüquq pozuntusudur. Məcbur olub tədbir görülməsi barədə DİN-nin 102 xidmətinə zəng etdim. Dinlədilər, lakin nəticə verib-verməyəcəyi bəlli deyil...
İndi təsəvvür edin, hər gün neçə-neçə sadə ölkə vətəndaşı bu və buna bənəzər qanunsuzluqlarla qarşı-qarşıya qalır. Qanun bunumu tövsif edir? Əlbəttə, yox! Bu, hər şeydən əvvəl qanunlara, bu qanunları icraya yönəldənlərə və təbii ki, ən sonda dövlətin özünə qarşı ən böyük hörmətsizlikdir. Vətəndaşları öz dövlətindən, dövlət hakimiyyətindən narazı salmağın bariz nümunəsindən biri də bu. Əfsuslar olsun ki, biz həm də bu sayaq idarə olunuruq.
İlhamə Səmədova
hüquqşünas
Xəbər 4077 dəfə oxunub.