Düzü, 2022-il ildə 70 yaşım tamam olanda jurnalistika ilə vidalaşmaq istəyirdim. Lakin, ad günümə 2 ay qalmış şərlənib həbs olunmağım, 2 gündən sonra isə azad olunmağım vəziyyəti dəyişdi. Düşündüm ki, belə məqamda rayonla, həm də jurnalistika ilə vidalaşmağım o anlama gələr ki, “2 gün həbsdə qaldı “dözəmmədi zindana”.
Bəziləri hətta üzümə deyirdi ki, nə oldu, qorxdun? Dedim, bəli, qorxdum. Amma həbsxanadan yox, dost bildiyim, arxa bildiyim bəzi “şəxsiyyətlərin(ciyəzlərin)”, rayon dolusu “şan-şöhrəti”, sinə dolusu orden-medalı olanların riyakarlığından, filan-filan şura sədrlərinin “siçan” deşiyinə necə girdiyindən (hələ də çoxları oradan çıxmayıb), o vaxtki rəhbərliyin xoşuna gəlmək üçün “müdrikcəsinə” miskinlik və rəzillik donuna girib xalqa yalandan mərdlik, kişilik dərsi keçmələrindən “qorxdum”. Dar günümdə itkin düşüb, ad günümdə, şad günümdə bitənlərdən qorxdum.
Heç kimdən küsməmişəm, ruhdan da düşməmişəm. Sadəcə ataların
“O yerdə ki Yağla Şorun qiyməti bilinmədi, oradan qaç qurtar” məsəlinin bariz nümunəsini görüb, bu qərarı verdim.
Əslində heç nə gözlənilməz deyildi. Ancaq inana bilmirdim ki, bu boyda “adamlar” bu qədər nimdaşlaşa, ucuzlaşa bilər.
Gördüm ki, əyalət jurnalistikası hamının gözü qarşısında can verir. Nə tariximizi, nə mədəniyyətimizi vecinə alan yoxdur. Bir ağsaqqal demişkən, kiminsə əli heç yerə çatmyanda, ya molla olur, ya jurnalist. Necə deyərlər, indi jurnalist "libasında" Həsən də qəlyan çəkir, Hüseyn də qəlyan çəkir.
Əvvəl ancaq tərif yazanları qınayırdım. Sonra gördüm ki, onlar tərif bazarının damarın yaxşı tutublar. Tərif xəstələri o qədər çoxalıb ki, tərcümeyi-hal, başsağlığı “jurnalistikasl” o qədər artıb ki, onlar da həmin bazara işləyirlər. Çıraqla axtarsan, əyalət mətbuatında (qələm dostlarım İldırım Şükürzadə, Xodaşirin və bir neçə nəfər istisna olmaqla) araşdırma yazıya rast gəlməzsən.
Nöqsanlara baxış dəyişib və daha da maraqlı forma alıb - əvvəl tənqid yazmağa imkan vermirdilər, indi bəzi noqsanları hətta hökumət TV kanalları daha kəskin tənqid edir, sadəcə əhəmiyyət verən yoxdur, yəni nə danışırsan, danış, nə yazırsan, yaz.
Az-maz normal qabiliyyəti olanlar Savadını da, Cəsarətini də... satışa çıxarıb. Yazı yazmaq yox, indi yazdığını silmək (kobud da səslənsə də, "tüpürdüyünü yalamaq") hünər, çörək yeri sayılır, Həyasızlıq getdikcə daha güclü silah olur. Nə isə...
Rayondan getsəm də, jurnalistikadan tam getmirəm. Operativ jurnalistika ilə fiziki imkanlarımla bağlı bir qədər vidalaşsam da, arabir araşdırma yazılarıyla, bəzi replikalarla görüşünüzə gələcəyəm. Əsası isə insanların hər şeyə hədsiz biganəliyi, pölüşkəmiş insanların meydan sulamağı, çəkilən əziyyətlərə dəyər verilməməsi adamı çox işdən soyudur.
Əsas hədəfim isə 30 ildən artıq bir müddətdə intensiv şəkildə məşğul olduğum jurnalist fəaliyyətim barədə kitab yazmaq, yüzlərlə araşdırma yazılarımı, ölkənin 50-dən artıq tanınmışı ilə aldığım müsahibələri, bu gün də təsirini itirməyən, verdiyim mövzular üzrə çəkilən karikaturaları... kitab halına salmaq istəyirəm.
Rayondan köçən zaman isə özümlə götürdüyüm əsas “yük” bu müddətdə rəhbərliyimlə işıq üzü görən 400-dən artıq müstəqil qəzetlərdir.
Kimsə düşünməsin, rayondan qaçdım. Yox, özümdən qaçdım, 5-10 qat maskalanmış adamlardan qaçdın.
Hər yerdə olduğu kimi 230 minlik Masallıda da çox Savadlı, Məntiqli, Cəsarətli ...insanlar var. Lakin onların bu cəsarəti ofislərindən, evlərindən... kənara çıxmır. Bir də onların özünə toxunanda cəsarəti, qeyrəti "fontan" vurur. (Hərəsinin öz "həyasızı", öz "üzəduranı", öz "reketi" var) Bir “bəyənmə” düyməsin basmağa cəsarəti çatmayanlar, savadına, təcrübəsinə çirkinliklərdən təzə don geyindirənlər bizə qəhrəmanlıq dərsi keçir.
Təvazökarlıqdan çox-çox kənar olsa da, V. Hüqonun“Dahilər kəndlərdə doğulur, şəhərlərdə ölür” deyimi ilə özümə təsəlli versəm də, bir müddət kənarda qalmağa, unudulmağa qərar verdim. (Rəhbərliklə çox normal münasibətlər olsa da, hər hansı təzyiq filan olmasa da...)
Eyni vəzifələrdə eyni sifətlərə baxmaqdan bezdik. Neynəyək ki, Ağıllılıq xəstəliyinə tutulanlar, Cəsarətsizliyinə müdriklər donu geyindirənlər, Taleyi ilə barışanlar, hətta Acizliyi ilə fəxr edənlər günbəgün çoxalır ki, azalmır.
Qıcqırmış vicdanları ilə mühüm postları illərlə zəbt edənlər, hər başçıya yarayanlar hələ də yuxarı başda oturur, bu günləri də belə, ölümdən sonrakl günləri üçün baza yaradırlar - fəxri ad, Həcc, Kərbala ziyarəti, özləri haqqında, büst, kitab, kino... Dünən mənə yalandan filankəsdən yazma, bu başqa adamdır və sair deyənlər, mən susub yazmayanda, adama heç salam vermirlər. (Yəni, əslində onların “yazma” deməsinin tərcüməsi, "daha kəskin yaz" demək idi). Nə isə. Söhbət çox uzandı. Bir az dincələk. Həyat bir günlük, beş günlük deyil.
Meydanı sizə verdik. Görüşənədək. Arzu etdiklərinizi tapa, oxuya bilməsəniz, uzaqda deyilik.
Zahir Əmənov
Cenub.az
(“Getdim” deyəndə, elə də uzağa getməmişəm, sadəcə Masallıdan Bakıya köçdüm)
Xəbər 4246 dəfə oxunub.