01.02.2022 14:08
Deputatlar cərimə artımına etiraz etdi
“Bakıda 1 milyona qədər avtomobil var, ancaq şəhərdə parklanma yerlərinin sayı 20-30 min arasındadır. Bəs vətəndaş avtomobilini harada saxlasın? Avtomobili saxlamağa yer yoxdursa, cərimələr niyə artırılır, vətəndaş nə etsin?”
Bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib.
Bu sahədə cərimələrin artırılmasının yolverilməz olduğunu vurğulayan F. Mustafa deyib ki, Bakıdan Şamaxıya qədər yollar sarı xətdir:
“İndi necə edək, Bakıdan Şamaxıya qədər yolda avtomobili saxlamayaq? Cərimələrin artırılması ilə pis vəziyyətdə qalan vətəndaş olacaq. Azərbaycanda alternativ tramvay, trolleybus xətləri var? Burada siyasət dəyişməli və tamamilə yeni baxış ortaya qoyulmalıdır”.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev nəzərə çatdırıb ki, səkilərin yaxınlığında avtomobillərin saxlanılmasına görə 40 manat cərimənin tətbiqi ciddi problemlər yaradacaq:
“İstanbulda qar yağdı, şəhər bir həftə iflic vəziyyətində qaldı. Bakıda qar yağsa, yol işarələri necə görünəcək? Yolların kənarında parklanmaya gəlincə, bəzi yerlərdə ciddi tədbirlər görülməlidir ki, piyadalara mane olmasın. Ancaq elə yerlər var ki, səki genişdir, avtomobil saxlananda piyadalara mane olmur. Bakıda cəmi 20 minə qədər parklanma yeri var. Mən komitədə qanun layihəsinin müzakirəsindən sonra çıxdım, Mətbuat prospektində yol kənarında yüzlərlə avtomobil saxlanmışdı. Bu qanun layihəsində bu məqamlarla bağlı ciddi düşünməli, tələsməməliyik. Bu qanun tək Bakı yox, bütün Azərbaycan üçün qəbul olunur. Vətəndaşların indiki inflyasiya şəraitində belə maddələrin qəbulunu gələcəyə saxlamalı, indiki şəraitdə layihədən çıxarmalıyıq”.
Deputat Fəzail Ağamalı da Bakıda parklanma sahəsində ciddi problem olduğunu vurğulayıb:
“Yeganə həll yolu Bakıda uzunmüddətli parklanma yerlərinin yaradılmasıdır. Geniş meydanların, küçələrin altında da parklanma yerləri yaradıla bilər. Bunun şəhərsalma sisteminə daxil etməklə həll edə bilərik. Bakıda kanalizasiya və parklanma problemləri şəhər üçün iki ciddi problemdir, bunları sistemli həll etmək lazımdır. Heç bir cərimə, inzibati tədbirlər belə parklanmanın qarşısını ala bilməyəcəyik. Sürücü yolda düşüb kioskdan qəzet alanda avtomobilə cərimə gəlir. Bu, düzgün deyil. Bir dəqiqə, 5 dəqiqəyə saxlanmaya görə belə cərimələr yolverilməzdir. Xüsusən, təhsil müəssisələrinin qarşısında avtomobilin bir-iki dəqiqəyə görə saxlanılması ciddi narazılıq yaradır”.Bakupost.az
Xəbər 1589 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|