25.09.2021 13:24
Maaşlar yerində sayır, xərclər isə durmadan artır...
Artıq 2 ildən çoxdur Azərbaycanda minimum əməkhaqqı artırılmır və 2 ili aşır ki, minimum maaşlar yerində saysa da, xərclər durmadan artır.
Azərbaycanda minimum maaşların artırılması ilə bağlı sonuncu sərəncam 2019-cu il iyunun 18-də imzalanıb. Həmin sərəncamda ölkədə minimum əməkhaqqı məbləğinin 2019-cu il sentyabrın 1-dən 180 manatdan 250 manata yüksəldilməsi nəzərdə tutulmuşdu. Bu o deməkdir ki, artıq 2 ildən çoxdur Azərbaycanda minimum əməkhaqqı artırılmır və 2 ili aşır ki, minimum maaşlar yerində saysa da, xərclər durmadan artır. Qiymət artımlarını ərzaqdan kommunal xidmətlərədək bütün sahələrdə müşahidə etmək olar.
Minimum əməkhaqqı niyə önəmlidir?
Əmək Məcəlləsinə görə, minimum əməkhaqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyənləşdirən sosial normativdir.
İqtisadi nəzəriyyə baxımından minimum əməkhaqqı tələbi əməyin istismarının və haqsız rəqabətin qarşısının alınması, əmək haqlarının qorunması, gəlir bölgüsündə ədalətin təmini və yoxsulluğun azaldılması istiqamətlərində müsbət təsir imkanlarına malikdir.
Azərbaycanda da minimum maaş muzdla çalışan əhalinin ciddi bir hissəsinin gəlirinə təsir göstərir. 2019-cu ildəki minimum əməkhaqqı artımından sonra rəsmi açıqlamada qeyd edilmişdi ki, minimum əməkhaqqındakı dəyişiklik dövlət sektorunda çalışan 450 min, özəl sektorda çalışan 150 min və toplam 600 min insanın gəlir səviyyəsinə birbaşa təsir edib.
Həmin dövrdə ölkə iqtisadiyyatında muzdla çalışan işçi sayının 1 milyon 534 min nəfər olduğu nəzərə alınsa, bu o deməkdir ki, minimum əməkhaqqının artımı ölkədə bütün muzdla çalışan işçilərin təxminən 40 faizinin gəlirinə birbaşa təsir göstərib.
Dövlət Statistika Komitəsinin rəqəmlərindən aydın olur ki, elə indi də əhalinin yarısına yaxını minimum əməkhaqqına yaxın maaş əldə edir.
Qurumun ötən ilin noyabrında tam əməkhaqqı alan işçilərin maaşları əsasında apardığı hesablamaya görə, ölkədə əməkhaqqı ilə işləyən təxminən 1 milyon 700 min şəxsin hər dörd nəfərindən biri – 26.5 faizi 300 manatdan az maaş alır.
Bu şəxslərin 3.2 faizinin maaşı hətta minimum əmək haqqından da (250 manatdan da) aşağıdır. Rəsmi məlumatlardan aydın olur ki, işçilərin 61.4 faizinin aylıq maaşı 500 manatdan azdır. Ölkədə dörd rəqəmli əməkhaqqı alan, yəni maaşı min manatı aşan şəxslərsə bütün işçilərin cəmi 12 faizidir.
Kommunal xərclər nə qədər artıb?
Bu il Azərbaycanda bahalaşma ili kimi yadda qalacaq. Axı ilin elə ilk günündəcə Tarif Şurası Aİ-92 markalı benzinin qiymətinin 90 qəpikdən 1 manata, dizel yanacağının qiymətininsə 60 qəpikdən 80 qəpiyə yüksəldilməsinə qərar vermişdi. Bir müddət sonra Tarif Şurası bu dəfə su təchizatı və tullantı sularının axıdılması qiymətlərini 2 dəfə artırmışdı.
Yeni qərara görə, bir kubmetr su təchizatının qiyməti 35 qəpikdən 70 qəpiyə, tullantı sularının axıdılması xidməti isə 1 kubmetr üçün 15 qəpikdən 30 qəpiyə yüksəldildi. Bu müddət ərzində qiyməti bahalaşanlar arasında təbii qaz da var. Əgər Tarif Şurasının 30 iyundakı qərarınadək Azərbaycanda 2 min 200 kubmetrədək istehlak edilən qazın hər kubmetri 10 qəpiyə satılırdısa, həmin qərardan sonra limit 50 faizə yaxın azaldılaraq 1 min 200 kubmetrə endirildi.
Yanacar və kommunal xidmətlərin qiymətindəki artımın insanların gəlirlərinə təsiri rəsmi statistikada da əksini tapıb. Rəsmi rəqəmlərə görə, əgər 2019-cu ildə ölkə üzrə ev təsərrüfatlarının ay ərzində kommunal xidmətlərdən və yanacaqdan istifadəyə görə adambaşına ortalama xərci 22 manat 60 qəpik idisə, ötən il bu rəqəm 23 manat 50 qəpik olub.
Bu ilin ilk altı ayı ərzində həmin göstərici bir az da yüksələrək 25 manat 20 qəpiyi haqlayıb. Bu o deməkdir ki, son 2 il ərzində adambaşına düşən kommunal və yanacaq xərcləri 2 manat 50 qəpik və ya 11 faiz artıb. Bu müddət ərzində kommunal xidmətlərə və yanacağa çəkilən xərclərin Azərbaycanda adambaşına düşən xərcdə xüsusi çəkisi də 7.56 faizdən 8.37 faizə yüksəlib.
Bəs ərzaq məhsulları?
Azərbaycanda əhalinin xərclərinin əsas hissəsi ərzaq məhsulları ilə bağlıdır. Rəsmi rəqəmlərə görə, vətəndaşların xərclərinin tən yarısı ərzağa gedir. Rəsmi statistika ərzaq məhsullarının da, durmadan bahalaşdığını göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin avqustunda qida məhsullarının qiymətləri 2020-ci ilin avqustuyla müqayisədə 7.8 faiz yüksək olub. Ayrı-ayrı məhsul növləri üzrə qiymət dəyişikliklərini gözdən keçirəndə görünür ki, son iki il ərzində Statistika Komitəsinin qiymətlərini ölçdüyü 137 məhsuldan 71-də, yəni bütün məhsulların yarısından çoxunda bahalaşma dərəcəsi iki rəqəmli həddə çataraq 10 faizi aşıb. /Azadlıq radiosu/
Xəbər 2807 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|